
Saxta dərmanlar tərkibi uyğunsuz təhlükəli maddələrdən hazırlanır və insan həyatı üçün ciddi təhlükələr yaradır. Bu qlobal problem əsasən onlayn platformalar və ya nəzarətsiz təchizat zəncirləri vasitəsilə yayılır. Əslən Quba rayonunun Digah kəndindən olan Rusiya vətəndaşı Alibek Kurbanovun nəzarətindəki cinayətkar şəbəkənin müxtəlif qanunsuz əməlləri barəsində Arazpress.com-un dərc etdiyi ayrı-ayrı yazılarda şəbəkənin ən fəal üzvü Sevda Alibekovnanın adı saxta dərman istehsalı təhlükəsində də hallandırılır.
Rusiyanın ayrı-ayrı yerlərində və Azərbaycanda törətdiyi cinayətlərə görə ciddi ittiham olunan, buna görə hər iki ölkənin tanınmış televiziya proqramlarında tamaşaçıların qarşısına çıxarılan Alibek kimi, qızı Sevdanın atasından betər qanunsuz əməllər sahibi olduğunu bu günlərdə mətbuatda dərc olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi məlumatı bir daha təsdiq etdi. İctimaiyyətdə tam əminlik yarandı ki, Sevda Alibekovnanın qanunsuz fəaliyyəti barəsində yazdıqlarımız həqiqətdən uzaq deyil.
Həmin məlumata görə, “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də aparılan yoxlama zamanı klinikada ciddi nöqsanlar aşkar edilib. Klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Kurbanova (Ağazadə) Alibekovna əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub. Buna görə də, rəsmi adı “Dünya Estetik Azərbaycan” olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. Məlum olub ki, 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.
Qeyd edək ki, aşkarlanan bu cür ciddi nöqsanlara baxmayaraq, “Dünya Estetik Azərbaycan”ın, yəni kosmetik adı “Leyla Medical” olan şirkətin rəhbərliyi heç nəyi vecinə almır və Sevda Alibekovnanın kefinə dəyən də yoxdur. Özünün dediyi kimi, öz işində, öz gücündədir. Məlum maddələrin tələbləri və 6000 manat cərimə də onu narahat etmir. Çünki atası kimi, özü də hər yerdə qorxub-çəkinmədən deyir ki, onların arxasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Avropa Universal Döyüş Federasiyasının prezidenti, əczaçılıq elmləri namizədi, ehtiyatda olan hərbi zabit, general-mayor Natiq Əliyev kimi nüfuz sahibi dağ kimi dayanıb. Onların heç kəs yel olub yanından keçə bilməz.
Xüsusi olaraq bir daha qeyd edirik ki, həmin rəsmi məlumat Sevda Alibekovnanın səhiyyə sahəsinə aid digər tibbi fəaliyyətlərinin qanunsuz olması barəsində yazdıqlarımızın da təsdiqidir. Doğrudan da, tibbi normalara görə, irinli yara və göbələk infeksiyaları ilə məşğul olan “podoloq” kabinetinin cərrahi steril zona tələb edən stomatologiya kabinetləri ilə qonşuluğu, konkret desək, eyni mərtəbədə yerləşməsi, üstəlik, belə xəstələrin belə bir yerdə qəbulu xarakteri yolverilməz ən dəhşətli faktdır. Ümumiyyətlə, atasının cinayət yolunu “layiqincə” davam etdirən, adını çəkdiyimiz klinikada qeydiyyatçı kimi rəsmiləşdirilən bu şəxsin, farmakologiyadan bixəbər olsa da, “tibb mütəxəssisi obrazı” arxasında gizlənərək, “Leyla Medical Center”də 2000 manata (?!) kirayəyə götürdüyü obyektdə özünü tanınmış bir podoloq — ayaq mütəxəssisi kimi pasiyentlərə sırıması, burada internet üzərindən götürdüyü tərkibdə mənşəyi məlum olmayan saxta dərman istehsalı ilə məşğul olması birbaşa törədilən cinayət, daha dəqiq desək, pasiyentlərin, xüsusən də, uşaqların sağlamlığını riskə atan təhlükəli sanitar-epidemioloji terrordur. Həm bu obyektdə, həm də ev şəraitində yaratdığı “gizli laboratoriyasında” dövlət qeydiyyatından keçməyən, laborator sınaqlardan çıxmayan və müalicəvi təsiri olmayan “Bi-balzam” adlı saxta dərman preparatının qanunsuz istehsalına və alverinə girişməsi isə, həm vergi cinayəti, həm də insanların zəhərlənməsinə yol aça biləcək ciddi bir təhlükədir. Çünki belə dərman preparatları bizim kor-koranə etibar etdiyimiz, canımızı tapşırdığımız elementlərdir. Bəs, bu və buna bənzər digər elementlər lisenziyasız, nəzarətsiz və qanunsuz şəkildə hazırlandıqda nələr baş verir? Konkret olaraq qeyd edirik ki, bunun dəhşəti həmişə göz qabağında olub.
Onu da demək istəyirik ki, təhlükəli bu cinayətkar şəbəkə başçısının və onun qızının adları kiminlə və hansı qurumla bir yerdə çəkilib, o zaman onların ətrafında qalmaqal yaranıb. Bir vaxtlar Kurbanovların fəaliyyəti Bakının tanınmış klinikalarından birinin — “32 Beauty”-nin (“Billur Dent” MMC) adını gündəmə gətirib. Yəni, bu MMC də bu şəbəkəni idarə edən fırıldaq ustasının hədəfinə tuş gəlib. “Bu stomatoloji klinika bizə və ən yaxın qohumlarıma məxsusdur” — deyən Alibek Kurbanov özünə toxunulmazlıq imici yaratmaq üçün əlindən gələni edib, Rusiyadakı qorxulu təşkilatların ən fəal üzvü olduğunu dilə gətirməkdən belə çəkinməyib. Beləcə, adını çəkdiyimiz klinikanın gəlirlərini belə ələ keçirib.
Hələ bu nədir ki?! Bir vaxtlar Alibek Kurbanovun ölkəmizdə qanunla qadağan olunmuş terror və separatizm meyilli “Sadval” təşkilatının üzvü və təbliğatçısı olması barədə yayılan xəbərlər bu məsələnin ən qorxulu tərəfi kimi yaddaşlarda qalıb. Özü isə, “Sadval”-ın başında duranların onun ən yaxını olduqlarını deməklə, yəni, bu iddia hesabına qanunsuz hərəkətlərinə etiraz edənlərə hox gəlib. Əgər fırıldaqçının bu iddiaları sadə bir yalan deyilsə, ortada dövlət təhlükəsizliyinə qarşı qorxulu bir ssenari mövcud olub. Belə çıxır ki, “32 Beauty” klinikasının rəsmi təsisçi və rəhbər şəxsləri, özləri də bilmədən, antiazərbaycan qüvvələrin və separatçı “Sadval” qruplaşmasının gizli maliyyələşdirilməsində alətə çevrilib.
Klinikadan əldə olunan leqal qazancın bir hissəsi qeyri-qanuni yollarla dövlət əleyhinə yönəlmiş fəaliyyətlərə ötürülüb. Rəhbər şəxslərin avamlığı hər cür cinayətin törədilməsinə imkan verib. İstənilən halda, Bakının mərkəzində fəaliyyət göstərən bir tibb müəssisəsinin adının separatizm və fırıldaqçılıq ittihamları ilə yanaşı çəkilməsi yolverilməzdir.

Buna görədir ki, klinikasına lift quraşdırmaq istəyən baş həkimi aldatmaq çətin olmayıb. Elə, ötən ilin aprel ayında bu klinikada baş verən bir hadisəni yada salmaq kifayətdir ki, bunun düzgün olduğu sizə də aydın olsun. Onda, “32 Beauty dent billur” klinikasının baş həkimi Sənan Məmmədov külli miqdarda dələduzluqla üzləşib. Klinikasında əlavə tikinti işləri görmək istəyən baş həkim 95 min manat verdiyi şəxs tərəfindən aldadılıb. Sənan Məmmədova qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs tanışı, 37 yaşlı Zaur olub.
Baş həkim klinikasında əlavə tikinti işi aparmaq, lift quraşdırmaq üçün Zaura 95 min manat pul verib. Zaur özünü dövlət orqanlarında işləyən şəxs kimi təqdim edib. Zaur aldığı pulla əlavə tikinti işi ilə bağlı məsələni Bakı Şəhər İcra Hakimiyyətində həll edəcəyini vəd edib.
Aldığı pulun qarşılığında heç bir iş görməyən Zaur pulun cəmi 17500 manatını geri qaytarıb. Zaur uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, son zamanlar borcları olduğu üçün Sənan həkimdən aldığı pulu borclarına ödədiyini deyib. O, anasının xərçəng xəstəsi olduğu üçün borclarının yarandığını bildirib.
Sənan həkim pulu tam olaraq ödənildiyi halda şikayətçi olmayacağını deyib. Bu istiqamətdə bir neçə dəfə danışıqlar aparılsa da müsbət nəticə olmayıb. Həkim zərərin qalan hissəsinin ödənilməsini istəyib.
Zaur törətdiyi əmələ görə külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib…
…Yuxarıda deyilənlər, Alibek Kurbanovun qızının da xoşagəlməz əməllərinin fərqli və qorxulu bir müstəviyə keçməsinə “münbit şərait” yaradıb. Redaksiyamızın əməkdaşı Quba rayonunun Digah kəndində ezamiyyətdə olarkən bu barədə yerli sakinlərdən də şok ifadələr əldə edib. Kənd sakinlərinin bildirdiyinə görə, Alibek onlara paytaxtda iki böyük klinikaya sahib olduqlarını deyib. Bu yolla, o, həm kənd camaatını qorxudub, həm də çirkaba batmış adlarını təmizə çıxartmağa çalışıb.
Bu yerdə, həmçinin onu qeyd etmək zəruridir ki, sözügedən şəbəkənin maddi resurslarını artırmaq məqsədilə Sevda Alibekovna dövlətin iqtisadi və sosial sütunlarından olan ailə institutuna qarşı da cinayətkar manipulyasiyalar həyata keçirir. Belə ki, o, məqsədli şəkildə imkanlı və yüksək statuslu kişiləri hədəf seçərək, psixoloji təsir və yalan vədlərlə onların ailələrini dağıdır, həmin şəxslərin külli miqdarda kapitalını və mülklərini qanunsuz yollarla ələ keçirir.
Araşdırmalar da göstərir ki, Sevda Kurbanovanın fəaliyyəti öz şəxsi və maliyyə ambisiyalarını təmin etmək üçün külli miqdarda kapitala sahib olan imkanlı kişiləri hədəf seçir, onların ailələrini məqsədli şəkildə dağıdır. İddialara görə, insanların psixoloji zəifliklərindən, etibarından və bəzən də şəxsi problemlərindən sui-istifadə edən bu şəxs, illərlə qurulan zəngin ailə təməllərini darmadağın edərək, həmin ailələrin var-dövlətinə və resurslarına sahiblənməyə çalışır. Bu cür hərəkətlər təkcə mənəvi aşınma deyil, həm də vətəndaşların əmlakını və pullarını ələ keçirmək üçün qurulmuş sistemli bir mütəşəkkil fırıldaqçılıq ssenarisidir. Bu faktlar toplanan maliyyə vəsaitlərinin miqyasını göstərir və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə mütəşəkkil cinayətkar qruplaşma fəaliyyəti kimi araşdırılmalıdır.
Yuxarıda qeyd olunanlar ona bir işarədir ki, fırıldaqçı Alibek Kurbanovun özü kimi, qızı Sevda Alibekovnanın qanunsuz fəaliyyət coğrafiyası birbaşa “ailə biznesinə” istiqamətlənib. O da hər addımında insanların çarəsizliyindən istifadə etməklə, istehlakçıları saxta “Bi-balzam”la aldatmaqla külli miqdarda haram pul qazanmaq hesabına bu bizneslərini getdikcə genişləndirib, möhkəmləndirmək naminə əldən-ayaqdan gedir. Lakin unudur ki, gizli laboratoriyalarda və sexlərdə qeyri-qanuni şəraitdə dərman istehsalı sadəcə kölgə iqtisadiyyatı kimi deyil, insan həyatına qarşı birbaşa törədilən qatı cinayət kimi qəbul olunur. Azərbaycan qanunvericiliyi də ev və gizli laboratoriya şəraitində qeydiyyatsız dərman vasitələrinin hazırlanmasını kəskin şəkildə qadağan edir. Dövlət qeydiyyatı olmadan dərman hazırlamaq və satmaq kiçik miqdarda olduqda inzibati xəta sayılsa da, işin miqyası böyüdükdə və ya tərkibə saxtakarlıq qarışdıqda Cinayət Məcəlləsinin müvafiq maddələri (məsələn, İstehlakçıları aldatma və ya saxta dərman dövriyyəsi) işə düşür. Qeyri-qanuni qazanc həvəsi ilə fəaliyyət göstərən Sevda Alibekovna onu da unudur ki, qanunun maddələri insan həyatının qiyməti ilə ölçülür və bədəli çox ağır olur.
Bəli, qanunsuz qazanc əldə edən Sevda Alibekovnanın bu əməli həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə birbaşa cinayət məsuliyyəti yaradır. Hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin bu “mütəşəkkil ailə podratına” qarşı hansı addımları atacağının isə yaxın günlərdə bəlli olacağına şübhə yeri qalmır.
Yazının davamı olacaq. Bizi izləməyi unutmayın.
Məhi ELSEVƏR

REDAKSİYADAN:
Arazpress.com-un əməkdaşı Qubanın Digah qəsəbəsində və Abşerondakı Sarı Qaya yaşayış massivində olub və Kurbanovlar klanının başçısı Alibek Kurbanovun və qızı Sevda Alibekovnanın qanunsuz əməlləri hesabına əldə etdikləri mal-mülklərə aid topladığı məlumatlar və yerli sakinlərin onlar haqqında dedikləri əsasında maraq doğuran geniş yazı hazırlayıb. Həmin yazını tezliklə dəyərli oxucularımızın diqqətinə çatdırmağı planlaşdırırıq.
araz.az xəbər portalı.