
Bütöv Azərbaycan Ocaqlarının İsrailin İrana hərbi əməliyyatları ilə bağlı Bəyanat yayıb. Təşkilat adından Arazpress.com-a daxil olan həmin Bəyanatı olduğu kimi dərc edirik:
“Məlum olduğu kimi, bir-neçə gündür İsrail dövləti İran İslam Respublikasının ərazisinə qarşı hərbi əməliyyatlara başlayıb və hazırda bu əməliyyatlar qarşılıqlı şəkildə davam edir.
Məlumata görə, hərbi əməliyyatlar nəticəsində İran ərazisində yerləşən onlarla “yer-yer” tipli raket qurğusu, raket anbarı və digər hərbi obyektlər məhv edilib, bir-neçə nüvə obyektinə zərbələr endirilib, çox sayda yüksək rütbəli zabit, o cümlədən nüvə alimləri öldürülüb.
İran — İsrail müharibəsi fonunda İran daxilində Azərbaycan Respublikasına qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdəki erməni diasporu və lobbisinin təsir edə bildiyi media orqanları dezinformasiya xarakterli əsassız və uydurma iddialar da irəli sürürlər.
Saxtakar şovinist fars rejimi və ona yaxın mənbələr məlumat yayır ki, guya, Azərbaycan İsrailə döyüş təyyarələrinin Xəzər dənizi üzərindən uçaraq, İrana aviazərbələr endirməsinə icazə verib.
Lakin Azərbaycan dövləti hər zaman rəsmi səviyyədə bəyan edib: “Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil”. Və Azərbaycan hər zaman bu mövqedə qalıb.
Biz, Bütöv Azərbaycan Ocaqları olaraq, Azərbaycan Respublikasına qarşı dezinformasiya xarakterli əsassız və uydurma iddiaları qətiyyətlə pisləyirik.
Həm də, İsrail dövləti ilə İran İslam Respublikası arasında davam edən hərbi əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq”.
araz.az xəbər portalı.