Nəbi RAMAZANLI,
Texnika elmləri namizədi, dosent ———————-

Son illər Azərbaycanda həm təhsil, həm də iqtisadiyyat sahəsində aparılan dəyişikliklər tez-tez “islahat”, bəzən isə, hətta, “inqilab” kimi təqdim olunur. Halbuki dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, təhsil və iqtisadiyyat inqilab ediləcək sahələr deyil. Bu sahələr dövlətin gələcəyini müəyyənləşdirən strateji istiqamətlərdir və burada emosional qərarlar, təsadüfi təyinatlar və idarəetmə eksperimentləri ağır nəticələrə səbəb ola bilər.

Təhsil bir xalqın düşüncə sistemini formalaşdırır, iqtisadiyyat isə həmin düşüncənin maddi dayaqlarını yaradır. Buna görə hər iki sahədə edilən səhvlər yalnız bugünkü vəziyyətə deyil, gələcək nəsillərin taleyinə təsir göstərir. Təhsildə verilən yanlış qərarların nəticəsi bəzən iyirmi-otuz ildən sonra ortaya çıxır. İqtisadiyyatda buraxılan səhvlərin təsiri isə inflyasiya, işsizlik, investisiya azalması və sosial gərginlik şəklində dərhal hiss olunur.

Azərbaycanda son illər hər iki sahədə genişmiqyaslı dəyişikliklər həyata keçirilib. Şübhəsiz ki, yenilənmə və islahatlar zəruridir. Lakin təhsil və iqtisadiyyat elə sahələrdir ki, burada dəyişikliklərin sürəti deyil, onların elmi əsaslandırılması, ardıcıllığı və nəticəyönümlülüyü əsas meyar olmalıdır.

Dünya təcrübəsi göstərir ki, davamlı uğur inqilabi addımlardan deyil, düşünülmüş və mərhələli islahatlardan qaynaqlanır. Təəssüf ki, bəzən təhsil və iqtisadiyyat sahələrinə rəhbərlik edən şəxslərin həmin istiqamətlər üzrə dərin elmi hazırlığı və uzunmüddətli praktik təcrübəsi barədə ciddi suallar yaranır.

Müasir dövrdə universiteti idarə etmək üçün sadəcə menecer olmaq kifayət deyil. Təhsil sisteminin fəlsəfəsini, elmi məktəblərin inkişaf qanunauyğunluqlarını, akademik mühitin mahiyyətini bilmədən bu sahədə uğurlu nəticə əldə etmək çətindir. Eyni yanaşma iqtisadiyyat üçün də keçərlidir. İqtisadiyyat rəqəmlərlə oynamaq deyil, ölkənin gələcəyini planlaşdırmaq sənətidir.

Tarix dəfələrlə sübut etmişdir ki, təcrübənin alternativi yoxdur. Universiteti idarə etməklə universitet yaratmaq, müəssisəni idarə etməklə iqtisadi inkişaf modeli formalaşdırmaq eyni məsuliyyət və hazırlıq səviyyəsi tələb etmir. Strateji qərarlar qəbul edən şəxslər nəzəri biliklərlə yanaşı, uzun illər ərzində formalaşmış peşəkar təcrübəyə malik olmalıdırlar.

Azərbaycanın öz tarixi də bunun ən parlaq sübutlarından biridir. Ölkəmizin ilk universiteti olan Bakı Dövlət Universiteti yaradılarkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu mühüm elm ocağının taleyini təsadüfi bir şəxsə etibar etmədilər. Dünyada tanınan alim, görkəmli cərrah, universitet quruculuğu sahəsində böyük təcrübəyə malik professor Vasili Razumovski universitetin ilk rektoru təyin edildi. Bu seçim təsadüfi deyildi. Dövlətin gələcəyini müəyyən edən ali təhsil müəssisəsinin rəhbərliyinə məhz elmi nüfuzu, təşkilatçılıq qabiliyyəti və zəngin təcrübəsi ilə seçilən bir şəxs gətirilmişdi. Azərbaycan dövlətçiliyinin təhsil sahəsindəki ilk böyük qərarlarından biri peşəkarlığa verilən dəyərin nümunəsi idi.

Bu gün dünyada diqqətlə izlənilən nümunələrdən biri Argentinadır. Uzun illər populizm, qeyri-peşəkar idarəetmə və iqtisadi eksperimentlər nəticəsində ağır inflyasiya, valyuta böhranı və sosial problemlərlə üzləşən ölkə son dövrlərdə daha sərt maliyyə intizamına, dövlət xərclərinin optimallaşdırılmasına və bazar prinsiplərinə əsaslanan siyasət həyata keçirməyə başlamışdır. Bu modelin tərəfdarları hesab edirlər ki, iqtisadiyyat şüarlar və emosiyalarla deyil, iqtisadi qanunlarla idarə olunmalıdır.

Lakin Argentina təcrübəsi başqa bir həqiqəti də ortaya qoyur: Hətta ən radikal dəyişikliklər belə peşəkar iqtisadçılar, mütəxəssislər və təcrübəli idarəçilər tərəfindən hazırlanmalı, elmi əsaslara söykənməlidir. Sadəcə köhnəni dağıtmaq inkişaf demək deyil. Əsas məsələ daha səmərəli və dayanıqlı sistem qurmaqdır.

Doğrudur, keçmişdə həm təhsil, həm də iqtisadiyyat sahəsində şəxsi maraqları dövlət və cəmiyyət maraqlarından üstün tutan idarəçilər olub. Bu gün də belə halların mövcudluğu barədə cəmiyyətdə narahatlıqlar səslənir. Ancaq həmin neqativ təcrübələrə istinad edərək peşəkarlıq prinsipindən imtina etmək və ya strateji sahələri yeni eksperimentlər meydanına çevirmək doğru yol deyil. Bir yanlışın yerini başqa yanlışla doldurmaq mümkün deyil.

Azərbaycanın bu günkü ehtiyacı yeni idarəçilik təcrübələri üzərində sınaq meydanı olmaq deyil. Ölkənin ehtiyacı peşəkarlığa, elmi yanaşmaya və dövlətçilik ənənələrinə söykənən idarəetmə modelidir. Təhsil sistemində müəllimin nüfuzu, alimin mövqeyi və universitetlərin elmi potensialı gücləndirilməli, iqtisadiyyatda isə istehsal, innovasiya, sahibkarlıq və insan kapitalına yatırımlar əsas prioritetlərə çevrilməlidir.

Təhsil və iqtisadiyyat bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Keyfiyyətli təhsil olmadan rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq mümkün deyil. Güclü iqtisadiyyat olmadan isə təhsilin inkişafı üçün zəruri resurslar formalaşdırmaq çətindir. Buna görə də hər iki sahə vahid inkişaf strategiyasının əsas sütunları kimi qiymətləndirilməlidir.

Dövlətlərin yüksəlişi də, geriləməsi də ilk növbədə məktəblərdə və iqtisadi qərarların qəbul edildiyi kabinetlərdən başlayır. Buna görə də, təhsil və iqtisadiyyat sahələri təsadüfi insanların deyil, öz ömrünü həmin sahələrə həsr etmiş peşəkarların idarə etməli olduğu strateji istiqamətlərdir. Əks halda, bu gün verilən səhvlərin bədəlini yalnız biz deyil, gələcək nəsillər də ödəməli olacaqlar.

araz.az xəbər portalı.