Türkiyə–Ermənistan münasibətlərinin normallaşması Azərbaycanı narahat etmir. Hətta bu proses Bakının maraqlarına uyğundur. Ermənistan–Azərbaycan sülh prosesi və Ermənistan–Türkiyə normallaşma prosesi paralel şəkildə gedir. Ankara və Bakı strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun olaraq, həm də ortaq maraqlar kontekstində bu və digər məsələlərlə bağlı intensiv təmasdadır. İstər rəsmilər, istərsə də liderlər arasında danışıqlar və görüşlər baş tutur.

Lakin Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıçın Ermənistana son səfəri zamanı dedikləri birmənalı qarşılana bilməz. Məsələn, erməni jurnalistin “Ermənistanda özünüzü necə hiss edirsiniz?” sualına Serdar Kılıç “Evimdəki kimi. Bu, sadəcə söz deyil. Burada özümü evimdəki kimi hiss edirəm” cavabını verib. O, həmçinin “Rubenə 30–40 təklif verdim, onların heç biri Türkiyə üçün faydalı deyildi. Əsas məqsədim Ermənistanın rifahına töhfə vermək idi” deyib.

Serdar Kılıç özünü Ermənistanda evindəymiş kimi hiss edə bilər. Lakin sual yaranır: onun evində Türkiyə bayrağı yandırılırmı? Bunu ona görə deyirəm ki, 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı hər il olduğu kimi Türkiyə bayrağı yenə yandırıldı. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələni qətiyyətlə pisləyib.

Azərbaycandan bəhs etmişkən, Serdar Kılıçdan fərqli olaraq Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev də bu yaxınlarda Ermənistana səfər edib. Qeyd edim ki, Şahin Mustafayev Ermənistanda doğulub və erməni dilini səlis bilir. Buna rəğmən, Şahin Mustafayev ölkənin maraqlarına xələl gətirəcək və diplomatik üslubu pozacaq addım atmadı.

Görünür, Serdar Kılıçın ermənilərə münasibəti diplomatiyadan daha artıqdır. Serdar Kılıç əslən erməni deyil, Samsunda dünyaya gəlib və türkdür. Lakin 2008–2010-cu illərdə Beyrutda səfir kimi fəaliyyət göstərib. Görünür, onun ermənilərlə əlaqəsi də bu dövrə təsadüf edir. Hətta ermənilərin rəğbətini elə qazanıb ki, 2014–2021-ci illərdə o, Vaşinqtonda səfir vəzifəsində də çalışıb. Livan və ABŞ düyada erməni diasporunun ən aktiv və ən fəal olduğu ölkələrdir. Əslində, bu iki detal belə onun özünü Ermənistanda niyə “evindəki kimi” hiss etdiyini izah edir.

Bütün hallarda Serdar Kılıçın Ermənistandakı çıxışı və dedikləri türk diplomatına yaraşan tərzdə deyil. Xüsusilə də qısa müddət əvvəl İrəvanda Türkiyənin ən müqəddəs dəyərlərindən biri olan Türkiyə bayrağı yandırılmışkən.

Son olaraq qeyd edim ki, Serdar Kılıç özünü İrəvanda evində hiss etsə də, gerçək evi Samsundadır. Samsunda dünyaya göz açan Serdar Kılıç unutmamalıdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşa məhz Samsuna ayaq basaraq İstiqlaliyyət hərəkatına başlayıb və həmin hərəkat çərçivəsində Şərqi Anadolu ərazilərini erməni işğalından azad edib.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.