
—————– Samir FEYRUZOV
“Çevik”i döyən vəhhabilərdir…
Riyakarlıq aydın görünür; əvvəlki proseslərin təhlili göstərir ki, “Çevik” ləqəbli şəxsi müdafiə edənlər indi heç də onun qazi statusuna görə canfəşanlıq etmirlər. Onun döyülməsinə dar çərçivədə baxmaq, “qazini döymək vicdansızlıqdır”, “zorakılıq yolverilməzdir” emosiyaları ilə çıxış etmək yanlışdır. Məsələ bu qədər sadə deyil və sadəlövhlük ən böyük bəladır. Heç şübhəsiz ki, ağlı başında olan hər kəs zorakılığı qınamalıdır, amma bu qınağın kökündə başqa səbəblər varsa, məsələ dəyişir.
Birincisi, “Çevik”in layihə olduğu açıq-aşkar görünür. Fiqur olduqca həssas və dəqiq şəkildə seçilib — o, qazidir.
İkincisi, “Çevik”in atası olduğu iddia olunan Qəbələ rayon Məlikli kənd sakini Məqsəd Bağırov Meydan TV-nin 30 iyul 2021-ci il tarixli reportajında müharibə iştirakçısı olan övladlarına iş tapa bilməməsindən və ağır sosial çətinliklərdən gileylənirdi. Bir atanın çətinliklərdən şikayət etməsi normal haldır.
Amma bu o zamana təsadüf edirdi ki, regionlarda sosial problemlərin sərt üslubda işıqlandırılması xaricdən maliyyələşən bir sıra media qurumlarının qarşısına əsas hədəf kimi qoyulmuşdu. Bu, diqqətçəkən məsələdir.
Yad dəyərlərin güclənməsi daxili risklərə yol aça bilər…
Azərbaycanda vəhhabilərin və ateizmin güclənməsi, paralel olaraq, antişiə xəttinin kütləviləşməsi ciddi təhlükələr yaradır. Hər iki cərəyan – vəhhabilik və ateizm ölkəyə kənardan transfer olunub. Məhz bu proses çərçivəsində təbliğat qurulub, ənənəvi dini təriqətlərə – sünniliyə və şiəliyə qarşı da radikal cəbhə açılıb.
Azərbaycanda suyu bulandırmaq istəyənlərin olduğu heç kəsdə şübhə doğurmur. On il bundan əvvəl heç bir vəhhabi insanları cəzalandırmaq iradəsini açıq müstəvidə özlərində hiss etmirdilər.
Bu iki hadisəyə diqqət edək:
1) Avqust ayında 11 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava zamanı kriminal aləmin tanınan siması “Yeraz Camal” ağır şəkildə döyülmüşdü.
Əldə etdiyim məlumatlara görə, onu radikal təriqətin nümayəndələri olan vəhhabilər döyüb.
“Qanuni oğru” Rufo Gəncinski yaxın adamı Camalın döyülməsinə cavab olaraq qisas əmri — “proqon” verdi.
Bundan sonra Rufonun klanına daxil olan şəxslər cəzaçəkmə müəssisəsində vəhhabiləri tapdalayıb üstündən keçiblər, onları o qədər döyüblər ki, nəfəs almağa imkanları olmayıb.
2) Üstündən bir neçə gün sonra “Çevik” ləqəbli avantüristi döydülər. Bəs onu döyən kimlərdir?
Əldə etdiyim başqa bir məlumata görə, yenə də radikal təriqət nümayəndələri olan vəhhabilər.

Nəticə ilə mübarizə aparsaq, proseslərin əsl mahiyyətindən uzaq olacağıq, səbəblərlə mübarizə aparsaq, həm ayıq başla düşünə biləcəyik, həm də sağlam ictimai fikir dövlətə əhəmiyyətli dəstək vermiş olacaq.
“Çeviki”i müdafiə edənlərin kimliklərini nəzərdən keçirməyi məsləhət görürəm.
Əksəriyyəti İsraili Azərbaycandan çox sevənlər, uğursuz millətçilər və təriqətçi üsnürlərdir. Həmişə demişəm, belə məsələlərdə hər kəs öz genetik kodlarından çıxış edir, məsələn, yazırlar ki, Şah İsmayıl Xətayi mənim babamı öldürüb. Qəzəbin kökündə nəyin dayandığı heç kəsə sirr deyil.
Arif Hacılının qardaşı Mustafa Hacıbəyli “Çevik”i İmaməddin Nəsimi, Mirzə Cəlil və Sabirlə eyni tərəziyə qoyub müzakirə açır. Bu düşüncədə olan adamlar Azərbaycanda iqtidara gəlmək və prezident olmaq istəyiblər. Dəhşətlidir.
Mən “Çevik”in videolarını izləmişəm, fizika, kimya və biologiyaya aid terminlərdən istifadə edərək yalançı elmi mülahizələr irəli sürür. Ardınca nə baş verir? Elmli, savadlı gənclər onun efirində canlıya qoşulur, “Çevik”in işlətdiyi terminləri bir-bir onun üzünə izah edərək saxtakarlığını sübuta yetirirlər. Çıxılmaz vəziyyətə düşən bu adamın əyri ağzı bir az da əyilir, başlayır təhqirə və həmin elmli gəncləri efirdən çıxarır, ya da özü qaçır. Bu barədə sosial şəbəkələrdə yüzlərlə video var. Başqa yolu qalmır, aqressivləşib söyüşə keçir, bayrağımızdakı rəngləri lağa qoyur, dindarları təhqir edir, Allahı sıradan bir alət kimi ağ yuyub-qara sərir. Arqumentsiz və küçə jarqonu ilə!
Bəli, “Çevik”in dedikləri savadsızlar, ömründə bir kitab oxumayanlar üçün diqqətçəkəndir. Belə söhbətlər yüz illərdir çayxanalarda aparılır.
Ərəbcə bilməyən avantürist “Çevik” Quranda səhvlər axtarır. Ola bilərmi ki, ingiliscə bilmədən Şekspiri, rus dilini bilmədən Puşkini təhlil edəsən?

Belələri spekulyasiya ilə məşğuldurlar, bilirlər ki, heç kəs onun dediklərini araşdırmayacaq. Dindarlara “küçük” deyə müraciət edən “Çevik”in qəhrəman obrazının yaradılmasının hansı hədəflərə hesablandığını düşünmək elə də çətin deyil.
Mərhum prezident Heydər Əliyev arif hacılı kimilərin dabbaqda gönünə bələd idi, ona görə də ən sərt addımlarla bu adamları dövlət idarəçiliyindən çıxdaş elədi. Onun nə qədər haqlı olduğunu zamanla gördük.
Ağzından süd iyi gələn körpə övladlarımız II Qarabağ müharibəsində şəhid olanda, İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər erməni tarixindən bəhs edən “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında – Qədim tarix” adlı sənədli film çəkirdi. 2023-cü ildə nümayiş olunan filmin əsas ssenari müəlliflərindən və yaradıcılarından biri məhz İsa Qəmbərin oğludur.
İndi bu adamlar qazi qədri biləndir?
Zaqatalaya gedib çayın ortasında tursikdə uzanan, əmcəklərini açıq şəkildə nümayiş etdirən və həmin şəkli Facebook hesabında yayan Arif Hacılı kimi zorakılıq əleyhdarlarının ucbatından minlərlə müsavatçının həyatı puç olub getdi.
İndiyə qədər qaziləri müdafiə etməyənlərin gözündə “Çevik” niyə belə sevimli olub? Allahı söyür, ona görə?
Şəxsən tanıdığım şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov ürəyində Allah, Peyğəmbər, Əhli-beyt sevgisi daşıyırdı. O.Əkbərova görə Allahı müdafiə etmək daha doğrudur, yoxsa “Çevik” ləqəbli qaziyə görə Allahın söyülməsinə azad söz adı altında bəraət qazandırmaq?!

araz.az xəbər portalı.