
Döyüşə atılanda,
İçdilər Zəfər andı.
Ana oğul itirdi,
Vətən oğul qazandı.
Birinci Qarabağ müharibəsində şəhid olmuş Əhmədipur İbrahim Səfər oğlu 1955-ci il sentyabrın 3-də Ağdam rayonunda anadan olmuşdur. O, Ağdam və kəndləri uğrunda gedən qanlı döyüşlərdə igidliklə iştirak etmişdir. Şəhidin sonuncu döyüşü Naxçıvanik uğrunda gedən döyüş olub. Bu döyüşdə İbrahim (1992-ci il iyunun 12-də) qəhrəmancasına döyüşmüş və Şəhidlik zirvəsinə yüksəlmişdir.
İbrahim Əhmədipurun həyat yoldaşı, illərdir tanıdığım Almaz xanım Zeynalova vəfa borcu olaraq Şəhid həyat yoldaşının xatirəsini həmişə uca tutmuşdur. O, yadigar qalan üç övladını təkbaşına böyüdüb ərsəyə çatdırıb. Vəzifəsini əsla bununla bitmiş hesab etməyən Almaz Zeynalova hər zaman qəlblərində eyni dərdi daşıyan şəhid ailələrinin yanında olmaq üçün, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyini yaratmış və 20 ildən artıqdır ki, həmin birliyin xətti ilə davamlı olaraq xeyirxah layihələr həyata keçirir.
Təşkilat sədri olaraq həm də qazi və veteran ailələrinə, aztəminatlı şəxslərə, valideyn qayğısından məhrum olmuş uşaqlara, tənha ahıl insanlara özünün və ictimai birliyin imkanı daxilində maddi və mənəvi dəstək göstərir. Bu alicənab, saleh əməlləri ilə Almaz xanım həm vətəndaşlıq borcunu yerinə yetirir, həm də Şəhid həyat yoldaşının adını uca tutur.

Bu gün — sentyabrın 3-də şəhid hətat yoldaşı brahim Əhmədipurun doğum günündə Almaz xanım gözləri dola-dola onu yad edərək bizimlə xatirələrini bölüşdü. Onu tək qəhrəman bir döyüşçü kimi yox, eyni zamanda, nümunəvi bir həyat yoldaşı kimi də nəzrələrimizdə canlandırdı. Almaz xanım, torpaqlarımızın işğaldan azad olunmasına görə hayat yoldaşının ruhunun rahatlıq tapdığına əmindir. Çünki artıq ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, şəhidlərimizin qanı yetərincə alınmışdır…
Bu gün Almaz Zeynalova yorulmadan ard-arda möhtəşəm layihələrə imza atmaqdadır. Onun həyata keçirdiyi möhtəşəm layihələrdən biri olan “Zəfər tarixinin şahidləri: Həssas ailələrin uşaqlarının mənəvi inkişafı” layihəsi, həmçinin şəxsi təşəbbüsləri ilə şəhid və əlil uşaqları üçün təşkil etdiyi müxtəlif layihələr cəmiyyətdə alqışla qarşılanmışdır.
Almaz Zeynalova xatırlayır ki, İbrahim 1990-cı il qanlı yanvar hadisələrindən sonra özünə heç yer tapa bilmir, xalqımızın azadlıq mücadiləsini boğan sovet cəlladlarına, həmçinin torpaqlarımıza göz dikən erməni quldurlarına qarşı nifrət hissi ilə alışıb-yanırdı. Odur ki, düşünmədən Fred Asifin batalyonuna qoşularaq şiddətli döyüşlər gedən meydana atılmışdır…
Şəhidin övladlarından kiçik oğlu Rövşən Azərbaycan Silahlı Qüvvələrinin kapitan rütbəli hərbi qulluqçusudur. Onun özünə bu şərəfli xidmət yolunu seçməsində heç söz yox ki, vətənpərvər Şəhid atasının qəhrəmanlıq tarixçəsinin mühüm təsiri olmuşdur…
Şəhid İbrahim Əhmədipurun ruhuna rəhmət oxuyur, ondan yadigar qalan övladlarına, nəvələrinə xoşbəxtlik arzulayır, Almaz xanıma isə xeyriyyəçi işlərində bol-bol uğurlar diləyirik.
Nüşabə ƏHMƏD
araz.az xəbər portalı.