
Dünən Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə, Xocalı şəhərində Qərbi Azərbaycana qayıdışla bağlı mənəvi baxımdan dərin məzmun kəsb edən genişmiqyaslı tədbir keçirilib.
Bu barədə təşkilatın Mətbuat Xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, tədbirə paytaxt Bakının müxtəlif ərazilərindən, eləcə də əslən Qərbi Azərbaycanın Paşalı rayonunun Terp və İstisu kəndlərindən olanlar, şəhid ailələrinin üzvləri və qazilər böyük ruh yüksəkliyi ilə qatılıblar.
Yüksək səviyyədə keçən tədbiri giriş sözü ilə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açıb və onun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib…
“Bu gün Xocalıda olmaq, Şəhidlər Xiyabanını ziyarət etmək bizə ruh verir. Bu sadəcə bir ziyarət yox, həm də keşməkeşli tariximizlə bağlı önəmli bir səfərdir. Bu, kimliyimizlə üz-üzə dayanmaq deməkdir və mənəvi yaddaşımıza sadiqliyin daha bir təzahürüdür. Çünki bu qədər, 200 nəfərə yaxın soydaşımızla, ən əsası şəhid ailələri və qazilərimizlə birlikdə, Xocalıya – Şəhidlər Xiyabanını ziyarətə gəlmişik. Bu müqəddəs torpaqda şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini ehtiramla yad edirik…
…Düzünü desəm, bu anı ifadə etməkdə çətinlik çəkirəm. Sanki sözlər boğazımda düyünlənib. Çünki ilk dəfədir ki, bu müqəddəs torpağın azadlığından doğan dərin həyəcan hissləri keçirirəm. Belə bir isti havada üzləşdiyimiz uzun yolun çətinliklərinə baxmayaraq, 200 nəfərə yaxın soydaşımızın hər biri də eyni hissləri keçirir. Lakin onların baxışlarında ümid, atdıqları addımlarında inam var.
Bütün bunlar bir daha bizi əmin edir ki, haqlı mübarizəmizdə bir yerdəyik. Böyük bir əzmlə, birlik və əməkdaşlıq ruhu ilə keçirdiyimiz bu tədbir də, sadəcə bir proqram deyil, Qayıdış Konsepsiyasına mənəvi dəstək, şəhidlərimizin ruhuna ehtiram və gələcək nəsillərə verilən mesajdır” — deyə, İsmayıl Ağayev öz çıxışında məram və məqsəd mesajlarını verib.
İsmayıl Ağayev kimi, digər çıxış edənlər — Paşalı Rayonu İstisu Kənd İcmasının sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Alı Safolu (Alıyev), Terp Kənd İcmasının sədri Ceyhunə Şirəliyeva, “Şərur — Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, tədqiqatçı-alim Nazir Əhmədli, Paşalı Rayon Terp Kənd İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov və başqaları da öz çıxışlarında xüsusi olaraq onu vurğuladılar ki, Qərbi Azərbaycana qayıdış Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə rəhbəri möhtərəm İlham Əliyev cənablarının yürütdükləri dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Qərbi Azərbaycan İcması yarandığı gündən bu günə qədər Qayıdış Konsepsiyasına böyük önəm verib və hörmətli millət vəkilimiz, icma sədri Əziz Ələkbərlinin səyləri nəticəsində dayanmadan fəaliyyət göstərib.
Natiqlər çıxışlarında xüsusi olaraq onu da qeyd etdilər ki, doğma torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün bərpasına görə böyük qürur hissi keçirirlər. Qarabağın azadlığı uğrunda şəhid olmuş igidlərimizi hər zaman qürurla anırlar. Şəhid ailələrinin üzvləri isə öz çıxışlarında tarixi ədalətin bərpası istiqamətində atılan addımları dəstəklədiklərini bildiriblər.
Onu da deyək ki, tədbirin yüksək səviyyədə təşkilində və uğurla keçirilməsində Beynəlxalq Diaspor Mərkəzində yüksək vəzifələr tutan Zəkiyə Həziyevanın, Ramal İsmayılovun, Departament üzvləri Miri Miriyevin, Ömər Abdullayevin, Tariyel İsmayılovun, İsmayıl Nitfullayevin adları və hərtərəfli əmək sərf etmələrinin mühüm rol oynadığı xüsusi qeyd olunub.
Saatlarla davam edən bu tədbirin sonunda şəhidlərimizin — Milli Qəhrəman Vəzir Surxay oğlu Orucovun, Sabir Ağa oğlu Hüseynovun, Həmid Bəylər oğlu Səmədovun, Taryel Bəylər oğlu Səmədovun, Zaur Əsgər oğlu Şahbazovun, Həsən Telman oğlu Şahbazovun, Albaba Elşən oğlu Xanalıyevin, Samir Elşən oğlu Mustafayevin ailə üzvlərinə Terp İcmasının və Beynəlxalq Diaspor Mərkəzinin birgə hazırladıqları diplomlar və suvenirlər təqdim olunub. Diplom və suvenirləri onlara Beynəlxalq Diaspor Mərkəzinin Şəhid və Qazi Ailələri ilə İş Departamentinin rəhbəri Qızbəs Şirinova və onun müavini Hicran Tağıyeva təqdim ediblər. Təqdimat zamanı vurğulanıb ki, bunlar təkcə bir mükafat deyil – bu sənədlər hər bir şəhid ailəsinə Azərbaycan xalqının, dövlətinin və diaspor təşkilatlarının minnətdarlığının, ehtiramının ifadəsi və rəmzidir. Bu, həm də mənəvi dayağımız və qürur mənbəyimiz olan şəhid ailələrinə Beynəlxalq Diaspor Mərkəzi tərəfindən göstərilən davamlı diqqət və qayğının bariz nümunəsidir.
Tədbir iştirakçıları sonra Əsgəran qalasını, Xankəndini, Şuşanı və Cıdır düzünü ziyarət ediblər. Müğənni Rəşad İdrisoğlu vətənpərvərlik ruhunda ifaları ilə tədbirə xüsusi rəng qatıb. İsa bulağı ətrafında keçirilən bədii proqramda iştirakçılar duyğusal anlar yaşayıblar. Tədbir Cıdır düzündə ifa olunan “İrəvan yallısı” ilə yekunlaşıb.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalı.