
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib.
“Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər,” – Zaxarova deyib.
XİN rəsmisinin sözlərində açıq təhdid elementləri olmasa da, aydın məsələdir ki, diplomatik müstəvidə bu cür bəyanatlar bir növ “xətti keçməyin” xəbərdarlığıdır. Moskva bu tip bəyanatlarla həm regional aktorların Qərbə meyllərini cilovlamağa, həm də öz nüfuz dairəsini qorumağa çalışır.
Təəssüf ki, Rusiya imperialist mövqeyindən geri durmur. Hələ də Cənubi Qafqaz ölkələrinə özünün keçmiş müstəmləkəsi kimi müraciət edir. Bu, Zaxarovanın bəyanatında da aydın şəkildə hiss olunur. O, faktiki olaraq, Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlığını təhlükə kimi qələmə verir və bunun regionda “vəziyyətin pisləşməsinə” səbəb ola biləcəyini iddia edir. Bəyanatda Kremlin qeyri-rəsmi xəbərdarlığı sezilir: “Əgər bizimlə hesablaşmadan Qərblə yaxınlaşsanız, nəticələrinə də hazır olun”.
Bu kimi bəyanatlar mənasızdır, xüsusilə də Bakıya qarşı. Ümumiyyətlə, Azərbaycan da, Ermənistan da NATO üzvü deyil və yaxın perspektivdə belə bir məsələ real görünmür. Azərbaycan belə bir şey istəmir, Ermənistan isə istəsə də, buna nail ola bilməz. Lakin hər iki ölkənin NATO ilə əməkdaşlıq etdiyi proqramlar mövcuddur. Məsələn, “Sülh Naminə Tərəfdaşlıq” proqramı buna ən gözəl nümunədir. Bu əməkdaşlıq hərbi texniki, təlim və təhlükəsizlik sahələrində təcrübə paylaşımı səviyyəsindədir.
Azərbaycanın alyansla əməkdaşlığı müasir ordu quruculuğu və təhlükəsizlik strukturlarının gücləndirilməsi məqsədi daşıyır. Bu əməkdaşlıq heç vaxt Rusiyanın əleyhinə olmayıb. Digər tərəfdən, Azərbaycan KTMT üzvü deyil. Halbuki Ermənistan NATO ilə əməkdaşlıq edən KTMT üzvü bir ölkədir.
Azərbaycan alyansla əməkdaşlığını uzun illərdir davam etdirir, lakin balanslı xarici siyasət yürüdür. Bakı həm NATO ilə əməkdaşlıq edir, həm də Moskva ilə strateji tərəfdaşlığı qoruyur. Rusiya isə bunları qabartmaq əvəzinə, üstüörtülü şəkildə təhdid etməyi seçir.
Azərbaycan müstəqil, suveren ölkədir. Xarici siyasi kursunu yüksək dəqiqlik, peşəkarlıq və gələcək perspektivə hesablanmış, minimum risk əsaslı şəkildə tərtib edir. Bakı yerləşdiyi regionun strateji üstünlüklərini də, risklərini də yaxşı bilir. İstər xəbərdarlıq, istərsə də üstüörtülü təhdid Azərbaycan üçün qəbuledilməzdir. Bakı heç bir ölkənin diqtəsi ilə hərəkət etmir.
Rusiya ümumiyyətlə, bu ritorikasından əl çəkib qonşuları ilə problemlərin həll yolunu axtarmalıdır. Əks təqdirdə, qorxduğu başına gələ bilər. Bu gün Azərbaycanın NATO-ya üzvlük kimi bir strateji hədəfi olmasa da, Rusiya ilə gərginliyin artması və risklərin çoxalması Bakını belə bir addım atmağa da sövq edə bilər. Moskva onu da bilməlidir ki, NATO-ya üzv olmaq istəyən bir ölkəni bu yoldan döndərmək mümkün deyil. Məsələn, İsveç və Finlandiya bunu etdi. Rusiya isə boş hədələrlə kifayətləndi.
Rusiya SSRİ-nin izlədiyi yanlış xətti davam etdirir. Hansı ki, bu siyasət 1952-ci ildə Türkiyə və Yunanıstanın NATO-ya üzvlüyünə gətirib çıxartdı. Kremlin davam etdirdiyi bu siyasi xətt digər barışmaz iki düşmən olan Azərbaycan və Ermənistanı da NATO-ya üzvlüyə sövq edə bilər. Bu iki ölkə alyansla bağlı qərarını dəyişərsə, Fransa Ermənistanın, Türkiyə isə Azərbaycanın üzvlüyünə isti baxacaq. Rusiya bunları bilməli və ritorikasını ona uyğun təyin etməlidir.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.