
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Onu Bakıda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Ardınca Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında təkbətək görüş keçirilib.
Bu səfər Azərbaycanın xarici siyasətində getdikcə daha önəmli yer tutan Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişafı kontekstində xüsusi diqqət çəkir. Rəsmi Bakı Daşkəndlə münasibətləri həm ikitərəfli müstəvidə, həm də Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq platformalar çərçivəsində geniş və ardıcıl şəkildə inkişaf etdirir.
Fikrimcə, münasibətlərdə əlamətdar dönüş nöqtələrindən biri 2024-cü il avqustun 23-də baş verdi. Həmin tarixdə Daşkənddə keçirilən rəsmi mərasimdə İlham Əliyev və Şaşvkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladı. Bu sənədlə iki ölkə rəsmi olaraq müttəfiq statusuna keçdi.
Müttəfiqlik münasibətlərinin bu səviyyəyə çatmasında, şübhəsiz ki, hər iki ölkə liderinin şəxsi münasibətləri də həlledici rol oynayır. Liderlər sadəcə dövlət səfərləri və rəsmi görüşlərlə kifayətlənmir, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mütəmadi olaraq bir araya gəlirlər. Bu da münasibətlərin səmimi, etibarlı və dinamik xarakter daşıdığını göstərir. Məhz bu baxımdan Prezident Mirziyoyevin Bakıya səfəri də mühüm əhəmiyyət kəsb edir.
Səfərin ilk və diqqətçəkən məqamlarından biri Prezidentlərin Bakıda “Özbəkistan” parkının təməlini qoyması oldu. Bu park sadəcə mədəni layihə deyil, iki ölkə arasındakı dostluğun və qardaşlığın qalıcı simvolu olacaq. Parkın konsepsiyası Özbəkistanın qədim şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokandın mədəni və memarlıq irsini Bakının mərkəzində əks etdirməyi nəzərdə tutur. Ümumilikdə 5 hektar ərazidə salınacaq park Özbəkistan xəritəsi formasında olacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, milli mətbəx nümunələri təqdim edən restoran və kafelər, ticarət və suvenir mağazaları, hətta zoopark və mehmanxana da fəaliyyət göstərəcək.
Bu cür layihələr ilk baxışdan elə də əhəmiyyətli görünməsə də, əslində xalqlar arasında birbaşa ünsiyyət və qarşılıqlı anlayış üçün münbit zəmin yaradır. Mədəniyyət vasitəsilə qurulan bu əlaqələr münasibətlərin daha dayanıqlı və uzunömürlü olmasına xidmət edir. Bu təşəbbüs həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında artan əməkdaşlığın da bir hissəsidir. Azərbaycan və Özbəkistan bu əməkdaşlığın mərkəzində dayanaraq həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan regional inteqrasiyanı təşviq edirlər.
Səfər zamanı diqqət çəkən digər bir məqam şəhərlərarası “qardaşlaşma protokolları”nın imzalanmasıdır. Belə ki, Sumqayıtla Daşkənd, Qəbələ ilə Navai rəsmi olaraq qardaş şəhər elan ediliblər. Bu, həmin şəhərlər arasında mədəniyyət, təhsil, turizm və biznes sahələrində daha sıx əməkdaşlıq yaradacaq. Beləliklə, iki ölkə arasında dostluq əlaqələrinin təkcə yüksək səviyyədə deyil, həm də bölgə və yerli icmalar səviyyəsində qurulması istənilir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuat qarşısında birgə bəyanatla çıxış ediblər. İlham Əliyev bəyanatında bildirib ki, Bakı və Daşkənd nəqliyyat siyasətini yalnız ikitərəfli deyil, eyni zamanda regionun digər ölkələri ilə birlikdə koordinasiya etmək niyyətindədirlər. Bu isə, birbaşa olaraq Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Xəzər üzərindən Orta Asiyadan Avropaya uzanan ticarət yollarında önəmli rol oynamasına şərait yaradır.
Bu kontekstdə Trans-Xəzər Nəqliyyat Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrindən yüklər Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa istiqamətinə daşınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq sözügedən layihələr üzrə geniş infrastruktur qurub və bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını daha da dərinləşdirmək niyyətindədir.
Bu bəyanat Azərbaycanın təkcə coğrafi mövqeyinə güvənməklə kifayətlənmədiyini, eyni zamanda tərəfdaş ölkələrlə birgə planlama və koordinasiyaya əsaslanan, strateji baxımdan ağıllı və çevik nəqliyyat siyasəti həyata keçirdiyini göstərir. Məqsəd təkcə bugünkü yük axınını təmin etmək deyil, həm də gələcəkdə daha geniş ticarət imkanlarına hazır olmaqdır.
Səfərin bir digər diqqət çəkən məqamı isə Prezidentlərin Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak etməsidir. İlham Əliyev açılış zamanı bu binanın yerləşdiyi ərazinin özəl tarixindən danışaraq bildirib:
“Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib”.
Prezident əlavə edib ki, bu bina təkcə diplomatik nümayəndəlik deyil, həm də Azərbaycanla Özbəkistan arasındakı qardaşlığın rəmzidir. Həmin yerin əhəmiyyəti ondadır ki, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən Özbəkistan üçün ayrılıb və uzun illər ərzində bu sahəyə çoxlu “namizədlər” olsa da, heç birinə verilməyib. Bu fakt həm tarixi, həm də mənəvi baxımdan xüsusi önəm daşıyır.
Nəticə etibarilə dərinləşən siyasi və iqtisadi əlaqələr, həmçinin qarşılıqlı dəstək iki ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir, regional layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Azərbaycanın regional tranzit potensialını artırması və Özbəkistanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da ön plana çıxarır.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.