
Ölkənin polis sistemində işləyən və yaxşı işlərinə görə xatırlanan polis əməkdaşları barmaqla sayılası qədərdir. Həyatdan vaxtsız getmiş polis general-mayoru Rasim Musayev də onlardan biridir. Bu gün onun doğum günüdür və yaxşı işlərinə görə ictimaiyyət tərəfindən yaxşı xatırlanır. Bu işlərinə görə hamı ona Allahdan rəhmət diləyir, ruhu şad olsun deyir.
Arazpress.com bildirir ki, Rasim Musayev 10 iyun 1960-cı ildə Tərtər rayonununda anadan olub. Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindəndir.
Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsində rəis, Binəqədi Rayon Polis İdarəsində rəisin birinci müavini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində rəis, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsində şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində rəis, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsində rəis, 2007-2013-cü illərdə isə, Gəncə Şəhər Polis İdarəsində (2011-ci ildə Gəncə Şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəis vəzifələrində çalışıb. İşlədiyi hər yerdə də, yaxşı işlərinə görə əməyi yüksək qiymətləndirilib.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.
Rasim Musayevin xahişi nəzərə alınaraq, 2013-cü ilin yanvar ayının 21-də daxili işlər nazirinin əmri ilə, o, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib. Mehdiabad qəbiristanlığında dəfn edilib.
Peşəkar polis işçisi olan Rasim Musayev uzun illər daxili işlər orqanlarında xidmət edib. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzu ilə həmişə diqqət çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilib.
Onu da qeyd edək ki, həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Rasim Musayevin çoxsaylı cinayət törətmiş dəstələrin aşkar edlməsində, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında bir vəzifə sahibi kimi xüsusi xidmətləri olub.
araz.az xəbər portalı.