Nəbi RAMAZANLI,
texnika elmləri namizədi, dosent —————–

Azərbaycan dünya dövlətləri sırasında ərazisinin böyüklüyünə görə 112–115-ci, əhalisinin sayına görə isə 93-cü yerləri tutur. Bununla belə, ölkəmiz əhali sıxlığı baxımından dünyanın ilk yüz dövləti sırasındadır və təxminən 99-cu yerdə qərarlaşır. Bu maraqlı statistika ilk baxışdan sadə rəqəmlər toplusu kimi görünə bilər. Lakin həmin rəqəmlər Azərbaycanın inkişaf modelinin hansı istiqamətdə qurulmalı olduğunu müəyyən edən vacib göstəricilərdir.

Böyük əraziyə və çoxsaylı əhaliyə malik olmayan ölkələrin iqtisadi üstünlüyü əsasən insan kapitalına, elmə, təhsilə, yeni texnologiyalara və səmərəli idarəetməyə söykənir. Belə ölkələr üçün hər bir vətəndaşın biliyi, peşəkarlığı və yaradıcılıq qabiliyyəti strateji resurs hesab olunur. Bununla yanaşı, Azərbaycanın malik olduğu üstünlüklər yalnız insan kapitalı ilə məhdudlaşmır. Ölkəmiz əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara, müxtəlif iqlim şəraitinə və mühüm nəqliyyat-kommunikasiya imkanlarına malikdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olması kənd təsərrüfatından turizmə, sənayedən alternativ enerjiyə qədər bir çox sahələrin inkişafı üçün geniş imkanlar yaradır.

Belə olan halda haqlı sual meydana çıxır: Bu qədər potensiala malik ölkə niyə inkişaf etmiş dövlətlər sırasına daha sürətlə yüksələ bilmir? İnkişafın qarşısında duran əsas maneələr hansılardır?

Məsələ təkcə təbii resursların mövcudluğunda deyil. Tarix göstərir ki, zəngin sərvətlərə malik olmaq uğurun zəmanəti deyil. Həmin sərvətləri səmərəli idarə etmək, cəmiyyətin bütün təbəqələrinin maraqlarına xidmət edən institutlar yaratmaq və sağlam rəqabət mühiti formalaşdırmaq daha vacibdir.

Akademik Xudu Məmmədovun məşhur fikri bu baxımdan düşündürücüdür. O, auditoriyada tələbələrinə müraciətlə deyirdi:

“Bu sözlərim yaxşı oxuyan tələbələrədir. Yanınızda oturan zəif tələbələrə də bacardığınız qədər bilik öyrədin. Çünki zaman gələcək, onlar sizi idarə edəcəklər”.

Bu fikirdə yalnız təhsil deyil, bütövlükdə dövlət idarəçiliyi üçün mühüm bir mesaj gizlənir. Cəmiyyətin idarə olunması peşəkarlıq, bilik və məsuliyyət prinsipləri üzərində qurulmadıqda, inkişafın tempi istər-istəməz zəifləyir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü dövlətin əsas dayaqları müstəqil institutlar, qanunun aliliyi, şəffaf iqtisadi münasibətlər və ədalətli rəqabət mühitidir. İqtisadi resursların məhdud qrupların nəzarətində cəmləşməsi, inhisarçılıq meyllərinin güclənməsi və təşəbbüskar insanların imkanlarının məhdudlaşdırılması iqtisadi dinamikanı zəiflədir. Nəticədə, cəmiyyətin enerjisi məhsuldar fəaliyyətə deyil, mövcud maneələri aşmağa sərf olunur.

Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud potensialı real iqtisadi və sosial nəticələrə çevirməkdir. Bunun yolu isə, ilk növbədə, keyfiyyətli təhsildən, elmə əsaslanan qərarlardan, peşəkar idarəetmədən, şəffaf iqtisadi münasibətlərdən və insan kapitalına qoyulan investisiyalardan keçir. XXI əsrdə dövlətlərin gücü artıq yalnız neft yataqları və ya torpaq sahələri ilə deyil, onların insanlarının bilik səviyyəsi, yaradıcılığı və məhsuldarlığı ilə ölçülür.

Bu gün ölkədə müşahidə olunan bəzi problemlər də məhz peşəkarlıq prinsipinin tam təmin olunmamasından qaynaqlanır. Çoxlu sayda misallar göstərmək mümkündür. Bəzən tikinti sahəsinə rəhbərlik edən şəxslərin inşaat təhsili və ya təcrübəsi olmur, iqtisadi qurumlarda iqtisadiyyat sahəsində kifayət qədər hazırlığı olmayan şəxslər qərarlar qəbul edir, elm və təhsil sahəsində isə bu istiqamətlər üzrə ciddi elmi və pedaqoji fəaliyyəti və potensialı olmayan kadrlar rəhbər vəzifələrə təyin edilirlər. Problem ayrı-ayrı şəxslərdə deyil, sistemdə peşəkarlıq meyarlarının hər zaman həlledici rol oynamamasındadır.

Digər tərəfdən, dövlət idarəetmə sistemində funksiyaları bir-birini təkrarlayan qurumların mövcudluğu da diqqət çəkən məsələlərdəndir.

Ayrı-ayrı büdcə təşkilatlarının oxşar vəzifələri yerinə yetirməsi idarəetmənin səmərəliliyini azaldır və əlavə maliyyə yükü yaradır. Dünya təcrübəsində idarəetmənin optimallaşdırılması, paralel funksiyaların birləşdirilməsi və büdcə vəsaitlərinin daha səmərəli istifadəsi daim diqqət mərkəzində saxlanılır. Məqsəd dövlət aparatını böyütmək deyil, onun fəaliyyətinin tarazlığını artırmaqdır.

Bu fikirləri hər hansı qurumdan və ya vəzifəli şəxsdən narazılıq ifadə etmək üçün deyil, ölkənin inkişaf perspektivləri haqqında düşünərkən ortaya çıxan reallıqlar kimi başa düşmək lazımdır. Çünki Azərbaycanın imkanları kifayət qədər genişdir. Zəngin təbii ehtiyatlar, əlverişli coğrafi mövqe, nəqliyyat dəhlizləri, münbit torpaqlar və ən əsası bunların düzgün istiqamətləndirilməsi ölkəmiz üçün böyük imkanlar yarada bilər.

Bütün bu üstünlüklər yalnız peşəkar idarəetmə, keyfiyyətli təhsil, elmin inkişafı, qanunun aliliyi və sağlam rəqabət mühiti şəraitində real nəticələrə çevrilə bilər. Dövlətlərin taleyini onların ərazisinin böyüklüyü deyil, həmin ərazilərdə yaşayan insanların biliyi, bacarığı və idarəetmə institutlarının keyfiyyəti müəyyən edir. Azərbaycanın gələcək uğuru da məhz bu amillərdən asılı olacaqdır.

araz.az xəbər portalı.