
Son vaxtlar getdikcə böyüyən və daha çox şahidi olduğumuz torpaq qalmaqalları həm hüquqi, həm də sosial baxımdan cəmiyyətdə ciddi gərginlik yaradan, insanların mülkiyyət hüquqlarını təhdid edən ən böyük problemlərimizdən biridir. Nəinki ölkə vətəndaşları, hətta dövlətin özü üçün ciddi bir sosial və hüquqi bəlaya çevrilən bu problemin yaranmasında əsas günahkarlar kimi yüksək səlahiyyət sahibi vəzifəli şəxslərin və onların göstərişləri ilə “oturub-duran” vasitəçilərin, saxtakar maklerlərin və bəzi işbazların adları öndə çəkilir.
Belə səlahiyyət sahiblərinin təqsirləri ucbatından çox vaxt eyni torpaq sahəsi bir-neçə nəfərə satılır, qanunsuz zəbt edilərək, tikinti üçün paylanır. Elə olur ki, bələdiyyə və ya icra orqanlarının köhnə tarixlərlə verdikləri saxta sərəncamlara görə eyni torpaq sahəsi üzərində birdən ayrı-ayrı şəxslər mülkiyyət iddiası qaldırır. Belə qanunsuz əməllər nəticəsində yaranan sosial gərginliyin, dövlət obyektləriylə yaranan mübahisələrin ən acı nəticəsi isə budur ki, aldadılan əksər Azərbaycan ailələri illərlə yığdıqları halal pullarını itirir, yaranan uzun-uzadı kütləvi məhkəmə çəkişmələri çox vaxt onların başlarına bəla açır.
Paytaxt Bakının Səbail rayonu ərazisindəki Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsinə görə baş verənlər də yuxarıda qeyd olunanların daha bir təsdiqidir. Bu qalmaqalda isə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanın adı hallanır. Başqaları kimi, səfir də “yoğurmadan, yapmadan, hazırca kökə tapmaq” istəyir. Lakin bu torpaq sahəsi ilə bağlı Arazpress.com-a daxil olan məlumatlar onun qanunsuz hərəkətlər etdiyindən xəbər verir.

Deyilənlərin təsdiqi kimi, əsil torpaq sahibinin aidiyyatı dövlət qurumlarına ünvanladığı və aşağıda dərc etdiyimiz şikayət ərizələrini oxumaq və videoya baxmaq kifayətdir.
Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevə
Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev, 49Z ünvanında yaşayan Ağayev İsmayıl Bəşir oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Ceyhun müəllim!
Bakı Şəhəri Səbail Bələdiyyəsinin 03.06.2004-cü il tarixli, 98 saylı sərəncamı ilə mənə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m-lik torpaq sahəsi alqı-satqı sənədləri ilə mülkiyyətimə verilmişdir.
Həmin vaxtdan bu torpaq sahəsi mənim istifadəmdə olub. 14.08.2026-cı il tarixdən isə, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qəhrəman Elxan Cahangir oğlu bu torpaq sahəmə aid çıxarışı olduğunu bildirərək, mənim oranı tərk etməyimi tələb edib.
Bildirmək istəyirəm ki, ona DƏDRX-də 22.11.2011-ci il tarixli 1111105293 nömrəli dövlət qeydiyyatına alınmış və MA0308142 seriya nömrəli Çıxarış verilmilşdir. Əslində, ona məxsus torpaq sahəsi mənim torpaq sahəmdən 80 metr solda yerləşir. Onu da qeyd edim ki, o, həmin torpaq sahəsini almayıb. Əkbərov Yelmar Əmən oğlu ilə aralarında ticari mübahisə zamanı səfir bu şəxsi polisə verib. O da məcbur qalaraq, pul əvəzinə ona məxsus 8 sot torpaq sahəsini səfirə verib.
E. Qəhrəman vəzifəsindən, nüfuzundan və mövqeyindən sui-istifadə edərək, mənim torpaq sahəmə də girib və ora saxta yollarla çıxarış almağa müvafiq olub. Halbuki, həmin torpaq sahəsi mənim tərəfimdən hasara alınıb, hətta orada ev inşası üçün katlavan da qazılıb.
Araşdırsanız, siz də görəcəksiniz ki, o, həmin torpaq sahəsinə bir manat belə rüsum ödəməyib. Bunları ona görə yazıram ki, həmin torpaq sahəsini mən ona vermişəm. Onda Yelmar məndən xahiş edib ki, o güclüdür, əlaqələri var, köməklik göstərim ona. Mən də, kömək etməklə, Əzizova Ünzilə İlbala qızının adına olan torpaq sahəsini Yelmara verdim.
E. Qəhrəman Səudiyyə Ərəbistanında Ticarət attaşesi işləyən zaman artıq belə işlərlə məşqul olurdu, dövlətin pulunu mənimsəyirdi və əmlaklar alırdı, ticarət işləri üçün böyük pullar buraxırdı.
Mən özüm Birinci Qarabağ müharibəsində, Göranboyda könüllü dəstə yaradaraq, döyüşmüşəm. 44 günlük müharibədə də, Fizuli rayonunda əsgərlərin yanında köhnə döyüşçülərlə bir yerdə olmuşam. Ölkədənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə özümü ictimaiyyətə tanıda bilmişəm. Hal-hazırda Beynəlxalq Diaspor Mərkəzinin sədri vəzifəsində çalışır və ölkənin nüfuzunun xarici ölkələrdə qorunması naminə əlimdən gələni təmənnasız olaraq əsirgəmirəm.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Qəhrəman Elxan Cahangir oğlunun fəaliyyətinin araşdırılmasını və mənim torpaq sahəmnən əl çəkməsi üçün ona göstəriş verib, mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Kömək üçün Sizə qabaqcadan minnətdarlığımı da çatdırıram.
Imza: Ağayev İsmayıl
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Tezliklə daha geniş yazımızla tanış ola bilərsiniz.
Fərhad MƏMMƏDOV


araz.az xəbər portalı.