
Son illər dünyada yüksək rəqəmsal texnologiyaların, süni intellektin sıçrayışlı inkişafı qlobal siyasətin də strukturunu, dövlətlərin idarəetmə sistemlərini və milli təhlükəsizliyini də kökündən dəyişməkdədir. Müasir proseslər belə onu göstərir ki, süni texnologiyalar artıq kibercinayətkarlıq və kiberhücumlarla yanaşı, hərbi sənayenin də bir elementinə çevrilib.
İnformasiya müharibəsi ilə yanaşı, kiberorduların yaranması artıq reallıqdır və proksi-hücumların təşkili, müxtəlif strateji məntəqələrin rəqəmsal silahlarla sıradan çıxarılması halları artmaqdadır. Məhz rəqəmsal bazalar əsasında hansısa dövlətin informasiya ehtiyatlarının və məxfi, xüsusi mühafizə olunan strateji məlumatlarının, ələxsus da hərbi sirlərinin ələ keçirilməsi nəticəsində həmin dövlətin ən strateji obyektləri hədəfə alınır, ən vacib strateji hədəfləri və şəxsləri sıradan çıxarılır.
Qonşu İranda və yaxın regionlarda baş verən toqquşmalar zamanı rəqəmsal və süni intellekt texnologiyalarının hansı yüksək rola malik olduğunu bir daha göstərdi. Bütün bunlar onu təsdiqləyir ki, müasir rəqəmsal texnologiyalar dövlətlərin milli informasiya sistemlərinin mühafizəsi, təhlükəsizliyi və suverenliyinin qorunması baxımından olduqca vacibdir.
Bu nöqteyi-nəzərdən Cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik qərarları sayəsində, Azərbaycanda kibertəhlükəsizlik risklərinin qarşısını almaq, etibarlı mühafizə etmək üçün möhkəm ekosistem qurulub. Dövlət başçısının Fərmanı ilə bir neçə gün əvvəl yaradılan yeni qurum — Rəqəmsal İnkişaf Şurası isə, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi baxımından olduqca mühüm və vaxtında atılmış addım hesab edilə bilər.
Şuranın sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təyin edilməsi isə, ən düzgün seçim olmaqla, qarşıya qoyulan məqsədlərə maksimum çatmağa imkan verəcək. Mehriban Əliyevanın Azərbaycanın ictimai, humanitar, sosial sahələrində dövlət idarəçiliyinin təkmilləşdirilməsində, yeni şəffaf modelin qurulmasında fəaliyyəti hər kəsə məlumdur.
Ona görə də, onun Rəqəmsal İnkişaf Şurasının rəhbəri kimi fəaliyyəti Azərbaycan öz rəqəmsal müstəqilliyini, informasiya təhlükəsizliyini və milli təhlükəsizlik arxitekturasını daha möhkəmləndirəcək.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.