
Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis, QAİ-nin Hamamlı İcmasının sədri
Gecə saatlarıdır… Ş. Aydınoğlu Vahabzadənin səhifəsində Kamil Cəlilovun ifasında Mirzə Xəzərin Xəlil Rza Ulutürkün “Davam edir 37” şerinə qulaq asa-asa bu yazını yazmağı qərara aldım. İnsan bəzən günün səs-küyündən uzaqlaşanda, düşüncələri ilə baş-başa qalanda dünənlə bu gün arasında görünməyən əlaqələri daha aydın görür. Bir-birini tamamlayan bu üç sənət nümunəsi məni cəmiyyətimizdə baş verənlərə, xüsusilə də təhsil müəssisələrində müşahidə etdiyimiz proseslərə öz baxış bucağımdan qiymət verməyə sövq edir…
Facebook səhifələrində çoxlarımızın rastlaşdığı bu sənət üçlüyünə yazılmış şərhləri oxuduqca bir məqam məni xeyli təəssüfləndirdi: İnsanların şoxsaylı bir qismi əsərin mahiyyətindən daha çox onun zahiri tərəflərinə diqqət yetirirdi.
Mirzə Xəzərin səsinin milli ruhumuzu oyatması, Xəlil Rzanın misralarının yaddaşımızı silkələməsi, Kamil Cəlilovun ifasının bu duyğuları daha da dərinləşdirməsi əvəzinə, müzakirələrin bir hissəsində fikirlər Mirzə Xəzərin etnik mənsubiyyəti ətrafında cəmlənmişdi. Kimisi onun yəhudi, kimisi tat olduğunu önə çəkirdi.
Bəs, əsas məsələ insanın yəhudi, tat və ya başqa bir etnik mənsubiyyətə sahib olması idimi?
Əlbəttə, yox! Əsas məsələ insanın kimliyindən əvvəl hansı dəyərlərə xidmət etməsi, xalqı üçün nə etməsi, onun taleyində hansı iz qoymasıdır. İnsanı mənsubiyyətinə görə yox, əməlinə, mövqeyinə və gördüyü hansısa işə görə qiymətləndirmək lazımdır.
Bir zamanlar Azərbaycan həqiqətlərinin ölkəmizin sərhədlərindən kənara çatdırılmasında mühüm vasitələrdən biri Mirzə Xəzərin Münhendəki Azadlıq Radiosundan yayımlanan verilişləri idi. Onun səsi xalqımızın ağrısını, azadlıq arzusunu və mübarizə əzmini dünyaya çatdırırdı. Bu gün həmin səsin müşayiəti ilə Xəlil Rzanın üsyankar ruhunu yenidən yaşadığımız halda, diqqətimizi əsərin məzmunundan yayındırıb, ifaçının etnik mənsubiyyətinə yönəldilməsi düşündürücü deyilmi?
Görünür, bəzən kimin hansı mənsubiyyətə sahib olduğunu müəyyənləşdirməyə o qədər aludə oluruq ki, onun xalqımıza nə verdiyini, hansı dəyərləri yaşatdığını və hansı məqsədə xidmət etdiyini arxa plana keçiririk. Halbuki, tarix bizə dəfələrlə göstərib ki, insanın mənsubiyyəti ilə əməlləri arasında həmişə düşündüyümüz kimi birbaşa əlaqə olmur.
Buna görə də, xalqına xidmət edənlərlə onun maraqlarına zərər vuranları ayırd etmək, başımıza gələn hadisələrdən nəticə çıxartmaq, zahiri əlamətlərə aldanaraq, mahiyyəti gözdən qaçırmağın acı nəticələrindən dərs almaq daha doğru seçimdir.
Bu suallar məni istər-istəməz bugünkü təhsil müəssisələrində baş verənlərə qaytarır.
Bu gün orta məktəblərdə dini geyim, hicab və məktəbli forması ətrafında yaranan müzakirələrə yalnız cari hadisələr kimi baxmaq, məncə, məsələnin mahiyyətini tam anlamağa imkan vermir. Hər bir ictimai problemin arxasında müəyyən tarixi proseslər, vaxtında verilməmiş qərarlar və bəzən də diqqətdən kənarda qalmış suallar dayanır. Əgər təhsil müəssisələrində uşaqların dünyagörüşünə təsir göstərə biləcək prosesləri vaxtında araşdırsaydıq, mümkün riskləri obyektiv qiymətləndirsəydik və qanunun tələblərinə uyğun tədbirlər görsəydik, bir sıra problemlərin daha erkən mərhələdə qarşısını almaq mümkün olardı.
Burada söhbət hansısa dinə, etnik qrupa və ya insanların şəxsi inancına qarşı çıxmaqdan getmir. Söhbət məktəbin öz əsas missiyasını qorumasından, uşaqların hüquqlarının təmin edilməsindən, onların sərbəst düşünmək və gələcək seçimlərini şüurlu şəkildə etmək imkanlarının saxlanılmasından gedir.
Təhsil müəssisəsi uşağa yalnız bilik verən məkan deyil. Məktəb onun dünyagörüşünün, vətəndaşlıq mövqeyinin, milli kimliyinin və insanlara münasibətinin formalaşdığı mühüm ictimai mühitdir. Məhz, buna görə də, burada hər hansı siyasi, dini və ya ideoloji təsirin hansı formada və hansı məqsədlə ortaya çıxdığı diqqətlə araşdırılmalıdır. Əsas meyar isə şübhə və ehtimallar deyil, konkret faktlar, qanun və uşaqların mənafeyi olmalıdır.
Bu gün baş verən hadisələr 1994-cü ildə Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyi ərazisində Türkiyə Diyanət Vəqfinin iştirakı ilə İlahiyyat məscidinin, 1996-cı ildə isə Qarabağ küçəsində Səudiyyə Ərəbistanı şeyxlərinin Əbu Bəkr məscidinin inşa edilməsi kimi faktlara həmin dövrün ictimai mənzərəsinin bu günkü hadisələrə transferi kimi baxılmalıdır.
O zaman bu ibadət məkanlarının gələcəkdə dini mühitə, ictimai münasibətlərə və şəhər həyatına mümkün təsirləri barədə nə dərəcədə düşünürdük? Müxtəlif dini cərəyanların ölkəmizdə yayılması, onların fəaliyyətinin şəffaflığı və hüquqi çərçivəsi barədə kifayət qədər açıq müzakirələr aparılırdımı? Yoxsa, biz bəzən məsələlərin yalnız görünən tərəfinə baxaraq, daha dərin sualları sonraya saxlayırdıq?
Bu sualları bu gün vermək asandır. Əsas məsələ həmin dövrdə baş verənləri faktlar əsasında araşdırmaq, hansı qərarların nə ilə nəticələndiyini anlamaq və gələcək üçün düzgün nəticələr çıxarmaqdır.
İctimaiyyət üçün əhəmiyyətli olan hər bir dini qurumun fəaliyyəti hüquqi şəffaflıq, qanun qarşısında məsuliyyət və cəmiyyətin maraqları baxımından qiymətləndirilməlidir. İbadət azadlığı ilə ictimai məsuliyyət bir-birinə zidd anlayışlar deyil. Əksinə, hüquqi dövlətin əsas vəzifələrindən biri həm dini etiqad azadlığını, həm də digər vətəndaşların hüquqlarını qorumaqdır.
Universitetin ərazisi: İbadət məkanı, yoxsa tələbələrin ehtiyacı?
Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyinin yenidən qurulması ilə bağlı, 2012-2013-cü illərdə aparılan layihələndirmə müzakirələri zamanı İlahiyyat məscidinin daha münasib əraziyə köçürülməsi məsələsi də gündəmə gəlmişdi. Bunun əsas səbəblərindən biri universitetin tələbə yataqxanalarına olan ehtiyacının mövcud ərazi planlaşdırılması çərçivəsində lazımi səviyyədə qarşılanmaması idi.
Məsələ universitetin inkişafı, tələbələrin yaşayış şəraiti və ərazinin səmərəli istifadəsi baxımından müzakirə olunmalı idi. Lakin ATV kanalında layihə ilə bağlı ilk müzakirələr zamanı bu məsələyə diqqət çəkdiyimizdə, bəzi media müzakirələri əsas məzmundan uzaqlaşaraq, hadisəni məscidin — Allah evinin sökülməsi kimi təqdim etməyə başladı. Müzakirənin istiqaməti dəyişdi, universitetin ehtiyacları və şəhərsalma məsələləri isə arxa plana keçdi.
Bu məsələdə «Yeni Müsavat» qəzetinin və musavat.com internet saytının mövqeyi də diqqətimi çəkmişdi. Mənim qənaətimə görə, müzakirənin tələbə şəhərciyinin inkişafı ilə bağlı mahiyyəti əvəzinə dini həssaslıqlar ön plana çəkilir, ictimai rəy əsas problemdən uzaqlaşdırılırdı.
Beləliklə, yenə də eyni mənzərə ilə qarşılaşdıq: Məsələnin mahiyyəti əvəzinə, emosional təsir gücü daha yüksək olan tərəfi ön plana çıxdı.
Halbuki, hər hansı layihənin müzakirəsində əsas sual belə olmalıdır: Bu qərar hansı zərurətdən irəli gəlir? İctimai marağa nə dərəcədə xidmət edir? Alternativlər varmı? Qərar qanuni və şəffaf prosedurlarla qəbul edilirmi?
Diqqət çəkən digər məqam isə məscidin əmlak sənədləri ilə bağlı məsələnin uzun illər həllini tapmadığı barədə məlumatlar idi. Sonradan bu problemin sürətlə rəsmiləşdirilməsi də ayrıca araşdırılmağa və izah olunmağa layiq məsələdir. Əgər hüquqi sənədləşmə uzun müddət həll olunmursa, bunun səbəbləri nədir? Əgər həlli mümkün idisə, niyə vaxtında həyata keçirilməmişdi?
Bu sualların cavabı emosional mübahisələrdə deyil, sənədlərdə, faktlarda və hüquqi prosedurlarda axtarılmalıdır.
«Ovçular evi» və park nümunəsi: Vaxtında müdaxilənin əhəmiyyəti
Həmin ərazinin gələcəyi ilə bağlı başqa bir hadisəni də xatırlatmaq yerinə düşərdi. 2015-ci ildə bu ərazidə yerləşən «Ovçular evi» restoranının yerində yeni yaşayış kompleksi inşa etdirmək istəyən işbazların planlarına ölkə başçısının vaxtında birbaşa müdaxiləsi olmasaydı, bu gün də, həmin ərazidə yaşayan sakinlərin haqlı narazılığı ilə üzləşə bilərdik.
Bu addım, şəhər mühitinin qorunması və sakinlərin maraqlarının nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyırdı. Şəhərin hər qarışına yalnız tikinti və kommersiya maraqları prizmasından baxmaq olmaz. Yaşıllıq sahələri, parklar və insanların istirahət edə biləcəyi ictimai məkanlar da şəhərin həyat keyfiyyətini müəyyən edən vacib amillərdir.
Yeni yaşayış kompleksinin inşası nəticəsində yarana biləcək sıxlıq, yaşıllıq sahəsinin itirilməsi və sakinlərin narazılığı kimi problemlərlə üzləşmək ehtimalı vardı. Vaxtında verilən qərar isə, bu mümkün narazılıqların qarşısını almağa xidmət etdi.
Bu nümunə bir daha göstərir ki, şəhərin və sakinlərin maraqları ilə, ayrı-ayrı şəxslərin kommersiya maraqları toqquşduqda, məsələ vaxtında araşdırılmalı və qanuni əsaslarla həll edilməlidir. İctimai maraqların qorunması yalnız problem yarandıqdan sonra tədbir görməklə deyil, mümkün problemləri qabaqcadan görmək və düzgün qərar verməklə mümkündür.
Bəzən vaxtında atılan bir addım, sonradan yaranacaq narazılıqların qarşısını alır. İdarəçilikdə uzaqgörənlik də məhz budur: Problemi böyüdükdən sonra həll etmək deyil, onun mümkün nəticələrini əvvəlcədən görərək, ictimai maraqları qorumaq!
Parkın salınması ilə məscidin ərazidə yerləşməsi və universitetin yenidənqurma layihəsi fərqli məsələlərdir. Lakin hər üç mövzunun ortaq tərəfi var: Torpaqdan istifadə, şəhər mühitinin təşkili və ictimai maraqların qorunması ilə bağlı qərarlar vaxtında, şəffaf və əsaslandırılmış şəkildə qəbul edilməlidir.
Məscidin ətrafında yaranan narahatlıqlar və ictimai məsuliyyət
Sonrakı illərin müşahidələri, cümə namazları zamanı məscidin ətrafında toplaşan insanların çoxluğu yerli sakinlərin gündəlik həyatına, xüsusilə də hərəkət imkanlarına çətinliklər yaratdığını bir daha təsdiq etdi. Müxtəlif ərazilərdən gələn insanların bir məkanda toplaşması, həmin ərazidə yaşayanların rahatlığını ciddi şəkildə bu gün də pozmaqda davam edir.
Bu məsələyə münasibətdə də, emosiyalardan daha çox, hüquqi və ictimai yanaşma vacibdir. İnsanların ibadət etmək hüququ olduğu kimi, sakinlərin də evlərinə rahat gedib-gəlmək, təhlükəsiz hərəkət etmək və normal həyat şəraitinə malik olmaq hüququ var. Bu hüquqlardan biri digərini aradan qaldırmamalıdır.
Digər tərəfdən, azyaşlı uşaqların dini mühitlə tanışlığının hansı şəraitdə baş verməsi də diqqətdən kənarda qalmamalıdır. Uşaqların dünyagörüşü formalaşarkən ailənin, məktəbin və ictimai mühitin məsuliyyəti böyükdür. Onların dini və mənəvi dəyərlərlə tanışlığı yaşlarına uyğun maarifləndirmə, sərbəst düşüncə və valideyn məsuliyyəti çərçivəsində baş verməlidir.
Lakin burada da bir həqiqəti unutmamalıyıq: Konkret faktlarla təsdiqlənməyən ehtimalları ümumi ittihamlara çevirmək doğru deyil. Hər hansı dini icmanın və ya məscidin fəaliyyəti barədə qiymət verərkən sübutlara əsaslanmaq, ayrı-ayrı insanların davranışlarını bütöv bir dini qrupa şamil etməmək lazımdır.
Məqsəd kimisə dini inancına görə hədəfə almaq deyil, ictimai həyatın bütün sahələrində qanunun aliliyini və vətəndaşların hüquqlarını qorumaq olmalıdır.
Hicab, məktəbli forması və əslində müzakirə etməli olduğumuz məsələ
Bu gün məktəblərdə hicab və məktəbli forması ilə bağlı müzakirələri yalnız geyim məsələsi kimi dəyərləndirmək, məncə, kifayət deyil. Burada təhsilin dünyəvi mahiyyəti, uşaqların hüquqları, məktəbin daxili qaydaları və valideynlərin məsuliyyəti kimi bir-biri ilə əlaqəli məsələlər mövcuddur.
Məktəbli formasına riayət olunması ilə, dini geyim məsələsi hüquqi baxımdan eyni anlayış deyil. Buna görə də, hər bir qərar qanunvericiliyə, qüvvədə olan təhsil qaydalarına və uşaqların hüquqlarına uyğun əsaslandırılmalıdır. Eyni zamanda, dini inancına görə heç bir şagirdin alçaldılmasına, təhqir olunmasına və ayrı-seçkiliyə məruz qalmasına yol verilməməlidir.
Mənim narahatlığım hicab taxan uşağa və ya onun ailəsinə qarşı deyil. Narahatlığım məktəbin əsas missiyasından uzaqlaşması, uşaqların düşüncə və dünyagörüşünə təzyiq və ya qeyri-şəffaf təsirlərin göstərilməsi ehtimalı, eləcə də, cəmiyyətin belə məsələlərə vaxtında və əsaslı reaksiya verməməsidir.
Uşağın gələcəkdə hansı dini, mənəvi və dünyəvi dəyərləri mənimsəməsi onun sərbəst düşünmək imkanları ilə sıx bağlıdır. Məktəbin vəzifəsi isə ona bilik vermək, tənqidi düşünmə qabiliyyətini inkişaf etdirmək, fərqli fikirlərə hörmət etməyi öyrətmək və hüquqlarını tanıyan vətəndaş kimi yetişməsinə kömək etməkdir.
Məhz, buna görə də, məktəblərdə baş verənlərə laqeyd yanaşmaq olmaz. Eyni zamanda, problemləri şişirtmək, sübutsuz ittihamlar irəli sürmək və insanları inancına görə qruplaşdırmaq da çıxış yolu deyil.
Dünənin dərslərini öyrənmədən sabahı qoruya bilmərik
Bütün bu məsələləri bir-birinə bağlayan əsas məqam aydındır: Çox vaxt hadisələrin mahiyyətinə gec diqqət yetirir, zahiri əlamətlərə aldanır və yalnız problem böyüdükdən sonra onun səbəblərini araşdırmağa başlayırıq.
Mirzə Xəzərin kimliyini müzakirə edib, onun xalqımıza xidmətini unutmaqla, bir ictimai layihənin mahiyyətini araşdırmaq əvəzinə, onu emosional şüarlarla müzakirə etməklə, təhsil müəssisələrində yaranan problemləri vaxtında və hüquqi əsaslarla qiymətləndirməməklə eyni səhvə yol vermiş oluruq: Formaya baxır, məzmunu gözdən qaçırırıq.
Tarixdən dərs çıxarmaq keçmişdə baş verən hər hadisəni bugünkü problemlərin birbaşa səbəbi elan etmək demək deyil. Tarixdən dərs çıxarmaq hadisələr arasındakı mümkün əlaqələri araşdırmaq, faktları təhlil etmək, yanlış qərarları müəyyənləşdirmək və gələcəkdə eyni səhvləri təkrarlamamaqdır.
Cəmiyyətin sağlamlığı da məhz bu yanaşmadan asılıdır. Biz insanları etnik mənsubiyyətinə, dini inancına və zahiri görünüşünə görə deyil, əməllərinə və qanun qarşısındakı davranışlarına görə qiymətləndirməyi bacarmalıyıq. Təhsil müəssisələrində isə uşaqların hüquqlarını, sərbəst düşüncəsini və təhlükəsiz inkişafını hər şeydən üstün tutmalıyıq.
Milli maraq yalnız milli mənsubiyyətdən danışmaqla qorunmur. Milli maraq hüquqa hörmətlə, təhsilin keyfiyyətinə qayğı ilə, ictimai məsuliyyətlə, tarixi yaddaşla və sağlam düşüncə ilə qorunur. Xalqına xidmət edən insanı mənşəyinə görə deyil, əməli ilə qiymətləndirmək, fərqli dini inanclara sahib insanlara münasibətdə ədalətli olmaq, eyni zamanda təhsilimizin və gələcək nəsillərimizin maraqlarını müdafiə etmək cəmiyyətin yetkinliyinin göstəricisidir…
…Gecə dinlədiyim həmin sənət üçlüyü mənə bir daha xatırlatdı ki, milli ruh yalnız şüarlarla yaşadılmır. Milli ruh tariximizi anlamaq, xalqımıza xidmət edən insanların əməyini dəyərləndirmək, cəmiyyətin problemlərini cəsarətlə müzakirə etmək və gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk etməkdir.
Əgər dünən hadisələrin mahiyyətini vaxtında görə bilməmişiksə, bu gün heç olmasa onları düzgün təhlil etməyi bacarmalıyıq. Çünki dünənin laqeydliyi sabahın probleminə çevrilə bilər.
Məktəb yalnız bilik verilən bina deyil. O, gələcək cəmiyyətin düşüncəsinin, milli kimliyinin və vətəndaşlıq mövqeyinin formalaşdığı məkandır. Bu məkanı qorumaq, uşaqlarımızın azad düşüncəsinə sahib çıxmaq, təhsilin keyfiyyətini və dünyəvi mahiyyətini təmin etmək hamımızın ortaq məsuliyyətidir.
Və nəhayət, özümüzə bir sual verək: Biz uşaqlarımıza yalnız hansı formanı geyinməyi öyrədirik, yoxsa həmin formanı geyinən insanın daxilində hansı düşüncənin, hansı dəyərlərin və hansı gələcəyin formalaşmasına da diqqət yetiririk?
Son olaraq xatırlatmaq yerinə düşərdi: Məsciddə ibadət etməyin öz qaydaları vardırsa, məktəbdə dərs almağın da öz qaydaları var. Bu qaydalara hər birimiz riayət etməyə borcluyuq. Hicabla bağlı qərar isə nəinki vaxtında verilmiş, hətta gecikdirilmiş qərardır. Vaxtında müdaxilə gələcəkdə müzakirə mövzusu yaratmağa imkan vermir.
araz.az xəbər portalı.