Son vaxtlar qaçqınlar və müvəqqəti köçkünlər, habelə Qərbi Azərbaycana qayıdış məsələsi gündəmi zəbt edən əsas mövzular sırasında öndədir. Bu mövzu rəsmi Bakı tərəfindən də ciddi şəkildə aktuallaşdırılıb. Hakimiyyətin bu istiqamətdə həyata keçirdiyi vacib işlərdə ən böyük dəstəkçisi isə ölkənin media vasitələridir. Belə mətbuat orqanlarından biri də “Dərələyəz” qəzetidir.

14 ildir fəaliyyət göstərən bu media vasitəsi deyilənləri nəzərə alaraq, humanitar məsələlərin bütün spektrinə — Qərbi Azərbaycandakı mənfur düşmən tapdağında qalan tarixi, mədəni və dini irsə aid nümunələrlə bağlı yazılarıyla öz ciddi sözünü deyə bilib. Bu səbəbdəndir ki, təkcə Dərələyəz mahalından deyil, Qərbi Azərbaycanın hər bir bölgəsindəki dədə-baba torpaqlarından didərgin düşənlər və qəlbi doğma yurd həsrətiylə döyünənlər arasında “Dərələyəz” qəzetini tanımayan tapılmaz.

Nəşr fəaliyyətinin 14 illiyi ilə bağlı keçirilən möhtəşəm tədbirdə də, “Dərələyəz” qəzetinin yarandığı gündən indiyədək önəmli tarixi missiya yerinə yetirdiy xüsusi olaraq vurğulanıb. Həmişə xatırlanacaq və daim yadda qalacaq bu maraqlı tədbir dünən Beynəlxalq Diaspor Mərkəzinin paytaxt Bakıdakı ofisində baş tutub.

Arazpress.com xəbər verir ki, adını yuxarıda çəkdiyimiz qurumun, eləcə də Qərbi Azərbaycan İcmasının tərkibindəki Dərələyəz İcmasının və “Dərələyəz” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən bu tədbiri giriş sözüylə açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev öncə qonaqları salamlayıb. Sonra sədrin təklifi ilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bunun ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İsmayıl Ağayev öz çıxışında əsasən keçirilən bu tədbirin əhəmiyyətindən, həm də “Dərələyəz” qəzetinin bu günə qədərki fəaliyyətindən ağızdolusu danışıb. Xüsusi olaraq onu da qeyd edib ki, yarandığı gündən rastlaşdığı çətinliklərə baxmayaraq, “Dərələyəz” qəzetinin Qərbi Azərbaycan naminə yerinə yetirdiyi tarixi bir missiyanı bu günədək uğurla davam etdirməsində isə, Dərələyəz mahalının mərhum ağsaqqalı, tanınmış filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Həsən Mirzənin rolu danılmaz olub.  Məhz buna görə, “Dərələyəz” qəzetinin adı çəkiləndə öncə onun adı yüksək ehtiramla yad edilir.

Natiqin sözlərinə görə, mərhum Həsən Mirzə sağlığında qəzetin mütəmadi fəaliyyət göstərməsinə xüsusi diqqət ayırıb. Onun vəfatından sonra isə, qəzet öz fəaliyyətini dayandırmayıb, təsisçisi və Baş redaktoru Raqub Kamalın, həmçinin redaksiya əməkdaşlarının birgə səyləri nəticəsində uğurla davam etdirib.

BDM sədrindən sonra çıxış edən “Dərələyəz” qəzetinin rəhbəri Raqub Kamal da, öncə, Həsən Mirzənin bu qəzetin yüksək səviyyədə fəaliyyətindəki rolundan söz açıb. O, göstərilən diqqət və qayğıya görə Beynəlxalq Diaspor Mərkəzi və Dərələyəz İcması rəhbərliklərinə öz minnətdarlığını və rəhbəri olduğu kollektivin dərin təşəkkürünü də çatdırıb.

Raqub Kamal çıxışı zamanı tədbir iştirakçılarına qəzetin 14 illik fəaliyyəti haqqında da geniş məlumat verib və qeyd edib ki, bu mətbu nəşr öz fəaliyyətini bundan sonra daha mükəmməl şəkildə davam etdirəcək. Elə buna görədir ki, redaksiya kollektivi ilə birlikdə keçirəcəkləri növbəti tədbirə – “Dərələyəz”-in 15 illik yubileyinə ciddi hazırlaşırlar.

Baş redaktor onu da bildirib ki, “Dərələyəz” qəzetinin kollektivi həmişə Qərbi Azərbaycana Qayıdış ideyasına sadiq qalaraq, həmyerlilərinin ana Vətənə dönüş arzusunu əsas ideyasına çevirib. Dərələyəz mahalının tarixini, mədəniyyətini, tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətlərini öz maraqlı yazılarıyla ictimai yaddaşlarda yaratmaq istiqamətində yorulmadan mübarizə aparıb.

Dərələyəz mahalının Keşkənd üzrə İcmasının sədr müavini, tanınmış iş adamı Məhəmməd Rəsuloğlu, “Şərur — Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, tədqiqatçı alim Nazir Əhmədli, BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd — Amağu İcmasının sədri Elmira Hüseynova, sabiq polkovnik, tədqiqatçı Kamil Dərələyəzli, əslən Ardaraz kəndindən olan BDU-nun baş müəllimi Sona Çərkəz, Paşalı rayonunun Herher kəndindən olan və uzun illər Elitar Gimnaziyada direķtor vəzifəsində işləyən Əməkdar müəllim Sevda Quliyeva, qəzetin Redaksiya Heyətinin üzvləri Elbəyi Qənbərov, Mehdi Mehdiyev… tədbirdəki çıxışları zamanı, “Dərələyəz” qəzetinin milli dəyərlərimizin qorunmasındakı roluyla bərabər, Qərbi Azərbaycan naminə gördüyü işləri də yüksək qiymətləndiriblər. Onlar həmçinin Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşmasında bu cür media orqanlarının olmasının vacibliyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, belə bir qəzetin fəaliyyəti regionun tarixi yaddaşının yaşadılması, maddi-mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində bu qəzetin apardığı maarifləndirici işlər isə əvəzsiz və ictimai şüurun formalaşmasında xüsusi rola malik olub.

Tədbirin sonunda Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və Qərbi Azərbaycan İcmasının Paşalı rayonunun Terp kəndi üzrə İcmasının sədri Ceyhunə Şirəliyeva tərəfindən iştirakçılara, o cümlədən Raqub Kamala Ulu Öndərin şəkli əks olunan xüsusi suvenirlər  təqdim olunub. Bundan sonra isə Elmira Hüseynovanın “Dərələyəz” qəzetinin 14 yaşı münasibətilə hazırladığı tort kəsilib. Tədbir başa çatanda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Tahir HÜSEYNOV,

araz.az xəbər portalı.