
Rusiya Prezidenti V. Putindən sonra Belarus Prezidenti A. Lukaşenkonun da “Ermənistan Ukrayna yolunu gedir” deməsi çox ciddi mətləblərdən xəbər verir. Bura son günlər Rusiya KİV-lərinin apardığı aqressiv təbliğatı, Rusiya Baş nazirinin müavini A. Overçukun: “Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq” sözlərini də əlavə etsək, mənzərə daha aydın görünər.
Az əvvəl Rusiya Prezidenti V. Putinə xaricdə Rusiya vətəndaşlarına təhlükə yaranacağı təqdirdə qoşun yeritmək hüququnun verilməsi fonunda Ermənistanda 6 iyun seçkilərindən sonra güc yolu ilə çevriliş ola biləcəyi real görünür.
Belə olacağı təqdirdə Azərbaycan hakimiyyətinin hansı mövqedə olmalı olduğu sualı da çox maraqlıdır. Bəli, Ermənistan bizə dost ölkə deyil və nə vaxtsa ola biləcəyinə də şəxsən inanmıram. Buna baxmayaraq, hadisələr göründüyü kimi cərəyan edərsə, biz Ermənistana ən azından düşmən gözü ilə baxmamalı və demokratik seçkiləri dəstəkləməliyik.
Hamı dərk etməlidir ki, məhz Rusiya bu iki ölkəni daim bir-birinə düşmən etməklə Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlayıb. Nə qədər ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlayacaq, Azərbaycan, Ermənistan və Gürcüstan heç vaxt tam müstəqil dövlət olub istədikləri inkişaf yolunu seçə bilməyəcəklər.

Aslan İSMAYILOV
araz.az xəbər portalı.