
İyunun 3-də Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans bir çox baxımdan diqqət çəkdi. Konfransda çıxış edən beynəlxalq alim və ekspertlər, xüsusilə postmüstəmləkə dövrünün rəsmi şəkildə başa çatmasına baxmayaraq, onun sistemli və struktur səviyyəsində yaratdığı nəticələrin bu gün də dünya siyasətinə və iqtisadi münasibətlərə təsir göstərməkdə davam etdiyini vurğuladılar.
Konfransda BMT-nin Afrika Xalqlarının Daimi Forumunun üzvü Pastor Martinezin çıxışı xüsusi diqqət çəkdi. O, müasir Afrika cəmiyyətlərinin transatlantik qul ticarətinin, irqçilik siyasətinin, iqtisadi istismarın və “yumşaq güc” əsasında həyata keçirilən yeni neokolonializm formalarının təzyiqi altında yaşamağa davam etdiyini vurğuladı. Bu proseslərin mərkəzində isə bir ölkənin adı xüsusilə qabarıq şəkildə ön plana çıxır: Fransa.
Məlum olduğu kimi, Fransa 19–20-ci əsrlərdə dünyanın ən böyük müstəmləkə imperiyalarından birini qurmuşdu. Afrika və Asiyada milyonlarla insan Fransa tərəfindən birbaşa və ya dolayı şəkildə idarə olunurdu. Əlcəzair, Mali, Burkina-Faso, Kot-divuar, Seneqal, Kamerun, Çad, Vyetnam kimi ölkələr uzun illər ərzində Parisin sərt siyasi və iqtisadi nəzarəti altında yaşayıb.
Fransız müstəmləkəçiliyi sadəcə fiziki nəzarət və hərbi güc üzərində qurulmamışdı. O, həm də mədəni və ideoloji hegemonluq üzərində dayanan çoxistiqamətli bir siyasət idi. Yerli dillərin sıxışdırılması, fransız dilinin zorla yayılması, yerli mədəniyyətlərin “geridəqalmış” və “sivilizasiya olunmamış” kimi təqdim edilməsi, əslində bir mədəni assimilyasiya strategiyası idi. Bu, “mədəni imperializm” anlayışına uyğun gələn bir yanaşmadır və Fransa bunu “sivilizasiya missiyası” adı altında əsaslandırırdı.
1950–1970-ci illərdə müstəmləkə ölkələrinin əksəriyyəti formal müstəqillik qazansa da, bu, real suverenlik demək deyildi. Müstəmləkə administrasiyası sadəcə formal institutlarla əvəzlənmiş, lakin “Françafrique” adlanan qeyri-rəsmi idarəetmə sistemi vasitəsilə Parisin təsiri davam etmişdi. Bu sistem daxilində Fransa Afrika ölkələrinin siyasi rəhbərlərini təyin etməkdə və ya dəyişdirməkdə, iqtisadi resursların bölüşdürülməsində və xarici siyasətin istiqamətləndirilməsində həlledici rol oynayırdı.
Fransız frank zonasına daxil olan ölkələrin valyuta suverenliyinin olmaması, onların iqtisadi qərarlarının Parisdəki qurumlar vasitəsilə yönləndirilməsi, müstəqilliyin formal bir çərçivə olduğunu təsdiqləyirdi. Bütün bu mexanizmlər, neokolonializm terminini tam şəkildə xarakterizə edən bir struktur formalaşdırmışdı.
Son illərdə Sahel bölgəsində baş verən çevrilişlər xüsusilə Mali, Burkina Faso və Nigerdəki hadisələr Fransa hegemoniyasına ciddi zərbə vurdu. Bu ölkələrdəki anti-Fransa əhvali-ruhiyyəsi, Parisin demokratiya adı altında öz maraqlarını müdafiə etməsinə qarşı dərin narazılığı üzə çıxardı. Fransa bazalarının bağlanması, əməkdaşlıq müqavilələrinin ləğvi və yerli əhalinin küçələrdə “Fransa, rədd ol!” şüarları ilə etiraz etməsi göstərdi ki, bu ərazilərdə artıq yeni bir siyasi şüur formalaşır.
Ənənəvi müttəfiqlərdən olan Kot-divuar və Seneqal kimi ölkələrdə belə, Fransa təsirinin azalması və Çin, Türkiyə, Rusiya kimi yeni aktorlarla əməkdaşlığa marağın artması müşahidə olunmaqdadır. Çin xüsusilə infrastruktur və ticarət sahəsində, Türkiyə isə təhsil, dini-mədəni və təhlükəsizlik sahələrində fəallığı ilə fərqlənir. Rusiya isə hərbi əməkdaşlıq və enerji resursları üzərində təsir qurmağa çalışır.
Bu dəyişikliklərə baxmayaraq, Fransa tamamilə çəkilməyib. İndi o, daha çox yumşaq güc strategiyasına yönəlib. Yəni klassik kolonial siyasət hazırda daha incə, daha “qəbul edilə bilən” formaya keçib. Bunu “yumşaq neokolonializm” adlandırmaq olar.
Bütün bunlara baxmayaraq, Afrika ölkələri bu gün öz milli maraqlarını daha fəal şəkildə müdafiə etməyə başlayıblar. Yeni nəsil liderlər postmüstəmləkə mirasını tənqid edir, alternativ tərəfdaşlıq modelləri axtarır və daxili resurslar üzərində daha böyük suverenlik tələb edirlər.
Azərbaycan bu prosesdə ən fəal rol alan, tarixi ədalətsizliyə meydan oxuyan azsaylı ölkələrdəndir. Təsadüfi deyil ki, Bakıda keçirilən konfransın gündəmə gətirdiyi əsas məsələ budur: müstəmləkəçilik fiziki forması arxada qalsa da, onun ideoloji və struktur mexanizmləri yaşamaqdadır. Bu gerçəkliklə üzləşmək və dəyişmək təkcə Afrika xalqları üçün deyil, bu gün də keçmiş imperiya reflekslərindən qurtula bilməyən Avropa gücləri, xüsusən də Fransaya ciddi mesajdır. Azərbaycan Fransanın bu siyasətinə hər zaman qarşı çıxır.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı
araz.az xəbər portalı.