
Tural İRFAN,
ilahiyyatçı və siyasi şərhçi
Quran məntiqinə görə Allahın qisas metodlarından biri də bir zalımdan digər zalımın əli ilə intiqam almaqdır. Tarixdə bunun örnəkləri çoxdur. Həşşaşilərin İslam coğrafiyasında terror şəbəkəsi qurması, Abbasi xəlifəsinin həddini aşması, müsəlmanların parçalanıb Allahın dinini siyasi məqsədlərə alət etməsi Hulakuların əli ilə ilahi cəza mexanizmini işə saldı.
Hulaku əvvəlcə İran coğrafiyasında qurulmuş olan terror dövləti Həşşaşilərin üstünə yürüdü, Ələmut qalasının altına barıt və neft doldurub partlatdı və demək olar ki, hamısını qırdı. Sonra da Bağdada üz tutub böyük dağıntılar və qətllər törətdi. Xəlifəni xalçaya büküb atların ayaqları altında çığnatdı. Böyük məscidlərə baxıb bu binaların nə olduğunu soruşdu. Dedilər, Allahın evidir. Dedi, Allah insanın qəlbində olmalıdır. Siz isə onu qəlbinizdən çıxarıb yerinə çirkin niyyətlər qoymusunuz, böyük-böyük evlər tikib özünüz də o evlərin içində murdar-murdar işlərlə məşğulsunuz…
İsrail və İran da bu gün Allahın adı ilə dünyada qətliamlar, fəsad törədir. Hər ikisi də guya müqəddəslik uğrunda qan tökdüyünü deyir. Biri Maşiaxın, digəri Mehdinin gəlişi üçün çalışdıqlarını mütəmadi olaraq dilə gətirir. Əslində isə, hər ikisi Allahla savaşırlar. Dinləri siyasi maraqlara alət ediblər. Məğlub olacaqlar. Bir-birini tükədəcəklər. Birinin süqutu digərinin də son nəfəsi olacaq.
Dünyada bir damla göz yaşı, bir damla nahaq qan heç vaxt yerdə qalmayıb. Fərqli zamanlarda, fərqli şəkildə mütləq əvəzi, qarşılığı verilib. Dostoyevski demişkən, hətta bəşəriyyətin xoşbəxtliyini təmin etmək üçün tikilən bir sarayın tikintisində bir körpənin göz yaşı axacaqsa o saray mütləq tar-mar olacaqdır. İranın Suriyada, İraqda qırdığı körpələr, şərləyib asdığı milli fəallar, Allahın dinini təhqir etməsi, eyni zamanda İsrailin genosid törətdiyi məzlum Fələstin xalqının ah-naləsi hədər ola bilməz. Çünki bu, ilahi ədalətə ziddir. Bəndələrinə ədaləti əmr edən Allah özü daha adildir. Məhz bu ədalətin ali təntənəsi, bir zalımın digər zalımın əli ilə cəzalandırılmasıdır.
Bu gün Xocalı qatilləri Sərkisyan və Köçəryan həbs olunub. Nəticə odur ki, Xocalının qisası ləngisə də fidanı səhrada bitirən Allah bunu reallaşdırdı. 44 gündə ordumuza qarşı savaşan, əli şəhidlərimizin qanına bulaşan Paşinyan bu gün Xocalı qatillərini həbs edir. Atalar demişkən, qisas qiyamətə qalmaz…

araz.az xəbər portalı.