
ABŞ-da keçirilən növbəti qaydasız döyüş yarışması bir daha göstərdi ki, müasir dünyada “idman” adı altında əsl vəhşilik nümayiş olunur. Bu dəfə rinqdə qalib gələn tərəf həmyerlimiz Tofiq Musayev olsa da, diqqət çəkən əsas məqam qələbədən çox, döyüşün özü və onun doğurduğu suallar oldu.
Rinqin döşəməsində qan gölməçələri, idmançıların üzündə və bədənində açıq yaralar, buna baxmayaraq döyüşün davam etdirilməsi. Bu mənzərə XXI əsrin “sivil dünyası” üçün ciddi sual doğurur. Əgər idman insan sağlamlığını, fiziki və mənəvi inkişafı təbliğ etməlidirsə, bu görüntüləri necə izah etmək olar?
Özünü insan haqları və demokratiya nümunəsi kimi təqdim edən ABŞ üçün belə səhnələr xüsusi ilə ziddiyyətlidir. Bir tərəfdən dünyaya etik dəyərlərdən dərs keçmək iddiası, digər tərəfdən isə açıq şəkildə insan sağlamlığını riskə atan və tamaşa elementinə çevirən döyüşlərə ev sahibliyi etmək – bu, açıq ikili standart deyilmi?
Bəziləri bunu “peşəkar idman” və “idmançıların seçimi” kimi əsaslandırmağa çalışır. Lakin sual dəyişmir: hansı nöqtədən sonra bu artıq idman yox, sadəcə kommersiya naminə sərgilənən zorakılığa çevrilir?
Tarixdə qladiator döyüşləri var idi – bu gün biz onları vəhşilik kimi qiymətləndiririk. Bəs fərq nədədir? Sadəcə arena dəyişib, qaydalar yazıya alınıb və hadisə televiziya ilə yayımlanır. Amma mahiyyət, insanın fiziki məhvinin tamaşa obyektinə çevrilməsi eyni qalır.
Bu cür yarışlar təkcə idman deyil, həm də cəmiyyətin dəyərlərinin güzgüsüdür bə bu güzgüdə görünən mənzərə heç də ürəkaçan deyil.

Məhəmmədəli QƏRİBLİ
P.S. Təəssüf ki, döşəmədəki qan gölməçələrinin açıq göründüyü fotolar “feysbuk”un xəbərdarlığından sonra silinməli oldum. Döyüşün videosunu şərh bölməsində paylaşıram.
araz.az xəbər portalı.