
Şəhidlərə və onların xatirəsinə hörmət edilməlidir. Bu hörmət birinci növbədə şəhid ailələrindən gözlənilir. Övladının, qardaşının, atasının şəhid statusundan istifadə edərək haqsız işlərə qoşulmaq və ədalətsiz tələblər irəli sürmək isə yolverilməzdir.
Mən illərdir eşidirəm ki, şəhid Xudayar Yusifzadənin anası Radə xanım bütün Bərdə rayonunu boğaza yığıb. İnsanlar da abrına qısılıb onu incitmirlər. Radə xanım Kral Arturun məşhur qılıncını əlinə alıb hamını asıb kəsir. “Papaq” filmindəki Həsənağa kimi, Bərdə rayonunda heç kəs onun sözünün üstünə söz deyə bilməz, o, hər yeri dağıdar, yandırar, insanı kəsib-doğrayar, tikəsini də tapaq bilməzlər. Bu nə acı mənzərədir? Məgər Bərdə rayonunda başqa şəhid anası yoxdur?
Bu ölkədə elə şəhid anaları var ki, abrına, ismətinə sığışdırıb kimsənin qapısını döymür, heç bir məmuru, iş adamını divara dirəmir. Elələri də var ki, işdüəzltmə, vəzifəyə adam qoyma, torpaq alveri, sələm və s. nə desən, onunla məşğuldur.
Dövlət şəhid ailələrinin evini verib, onları işlə təmin edib, adlarını əbədiləşdirib, hər yerdə də onlara “yaşıl işıq” yandırıb. Bəli, narazı qalan şəhid ailələri də ola bilər, bu, istisnadır və mən də istənilən halda həmin haqlı şəkildə narazı qalan şəhid ailələrinin mövqeyini dəstəkləyirəm. Amma bu — o deyil axı…
Nə baş verib? Deməli, Şuşaya səfər edən ziyarətçilər şəhidlərimizin adlarını küstar üsullarla Cıdır düzündəki qayalıqlara yazıblar. Boya ilə yazılan şəhid adları aidiyyəti qurumlar tərəfindən silinib. Həngamə də bundan sonra başlayıb. Radə xanım aləmi bir-birinə vurub ki, mənim oğlumun adını qayalıqlardan niyə silmisiniz…
Əziz Radə xanım, bu ölkədə övladının şəhid statusundan ən yüksək səviyyədə yararlanan valideynlərdən biri də məhz sizsiniz və buna görə heç kəs sizə bir söz demir.
Sabah hansısa başdanxarab gəlib sizin də övladınızın adı yazılan o qayalıqlarda qeyri-etik hərəkətlər etsə, bunun məusliyyətini kim daşıyacaq? Dövlət boya ilə yazılan hər bir qayalığa da keşikçi qoymalıdır? Bu nə düşüncədir?
Elə şəhid anaları var ki, 6 ildir başına qara bağlayıb ağlayır, heç kəsdən də hədiyyə qəbul etmir ki, övladının ruhu narahat olar. Qapısına məmurlar minnətə gəlir, yenə də onlardan heç nə istəmir. Halbuki, dövlətin verdiklərini də heç kəsdən məcbur qoparmayıb. Şəhid anası var ki, qardaşını işdən çıxarıblar, gedib heç kəsdən xahiş etmir, “mən oğlumun adını minnətli işlərə qoşmaq istəmirəm” deyir.
Xudayar Yusifzadənin adı və xatirəsi artıq kifayət qədər geniş şəkildə əbədiləşdirilib. Qayalıqda onun adının küstar üsullarla yazılmasına nə gərək var?
Şəhid ailəsi kimi onun yaxınları dövlətin tam himayəsinə götürülüb:
Sığorta ödənişləri, ev təminatı, aylıq dövlət təqaüdləri, sosial ehtiyacların ödənilməsi və s. həyata keçirilib.
X. Yusifzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.
2021-ci il fevralın 18-də onun təhsil aldığı Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstünün açılışı olub.
Azərbaycanın müxtəlif şəhərlərində onun bulaq-abidə kompleksləri inşa edilib. Abşeron rayonunda adına küçə verilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunda Xudayarın büstü, hərbi gödəkçəsi və fotoşəkilləri qorunur.
Onun döyüşdən öncə oxuduğu “Vətən yaxşıdır” təsnifi ustad sənətkar Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” kimi məşhurlaşıb, bu ifa dövlət səviyyəli və rəsmi tədbirlərdə mütəmadi olaarq xatırlanır.
Radə xanım, qalanlarını da bir özünüz bilirsiniz, bir də Allahınız. Yerli-yersiz insanlara zülm etmək, sizə aid olmayan işlərə müdaxilə etmək, insanları cəzalandırmaq iştahı heç kəsə başucalığı gətirmir.

Samir FEYRUZOV
araz.az xəbər portalı.