
Ermənistanda sabiq prezident Robert Köçəryan ətrafında yeni və ciddi hüquqi proses başlayıb. Belə ki, o, öncə Milli Təhlükəsizlik Xidmətinə, daha sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bundan başqa, onun və ailə üzvlərinin əmlaklarında axtarışlar keçirilib.
Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı üç maddə üzrə cinayət işi başlanıb.
İstintaqın əsas versiyasına görə, Köçəryan 1998–2008-ci illərdə prezident olduğu müddətdə xidməti mövqeyindən istifadə edərək dövlət mülkiyyətindən çıxarılan qiymətli əmlakı bazar dəyərindən xeyli aşağı qiymətə əldə edib.
Maraqlı məqam odur ki, iş yalnız Robert Köçəryanla məhdudlaşmır. Daha 9 nəfərə, o cümlədən oğlu Sedrak Köçəryana, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və digər şəxslərə qarşı da cinayət işi açılıb.
Əslində, baş verənlər təəccüblü deyil. Gec-tez Ermənistan Baş naziri Nikol Paşinyanın Robert Köçəryan və Serj Sərkisyana qarşı cinayət işləri açaraq onları bu və ya digər formada həbs etdirəcəyi gözlənilən idi. Paşinyan bunu çox öncədən də edə bilərdi, lakin tələsmədi.

Öncə Ermənistanda parlament seçkiləri baş tutdu və Paşinyanla onun rəhbərlik etdiyi partiya qələbə qazandı. Parlamentdə yetərli çoxluğu təmin edən Paşinyan, görünür, bir qədər də gözləməyi, rəqiblərinin həbsi üçün hüquqi zəminin yaranmasını, həmçinin araşdırmaların yekunlaşmasını gözlədi.
İndi isə görünür, vaxt yetişib və hərəkətə keçilib. Nəticədə Robert Köçəryan saxlanılıb və ona qarşı bir neçə maddə üzrə cinayət təqibi başlanıb. Vəziyyətdən asılı olaraq Paşinyan Robert Köçəryan və Serj Sərkisyanı azadlığa çıxmayana qarşısını alacaq. Hətta proses genişlənə, onların tərəfdarı olan strateji şəxslər də həbs edilə bilər.
İndiki məqamda geriyə bir sual qalır: Nikol Paşinyan bir müddət sonra Robert Köçəryan və Serj Sərkisyanın Azərbaycana ekstradisiyasına razılıq verə bilər?
Əvvəlcə deyim ki, bu həbslər Azərbaycanın istəyi ilə deyil, Paşinyanın planı əsasında baş tutur. Ona görə Bakı hadisələrə Ermənistanın daxili işi kimi baxır. Lakin ümumilikdə bu günə qədər Azərbaycan belə bir tələblə çıxış etməyib.
44 günlük müharibə zamanı Köçəryan, həmçinin Sərkisyan Qarabağa gəlmişdi. Azərbaycan tərəfi onların yerini bilirdi və həbs etməyə hazırlaşırdı. Amma Rusiya kəşfiyyatından bu haqda xəbərdarlıq alan Köçəryan və Sərkisyan Ermənistana qaçdı.
İndiki məqamda Paşinyan istəsə belə, onları Azərbaycana verə bilməz. Hər şeydən öncə Ermənistan və Azərbaycan arasında ədliyyə sahəsində razılaşmalar, təmaslar yoxdur.
Lakin bu gün olmasa belə, gələcəkdə ortaq bir məhkəmə prosesi ilə Robert Köçəryan və Serj Sərkisyan həm də azərbaycanlılara qarşı işlədiyi insan haqları cinayətləri və Bakının qaldıracağı iddialar ilə mühakimə edilə bilər.

Turan RZAYEV,
politoloq
araz.az xəbər portalı.