
2026-cı il iyulun 20-də, saat 11 radələrində Novxanı kəndi, 4787 ünvanında baş verən hadisə “Azəriqaz” İstehsalat Birliyinin infrastruktur təhlükəsizliyinə necə yanaşdığının bariz nümunəsidir. Təhlükəsizlik kameralarına düşən görüntülər bir anın içində vətəndaşın əmlakının necə məhv olduğunu tam çılpaqlığı ilə ortaya qoyur. Arazpress.com bildirir ki, Fərhad Fikrət oğlu Mollayevə məxsus 90 MM 028 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil darvazanın qarşısında dayanarkən, “Azəriqaz”a aid qaz xətlərini saxlayan iri metal dayaqlar zəif küləyin təsiri ilə qəfil yerindən qoparaq nəqliyyat vasitəsinin üzərinə uçub. Zərbənin şiddətindən avtomobilin dam şüşəsi tamamilə parçalanıb, kuzov hissəsi isə yararsız vəziyyətə düşüb.
Məsələnin ən maraqlı və müəmmalı tərəfi isə hadisədən sonra ortaya çıxan rəsmi sənədlərdir. Bakı şəhəri 12 saylı notariat ofisində 22 iyun 2026-cı il tarixində təsdiqlənmiş 7E-1889 nömrəli etibarnamə ərazidəki işlərin kim tərəfindən aparıldığını ifşa edir. Sənəddə Vəliyeva Gülxar Valeh qızının Behbudov Bağban Əhməd oğluna qaz borularının kəsilməsi, daşınması və quraşdırılması ilə bağlı geniş səlahiyyətlər verdiyi açıq şəkildə qeyd olunur. Hətta etibarnamədə “Azəriqaz”ın 12 avqust 2015-ci il tarixli, 24880 nömrəli texniki şərtinə istinad edilməsi, işlərin birbaşa dövlət qurumunun nəzarət mexanizmi çərçivəsində aparıldığını göstərir. Yəni, söhbət hansısa kənar şəxslərin özbaşınalığından deyil, məhz “Azəriqaz”ın nəzarət və icazə verdiyi bir prosesin bərbad icrasından gedir.

Lakin hadisədən sonra maraqlı bir mənzərə yaranıb: Ortada rəsmi sənədlər, “Azəriqaz”a aid qaz xətləri və dağılmış avtomobil olmasına baxmayaraq nə qurumun özü, nə də işləri icra edən tabeli şəxslər məsuliyyəti üzərlərinə götürürlər. Zərərçəkən Fərhad Mollayev təmir xərclərinin qarşılanması üçün dəfələrlə müvafiq qurumlara müraciət etsə də, qarşılığında yalnız laqeydlik və susqunluqla rastlaşıb. Sorğular cavabsız qalıb. Tabeli şəxslər avtomobilin təmirinə çəkilən xərcləri ödəməkdən boyun qaçırırlar.



Hüquqi cəhətdən vəziyyət tamamilə aydındır. Yeni “Qaz təchizatı haqqında” Qanun qaz təchizatı subyektinin təqsiri üzündən əmlaka dəyən zərərin tam həcmdə ödənilməsini tələb edir. İri metal dayaqların küləyə belə tab gətirməyəcək şəkildə, təhlükəsizlik standartlarına cavab vermədən quraşdırılması birbaşa icraçıların və ona nəzarət edən qurumun günahıdır. İndi “külək əsdi, dayaq aşdı” kimi ucuz bəhanələrlə məsuliyyətdən yayınmaq cəhdləri qanun qarşısında heç bir dəyər daşımır.
Fərhad Fikrət oğlu Mollayevin avtomobilinə dəymiş maddi ziyan dərhal qarşılanmalı, təmir xərcləri “Azəriqaz” və onun aidiyyatı struktur bölmələri tərəfindən tam ödənilməlidir. İctimaiyyətə və vətəndaşa qarşı sərgilənən bu laqeydlik, sadəcə vətəndaş hüquqlarının deyil, həm də qanunun aliliyinin pozulmasıdır. Aidiyyatı qurumlar dərhal hərəkətə keçməli, baş verənlərə görə cavab verməli və vətəndaşın pozulmuş hüquqlarını bərpa etməlidirlər. Faktlar, sənədlər və görüntülər ortadadır; indi növbə məsuliyyətdən qaçanların deyil, qanunun tələblərini yerinə yetirənlərindir.
ELMİDAR
araz.az xəbər portalı.