
Metronun “20 Yanvar” stansiyasının altındakı yeraltı keçidlərdə yerləşən ticarət obyektləri bir ilə yaxındır ki, fəaliyyət göstərmir. Ara-sıra bu obyektlərin açılacağı barədə xəbərlər gündəmə gəlsə də, bu elə söz olaraq qalıb. Mağaza sahibləri isə hələ də ümidlə görləyirlər. Onlar hətta mallarını mağazalardan götürməyiblər.
Yaxınlıqdakı ticarətçilərin sözlərinə görə, obyektlərin nə vaxt açılacağı barədə rəsmi məlumat yoxdur.
Bəs, bu obyektlərin aqibəti necə olacaq? Mağazalar yenidən fəaliyyət göstərəcəkmi?
Arazpress.com bildirir ki, məsələ ilə bağlı Bakupost.az adından “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az-a verilən açıqlamada bildirilib ki, qeyd olunan keçidlərdə yerləşən ticarət obyektləri “Bakı Metropoliteni” QSC-nin balansında deyil:
“Onların fəaliyyəti ilə bağlı hər hansı sərəncamvermə səlahiyyətimiz mövcud deyil”.
Arazpress.com bildirir ki, Bakupost.az-ın əməkdaşı bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mətin Hüseynov jurnalistə açıqlamasında bildirib ki, keçidlərdəki ticarət obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin balansında deyil:
“Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yeraltı keçid yoxdur”.
Arazpress.com onu da bildirir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov isə Bakupost.az-a açıqlamasında bu məsələ ilə bağlı heç bir məlumatının olmadığını deyib:
“Tam səmimi deyirəm ki, o obyektlərlə bağlı bizim heç bir məlumatımız yoxdur. Yəqin ki, oranın yiyəsi bilər. Ora özəl mülkiyyətdə olan yerdir, oranın bizə aidiyyəti yoxdur”.
araz.az xəbər portalı.