
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş baş tutdu. Bu, Ermənsitan – Azərbaycan sülh gündəliyinin reallaşdırılması istiqamətində vacib idi.
Görüşdə vasitəçi və ya xarici aktorların iştirakı olmadan, liderlərin təkbətək və geniş tərkibdə apardığı danışıqlar formatı diplomatik prosesin keyfiyyətini və dərinliyini artıran əsas faktor idi. Müzakirələrin təxminən beş saata qədər davam etməsi və ardınca hər iki ölkənin Xarici İşlər Nazirliklərinin yayadığı pozitiv bəyanatlar göstərdi ki, danışıqlar konstruktiv atmosferdə keçib. Bu, həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün birbaşa təmasların daha effektiv və məhsuldar olduğunu sübut edir.
Müqayisə üçün deyim ki, Brüssel, Moskva və ya Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə edilən kənar təsirlərin burada olmaması danışıqlara daha real, siyasi cəhətdən rasional və kompromisə açıq zəmin yaradıb. Azərbaycan tərəfinin uzun müddətdir irəli sürdüyü əsas diplomatik tezislərdən biri də elə bu idi: vasitəçilərsiz, ikitərəfli formatda aparılan danışıqlar nəticə gətirə bilər. Əbu-Dabi görüşü həm də bu tezisin praktik təsdiqidir.
Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, iki ölkə lideri birbaşa dialoq qurduğu zaman daha səmərəli və konstruktiv qərarlar əldə edilir. Əvvəllər baş tutmuş üçtərəfli görüşlərdə bəzi xarici aktorların maraqları, prosesə selektiv müdaxilələr və siyasi təzyiqlər situasiyanı süni şəkildə gərginləşdirirdi. Əbu-Dabi görüşü həmçinin rəsmi Bakının danışıqların yalnız formatını deyil, eyni zamanda gündəliyini də regional reallıqlara əsasən formalaşdırdığını göstərdi. Müzakirələrdə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması əsas prioritetlər idi.
Düzdür, danışıqlar nəticəsində konkret sənədin imzalanmaması neqativ məqam kimi görünsə də, bu mərhələdə razılaşdırılmış mexanizmlərin və qarşılıqlı anlayışın mövcudluğu kifayət qədər müsbət siqnaldır. Çünki belə yüksək səviyyəli siyasi dialoqlarda hər addımın hüquqi sənədə çevrilməsi yox, strateji etimadın formalaşdırılması önəmlidir.
Əbu-Dabi danışıqları bir daha sübut etdi ki, ATƏT-in Minsk qrupunun ləğvi mütləqdir. Tərəflər yaxın gələcəkdə bu qrupun de-yure buraxılması ilə bağlı birgə razılaşmaya gələ bilər. Bu, həm də postmünaqişə dövrünün yeni hüquqi arxitekturasının formalaşmasına bir növ təkan verəcək.
Bütün sadalanan faktorların fonunda Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Bakı diplomatik təşəbbüsləri ələ almaqla yanaşı, real gündəliyin formalaşmasına və prosesin institusional əsaslara oturdulmasına çalışır.
Azərbaycanın yanaşması, regionda davamlı sülhün yalnız beynəlxalq vasitəçilərin deyil, birbaşa tərəflərin siyasi iradəsi ilə təmin edilə biləcəyi üzərində qurulub. Bu yanaşma həm ölkəmizin, həm də ümumilikdə regionun sabitliyini və gələcəyini təmin etmək məqsədi daşıyır.
Əlbəttə ki, prosesin gələcək dinamikası bir çox amillərdən asılı olacaq. Ermənistan daxilindəki siyasi sabitlik və beynəlxalq güc mərkəzlərinin bu prosesi nə dərəcədə dəstəkləyəcəyi gedişatda həlledici rol oynayacaq. Lakin ən önəmlisi, bu görüş Cənubi Qafqazda sülhün mümkün olduğunu göstərdi. Yetər ki, tərəflərə müdaxilə edilməsin, qərarları özləri versin, prosesi özü yönləndirsin.
Yaxın zamanlarda bəznər görüşlərin baş tutması da istisna deyil.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.