Bu gün, fevralın 25-i filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anım günüdür.

Arazpress.com bildirir ki, Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1950-ci ildə Qovuşuq kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon Xalq Maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. 1959–1962-ci illərdə ADPU-nun Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin universitetdə çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləyib.

H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınıb. Xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görkəmli alimin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olub.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Görkəmli türkoloq Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!
Hörmət və ehtiramla anırıq!

araz.az xəbər portalı.