
Bəzi insanları illər tanıdır, bəzilərinin şəxsiyyətinə isə zaman keçdikcə daha dərindən bələd olursan. Vüqar Zifəroğlu mənim üçün məhz belə insanlardandır.
Onu uzun illərdir, hələ gənc yaşlarından tanıyan biri kimi savadına, intellektinə, geniş dünyagörüşünə və insanlarla münasibətdə nümayiş etdirdiyi keyfiyyətlərinə yaxından bələdəm. Vüqar müəllimin diqqətimi çəkən əsas xüsusiyyətlərindən biri yalnız biliyi və peşəkarlığı deyil, həm də çalışdığı kollektivdə insanları birləşdirmək, fərqli düşüncələri ortaq məqsəd ətrafında cəmləşdirmək bacarığıdır. Bu, hər ziyalıya nəsib olmayan mühüm keyfiyyətdir.
Bu gün onun Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi məni həm sevindirir, həm də qürurlandırır. Bu uğuru yalnız yeni vəzifə deyil, illər ərzində qazanılmış təcrübəyə, intellektual potensiala və təşkilatçılıq qabiliyyətinə göstərilən etimad kimi qiymətləndirirəm.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğlu həm elmi-pedaqoji fəaliyyəti, həm də jurnalistika mühitindəki mövqeyi ilə seçilən ziyalılardandır.

Jurnalistika yalnız informasiya yaymaq deyil, həm də sözə məsuliyyət, peşə etikasına sədaqət və cəmiyyət qarşısında vicdanlı mövqe tələb edən bir sahədir. Mətbuat Şurasına rəhbərlik isə bu dəyərlərin qorunması ilə yanaşı, media ictimaiyyəti arasında dialoqun və peşəkar həmrəyliyin gücləndirilməsini də zəruri edir.
İnanıram ki, Vüqar müəllimin elmi təcrübəsi, intellektual səviyyəsi və insanları bir araya gətirmək bacarığı bu məsuliyyətli missiyanın uğurla həyata keçirilməsinə töhfə verəcək. Çünki insan haqqında ən dolğun fikir yalnız tutduğu vəzifə ilə deyil, illər ərzində qazandığı hörmət və formalaşdırdığı münasibətlərlə yaranır.
Vüqar müəllim!
Sizi bu mühüm və məsuliyyətli vəzifəyə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Qoy, rəhbərlik etdiyiniz dövr Azərbaycan jurnalistikasında peşəkar həmrəyliyin möhkəmlənməsi, sağlam media mühitinin inkişafı və jurnalistikanın ictimai nüfuzunun yüksəlməsi ilə yadda qalsın.
İllərdir tanıdığım bir insanın uğuruna sevinmək və bu sevinci bölüşmək mənim üçün xüsusi mənəvi dəyər daşıyır.
Yolunuz açıq, fəaliyyətiniz uğurlu olsun, Vüqar müəllim! Qazandığınız etimad daim doğrulsun!

Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis
araz.az xəbər portalı.