
Tural İRFAN,
Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı və siyasi şərhçi
Səddamın edamından sonra Qəddafi Ərəb birliyinin konfransında çıxış edib dedi: “Səsinizi çıxarmırsınız, hamımızı bir-bir asacaqlar, gəlin birləşək”. Bu zaman Əsəd gülür, Əli Abdullah Saleh qımışır, Bin Əli isə heç qulaq asmırdı. Qısa müddətdən sonra Qəddafi qarışıq dördü də sıra ilə devrildi, xalqları qırğına, sərvətləri talana məruz qaldı. Qərb də bu ölkələrə azadlıq, demokratiya əvəzinə qan, savaş, parçalanma, istila, köləlik gətirdi.
İbn Xaldun yazırdı ki, ərəblər ittifaq etməməyə ittifaq ediblər. Düz deyirmiş. Ərəblər birləşmək üçün toplaşmırlar. Birləşməməyə bir daha söz vermək üçün toplaşırlar. Çünki adı millət olsa da, hələ tayfa, qəbilə təfəkküründədirlər.
İndi İranla ABŞ Bəhreyn, Küveyt, Livan, (Türkiyə xilas etməsəydi Suriyanı), Yəmən və Səudiyyə Ərəbistanını öz maraqları üçün alətə, hədəfə, sipərə çevirib. İran gah Bəhreyni öz torpağı adlandırıb işğal etməyə cəhd edir, ABŞ da öz bazalarını yerləşdirib İrana qarşı bu ölkələri özünə qalxan tutur. Hələ İraqı, Misiri, digər ərəb ölkələrini demirəm…
Kollektiv Qərb müsəlman, xüsusən ərəb ölkələrində diktatura, monarxiya rejimlərinin olmasında ciddi maraqlıdır. Çünki sərvət talamaqda razılaşmadığı, bir az müstəqil siyasətə meyl edən lideri sıxışdırıb məhrumetmələrə məruz qoymaqla xalqı ilə arada uçurumu asanlıqla dərinləşdirə, sonra da devirib ya da öldürüb yerinə başqasını gətirə bilir. Amma həqiqətən də demokratiya olsa dövlət inkişaf edər, xalqın seçdiyi şəxsi Qərb yox, heç fələk də asanlıqla aradan qaldıra bilməz. Ərəb dünyası üçün Qərbin demokratiya iddiası “balığı tutmaq üçün qarmağa keçirilmiş yem” misalındadır. Guya tələb edir, təklif edir, amma əslində onlara əsla demokratiya vermir, qoymur.
ABŞ, İngiltərə, Fransa, İtaliya onilliklərlə Suriya, Livan, Əlcəzair, İraq və digərlərini sümürüb, hətta Fransa Əlcəzairdə soyqırımı da törədib. İndi isə sadəcə istila metodunu dövrün tələblərinə uyğun olaraq dəyişiblər. Hədəf, məqsəd, davamiyyət öz yerindədir.
Hazırda parçaladıqları Yəməndə Husilərə qarşı Ərəbistanı qaldırıblar. İsrail və ABŞ-a etiraz edən İspaniyanı sıxmaq üçün Mərakeşdə eyni medodla taxtda saxladıqları kralın ac qoyduğu yalavac əhalini dəniz vasitəsi ilə əks tərəfə sürüblər. Suriyanı Hizbullahla savaşa çəkirlər. Yəqin ki, Şaraa razılaşmasa İsrail yenidən Ələvi, Nuseyri, Druz və PYD qruplaşmalarından ibarət təsir rıçaqlarını işə salıb Suriyanı yenidən qan gölünə döndərəcək. Bütün bunlarla paralel olaraq bu mənfur istilaya müəyyən qədər dirəniş göstərən Türkiyəyə qarşı planlar hazırlayıb Yunanıstan, Kiprlə bağlı ziddiyətləri körükləyirlər. Mütəmadi olaraq Talibanı, Hindistanı Pakistanın üstünə qaldırıb başını qatırlar.
Ərəblər isə hələ də Boing təyyarəsində yerdə oturub vannada aş yeyərək hansı oteldə kef çəkəcəklərini müzakirə edirlər. Öz cəlladının baltasını özü itiləyən bədbəxt qurbanlar kimi edam sıralarını gözləyirlər… Daha ərəblərin Camal Abdunnasir, Feysəl bin Abduləziz, Kral Hüseyn, Yasir Ərəfat kimi liderləri, heç olmasa Qəddafi, Səddam kimi nüfuzlu şəxsləri də qalmadı. Qoruya, istifadə edə bilmədilər. Çağırıb başa keçirdilər, sonra da öldürüb ağladılar. İndi də çobansız sürü kimi yarısı İsrailin, yarısı ABŞ-ın, yarısı da Avropa ölkələrinin əlaltısı, vassalı, aləti, qalxanı kimi istifadə olunur. Bu gedişlə İsrail gələn 40-50 il ərzində ərəb ölkələrinin yarısını, bəlkə də hamısını ələ keçirəcək, dinlərini məzhəblərə bölüb özlərinə qarşı istifadə edərək milli döyüş ruhunu öldürüb köləyə çevirəcək.
Qərb müsəlman aləmində, əsasən də ərəb ölkələrində təhsilin, elmin inkişafında maraqlı deyil. Əksini istəyir. Çünki ağıllı, savadlı xalqın içindən milli lider, ideya sahibi, demokrat parlaq mübariz siyasi fiqurlar çıxa bilər. İndiki şəraitdə isə yalnız özü təhrik etdiyi “parlaq” terrorçular çıxır. Qərb ərəb dünyasında müasir dəyərlərin, insan haqlarının da nizama salınmasını istəmir. Çünki öz başındakı diktatordan, monarxdan azad olmaq istəyən xalq, sabah ümumiyyətlə öz ölkəsini vassala, istila tarlasına çevirmiş Qərbin özünə də qarşı çıxa bilər. Ona görə ABŞ, Avropa dəlinin yadına daş salmaz…
araz.az xəbər portalı.