Baxıram ki, hər kəs, xüsusilə jurnalistlər, sosial media səhifələri alimlərin fotolarını paylaşıb, məsxərəyə qoyurlar. Sanki yarışa çıxıblar. Bir adam fikirləşmir ki, bütün kütlə alimlərə qarşı səfərbər olubsa, deməli, məsələ başqadır. Bu, etik deyil, ən yaxşı halda utanvericidir.

Bu ölkədə ən istedadsız, hətta ali təhsili olmayan jurnalistlər də ən istedadlı alimlərdən daha çox pul qazanırlar. Təkcə bir qurumdan şantajla müqavilə bağlayıb, alimin bir aylıq maaşını alırlar. Fotodakı o alimlərin içərisində 700 manat maaş alan, qızına cehiz almaq üçün illərlə kredit ödəyən, nəvələri, gəlini ilə bir otaqlı evdə yaşayan adamlar var. Tanıyıram. Bəli, onların da arasında varlıları var, amma sizin hədəfiniz onlar deyil.

Alimləri məsxərəyə qoyan jurnalistlərin içərisində isə elələri var ki, alimin bir aylıq maaşını bir gündə xərcləyir. Hansı jurnalist o alimlərdən az qazanır?! Ayda 700-1000 manat maaş alan alimlərdən nə gözləyirsiniz, Eynşteyn olmalı idilər? Düz eləyib yatıblar.

Toliki görəndə 90 dərəcə bucaq altında şəxsiyyətinə dombalaq əmri verən və baboşsevər kütləyə niyə alimləri söydürürsünüz? İndi bir jurnalist əlini qaldırıb desin ki, o alimlərin heç olmasa ən balacası qədər intizama, ədəbə, etikaya və xidmətə sahibdir. Bu ölkədə bircə gün alim kimi yaşasanız, hakimiyyəti topa tutarsınız. Siz dövlətə də, xalqa da yaxşı yaşadığınıza görə “sadiqsiniz”. Gününüz restoranlarda, tədbirlərdə, səhər yeməklərində, məmurların qapısımda keçir. Ayıb deyilmi?!

Ötən il bir professorla səhər yeməyində görüşməli idik, iki nəfərlik menyu 35 manat idi. Ofisiant mürəbbələri, cürbəcür pendirləri, yağı, balı, çörəyi sürətlə masaya düzməyə başladı. Professorun narahat olduğunu gördüm və mənə məzlum şəkildə dedi ki, “oğlum, pendir-çörək bəs edər, o birilərini aparsınlar, sənə yük olacaq, hər biri artıq puldur…”.

İndi başa düşürsünüz nəyi deyirəm? Adam ömür boyu səhər yeməyində olmayıb, gətirilən yeməklərin bir menyuda olduğunu bilmir. Maşallah, sizlər hər gün bir şirkətin, bir qurumun səhər yeməyində xüsusi əda ilə fotolar paylaşırsınız.

Sizlərdən dəyər qoruyan olar? Elə alimləri də məqsədli şəkildə sizlərə söydürürlər. Mənəvi məsələləri bu qədər ayaq altına atıb tapdalamaq olmaz, axı. Ramiz Mehdiyevə, Akif Əlizadəyə, İsa Həbibbəyliyə gücünüz çatmadı, amma mağmın alimlərə gücünüz çatır. O alimlərin ölüsü sizlərdən daha faydalıdır.

Samir FEYRUZOV 

araz.az xəbər portalı.