
——————– Həsən ŞAHBABAOĞLU
İnsandan bir suala cavab soruşun: “Sən kimsən?”. Çox güman ki, adını, soyadını, milliyyətini, peşəsini və ya yaşını söyləyəcək. Halbuki bunların heç biri insanın həqiqi kimliyi deyil. İnsan əslində necə düşündüyü, nəyə inandığı, nəyi doğru və nəyi yanlış hesab etdiyi ilə “mən” olur. Əgər bir gün bunların hamısı dəyişdirilərsə, bədən eyni qalsa belə, həmin insan əvvəlki insan olacaqmı? Bəlkə də tarix boyu verilmiş ən təhlükəli mübarizə torpaq uğrunda deyil, insanın şüuru uğrunda aparılmışdır. Bir ölkəni işğal etmək üçün ordu lazımdır. Bir iqtisadiyyatı çökdürmək üçün maliyyə gücü lazımdır. Bir hakimiyyəti dəyişmək üçün siyasi təsir lazımdır.
Amma bir xalqın gələcəyini dəyişmək üçün bunların heç biri vacib deyil. Bunun üçün sadəcə həmin xalqın uşaqlarına nəyi öyrətmək, keçmişi necə izah etmək və gələcəyi necə təsəvvür etdirmək kifayətdir. Məhz bu nöqtədə pedaqoji imperializm anlayışı meydana çıxır. Pedaqoji imperializm silahla deyil, dərsliklə, zorakılıqla deyil, ideya ilə, qorxu ilə deyil, tərbiyə adı altında həyata keçirilən təsirlə işləyən hakimiyyət formasıdır. O, insanın əlini deyil, zehnini idarə etməyə çalışır. Çünki insanın düşüncəsini dəyişdirən artıq onun gələcəyini də idarə edə bilir.
Fransız filosofu Mişel Fuko hakimiyyətin təkcə qanun və cəza ilə işləmədiyini, məktəb, ailə, xəstəxana və digər institutlar vasitəsilə də insanı formalaşdırdığını göstərirdi. İtalyan mütəfəkkiri Antonio Qramşi isə bildirirdi ki, ən güclü hakimiyyət insanları zorla itaət etdirmək deyil, onları könüllü şəkildə müəyyən düşüncə sistemini qəbul etməyə inandırmaqdır. Bu fikirlər göstərir ki, təhsil heç vaxt sadəcə məlumat ötürən mexanizm olmamışdır. Təhsil, eyni zamanda, dəyərlər yaradır.
İnsan dünyaya hazır düşüncələrlə gəlmir. O, ailəsini müşahidə edir, müəllimini dinləyir, dostlarını təqlid edir, cəmiyyətin davranış normalarını mənimsəyir. Kanadalı psixoloq Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə görə insanlar yalnız deyilənlərdən deyil, gördüklərindən də öyrənirlər. Deməli, uşağın qarşısında daim hansı model dayanırsa, zaman keçdikcə o model onun xarakterinə çevrilir. Maraqlıdır ki, bir çox psixoloji eksperimentlər göstərmişdir ki, insanlar eyni fikri kifayət qədər uzun müddət eşidəndə onu tənqid etmədən qəbul etməyə meylli olurlar. Bu, “tanışlıq effekti” kimi tanınır. Yəni bir fikir nə qədər çox təkrarlanırsa, insanlar onu bir o qədər doğru hesab etməyə başlayırlar.
Bu səbəbdən təhsil sistemi yalnız bilik ötürmür; O, normaları müəyyən edir. Ən təhlükəli məqam isə budur ki, insan çox vaxt dəyişdiyini hiss etmir. Bir ağac kökündən birdən-birə qoparılsa, hamı bunu görər. Lakin onun kökləri hər gün bir az kəsilərsə, uzun müddət heç kim fərqinə varmaz. İnsan şüuru da belədir. Dəyərlər bir anda yox olmur. Onlar tədricən əhəmiyyətini itirir. Əvvəlcə lağ obyektinə çevrilir, sonra köhnəlmiş elan edilir, daha sonra isə unudulur. İmperiyalar yalnız sərhədləri dəyişdirməklə kifayətlənməmişlər. Onlar dilləri dəyişdirmiş, yer adlarını dəyişdirmiş, məktəbləri dəyişdirmiş, hətta insanların öz keçmişinə münasibətini dəyişdirməyə çalışmışlar. Çünki keçmişini unudan cəmiyyət gələcəyini başqalarının yazmasına mane ola bilmir.
Yəhudi xalqı bunun maraqlı nümunələrindən biridir. Min illərlə müxtəlif ölkələrdə yaşasalar da, dillərini, dini ənənələrini və kollektiv yaddaşlarını ailə və dini təhsil vasitəsilə qorumağa çalışmışlar. Çin sivilizasiyası da xarici təsirlərlə qarşılaşsa belə, öz fəlsəfi irsini və mədəni əsaslarını itirmədən inkişaf etmişdir. Yaponiya 19-əsrdə Qərbin elm və texnologiyasını qəbul etdi, lakin milli kimliyini tamamilə dəyişdirmədi. Bu nümunələr göstərir ki, inkişaf ilə kimliyi qorumaq bir-birinə zidd anlayışlar deyil. Qurani-Kərimin nazil olan ilk əmri “Oxu!” olmuşdur. Lakin Quranda eyni zamanda kor-koranə təqlid də tənqid edilir. İnsan dəfələrlə düşünməyə, ağlını işlətməyə, təfəkkür etməyə çağırılır.
Quranda belə buyurulur: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (əz-Zumər, 9) Başqa bir ayədə isə insanları düşünməyə dəvət edən ifadələr dəfələrlə təkrarlanır: “Məgər düşünmürsünüz?”, “Məgər ağlınızı işlətmirsiniz?”.
Bu ayələr göstərir ki, İslamın məqsədi insanı düşünməyən varlığa çevirmək deyil, həqiqəti araşdıran şəxsiyyət yetişdirməkdir. Əgər hər hansı təhsil sistemi insanın tənqidi düşünmə qabiliyyətini zəiflədir, onu yalnız müəyyən ideologiyanın daşıyıcısına çevirirsə, bu, təhsilin mahiyyətindən uzaqlaşmaq deməkdir. Fəlsəfədə insanın formalaşması ilə bağlı iki böyük yanaşma mövcuddur. Biri insanın daha çox doğulduğu mədəni mühitin təsiri ilə formalaşdığını vurğulayır, digəri isə təcrübə və öyrənmənin rolunu ön plana çıxarır. Hər iki yanaşmanın müəyyən həqiqət payı vardır. İnsan nə tamamilə əvvəlcədən müəyyən olunmuş varlıqdır, nə də istənilən formada yenidən qurula bilən bir mexanizm. Onun şəxsiyyəti irsiyyət, ailə, din, dil, tarix, mədəniyyət və şəxsi təcrübələrin mürəkkəb vəhdətindən yaranır. Məhz buna görə təhsil insanı öz kökündən ayırmamalıdır. Əksinə ona öz kökünü tanıdaraq dünyanı öyrətməlidir. Dünyaya açılan insan öz evini dağıtmadan da yeni üfüqlər kəşf edə bilər.
Bu gün qloballaşma dövründə informasiya görünməmiş sürətlə yayılır. Sosial şəbəkələr, filmlər, oyunlar, rəqəmsal platformalar və müxtəlif təhsil layihələri uşaqların və gənclərin dünyagörüşünə ailədən də çox təsir göstərə bilir. Bu təsirin müsbət tərəfləri də var: elmə çıxış asanlaşır, fərqli xalqlar bir-birini daha yaxşı tanıyır. Ancaq hər yenilik faydalı olmadığı kimi, hər təsir də sağlam olmaya bilər. Əgər qlobal axın insanın öz dilini, tarixini, mənəvi yaddaşını və milli özünüdərkini zəiflədir, onda bu artıq sadəcə məlumat mübadiləsi deyil, kimlik böhranına çevrilə bilər. Ən böyük təhlükə isə insanın öz kimliyini itirdiyini hiss etməməsidir. Çünki yaddaşını itirən insan xəstə olduğunu bilmir. Kimliyini itirən cəmiyyət də çox vaxt bunu inkişaf kimi qəbul edir. Lakin həqiqi inkişaf özünü inkar etməklə deyil, özünü tanımaqla başlayır. Öz tarixini bilən xalq başqa xalqların tarixini də öyrənə bilər. Öz dilini sevən insan başqa dilləri də öyrənə bilər. Öz dinini və mənəvi irsini anlayan şəxs başqalarının inancına da hörmət edə bilər.
Güclü kimlik insanı qapatmır; Əksinə, onu daha möhkəm təməllər üzərində dünyaya açır. Bəlkə də bu səbəbdən gələcəyin ən böyük mübarizəsi neft, qaz, sərvət və ya sərhədlər uğrunda deyil. Gələcəyin əsas mübarizəsi insanın zehnini, yaddaşını və dəyərlər sistemini kimin formalaşdıracağı uğrunda olacaq. Çünki torpağını itirən xalq onu bir gün geri ala bilər. Sərvətini itirən xalq yenidən zənginləşə bilər. Hakimiyyətini itirən xalq yenidən azad ola bilər. Amma kimliyini itirən xalqın yenidən özünə qayıtması ən çətin mübarizədir.
Elə, buna görə də, təhsil sadəcə peşə qazandıran sistem deyil. Təhsil bir millətin yaddaşını gələcəyə daşıyan ən böyük mənəvi körpüdür. O körpü möhkəm qurulanda cəmiyyət həm öz köklərini qoruyur, həm də gələcəyə inamla addımlayır. O körpü zəifləyəndə isə, ilk uçan daş məktəb divarından deyil, insanın şüurundan qopur.
araz.az xəbər portalı.