Dəmir yollarının ətrafındakı tikintilər paytaxt Bakının da xeyli müddətdir davam edən problemlərindən birinə çevrilib. Bu ərazilər ölüm zonası kimi qələmə verilib. Nərimanov rayonundakı Nərimanov — Böyükşor və Bakı sərnişin dəmir yolu xətləri arasındakı mühafizə zolağını nəzərə almadan tikilən evlərin ciddi təhlükə törətdiyi də həmişə xüsusi olaraq vurğulanıb.

Bu yaxınlarda çoxdan tikilmiş həmin evlər heç nəyə baxılmadan, hətta sahiblərinə kompensasiya verilmədən söküldü. Evləri başlarına uçurulan sakinlər nə edəcəklərini bilmirlər. Son ümid yeri olaraq, mətbuat vasitəsilə ölkə başçısının ünvanına ardı-arası kəsilməyən yalvarış xarakterli müraciətlər göndərirlər — İndiyədək heç bir müraciətlərinə ümidverici bir cavab almasalar da.

Evsiz-eşiksiz, küçənin ortasında qalan naümid vətəndaşlarımız artıq Arazpress.com-a da üz tutublar. Dövlət başçısı İlham Əliyevə ünvanladıqları daha bir müraciətlərini dərc etməyimizi dönə-dönə xahiş edirlər. Əlacsız qalanlara sonadək dəstək olacağımızı vəd etmişik.

Vədimizə əməl edib, narazı ev sahibləri Rəfail Şərif oğlu Həsənovun, Rəşad Qədiməli oğlu Əsgərovun, Cavad Həsənalı oğlu Abbasovun, Nailə Binnət qızı Əliyevanın, Safurə Tofiq qızı Cavadovanın, Aysel Elçin qızı Abbasovanın, Tofiq Əsmət oğlu Əliyevin və digərlərinin imzaladıqları və surətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə də göndərdikləri həmin müraciəti təqdim edirik:

“Möhtərəm cənab Prezident!

Biz, aşağıda imza edənlər, dövlətimizin başçısı kimi Sizin yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik. Prezident seçkilərində də hamımız birmənalı olaraq namizədliyinizi dəstəkləyib, Sizə səs vermişik. Ali Baş Komandanlığınız altında müzəffər ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı Şanlı Qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin tam bərpa edilməsi bizi qürurlandırdığı kimi, Qafqazda sülhün bərpa olunması naminə hazırki uğurlu səyləriniz də bizi çox sevindirir. Fəxr edirik ki, Siz bizim gözümüzdə böyüdükcə böyüyür, bütün regionun, dünyanın liderinə çevrilirsiniz. Rəhbərliyinizin ötən hər günü Azərbaycanın hər bir vətəndaşının qəlbinə səpdiyiniz xatircəmlik toxumu daha bir boy cücərir, əminliyimiz daha da möhkəmlənir. Bu da onun sübutudur ki, dünya miqyasında öhdəsindən gələ bildiyiniz bunca işlərin fonunda, ölkəmiz daxilində həll edə bilməyəcəyiniz problem yoxdur.

Biz də ümid edirik ki, bu müraciətimizlə diqqətinizə çatdırmaq istədiyimiz və bu yaxınlarda üzləşdiyimiz ciddi bir problemimizin müsbət həllinə göstəriş verəcəksiniz.

Möhtərəm cənab Prezident!

Biz cəmiyyətin təminatlı olmayan zümrəsinin mənsublarıyırıq. Bir çoxumuz illər öncə Azərbaycanın müxtəlif bölgələrindən paytaxta təhsil, iş dalınca gəlmişik. Kirayələrdən qurtulmaq üçün, Bakı şəhərində torpaq sahəsi almağın, ev tikməyin nisbətən ucuz başa gəldiyi, yaşamaq üçün heç də qənaətbəxş sayılmayan yerlərdə məskunlaşmışıq. Konkret desək, söhbət Bakı şəhərinin Nərimanov rayonundakı Montin qəsəbəsindən keçən dəmiryol xətti ərazisində halal zəhmətləri hesabına qazandıqları pulla özlərinə sığınacaqlar tikmiş, bu günlərdə bu evləri başlarına uçurulan 174 ailədən gedir.

Yeri gəlmişkən qeyd edək ki,
vaxtilə bu əraziyə nəzarət edən səlahiyyətli qurumların vəzifəli şəxsləri təmənna qarşılığında bizim özümüzün yurd salmaq cəhdlərimizə göz yumublar. Hətta bizə kommunal xidmətlərdən istifadə etməyimiz üçün, yenə də təmənna qarşılığında şərait yaradılıb, adlarımız qaz, elektrik, su, internet istehlak edən abonent kimi qeydiyyata alınıb. Bir ay əvvəl isə, səlahiyyətli qurumların nümayəndələri gəlib elan etdilər ki, tikdiyimiz evlər qanunsuz olduğu üçün söküləcək. Əvvəlcə evlərin ümumi və yaşayış sahələrini ölçdülər və ümid dolu vəd də verdilər ki, qarşılığında dövlət bizə kompensasiya verəcək. Xəbərdarlıq edib, təcili başqa yerə köçməyimiz üçün vaxt qoydular. Sonra isə, yəni, həmin vaxt başa çatar-çatmaz gəlib, buldozerlərlə evlərimizi başımıza uçurdular.

Cənab Prezident, biz həmdərdlilərin harayına çevrilən və aşağıda verdiyimiz sözlərimizə diqqət ayırmağınızı Sizdən dönə-dönə xahiş edirik!

Əsgərov Rəşad Qədiməli oğlu:

“2000-ci ildə Montin qəsəbəsindəki iki dəmiryol xətti arasında yerləşən ərazidə torpaq sahəsi almışıq. Anamla orda yaşayırdıq. 2025-ci ilin iyun ayının 20-də Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, qeydiyyatda olduğum Yeddioymaq kəndinin icra nümayəndəsi və bələdiyyə sədri zəng vurub, məni görüşə çağırdılar. Dedilər ki, Bakıda qanunsuz tikdiyim evim var, mütləq sökməliyəm. Dedim, axı, mən 25 ildi həmin evdə yaşayıram, özüm, həyat yoldaşım şəhərdə işləyirik, bəs, onda necə olacaq.

Qısası, əlaqədar qurumların işçiləri gəlib evimizi sökdülər. İki azyaşlı uşağım dağıntı altında qalmasın deyə, evdən çıxmağa məcbur olduq. Qarşılığında heç bir təklif etmədilər.

Onu da qeyd edim ki, ürək çatışmazlığından əziyyət çəkən 73 yaşlı anam üçün kəndimizin rütubətli havası əlverişli deyil, həkimlər  paytaxtın  havasını tövsiyə ediblər”.

1984-cü il təvəllüdlü Əliyeva Nailə Binnət qızı:

“Mən və həyat yoldaşım 2 uşağımızla birlikdə 12 il idi yaşadığımız evimizdən küçəyə atılmışıq. Cənab Prezidentdən, Birinci vitse-prezidentdən təcili kömək istəyirəm. Buna haqlıyam”.

1956-cı il təvəllüdlü Həsənov Rəfail Şərif oğlu:

“1990-cı ildə, bu ərazidə 124 kvadrat metr sahəni əhatə edən ikimərtəbəli böyük kürsülü ev tikmişəm. Xaraba qoydular. Yaşamağa yerimiz yoxdu. Çarəsiz qalmışıq.”

1988-ci il təvəllüdlü Abbasov Cavad Həsənalı oğlu:

“9 il əvvəl adıçəkilən ərazidə mən də torpaq sahəsi alıb, ev tikmişəm.

Yaşamaq üçün müəyyən şərait yaratmışdım. Nə biləydim ki, bir gün başıma belə bir iş gələcək. Gəlib qapıları nömrələdilər. Sonra sahələri ölçdülər. Köçməyimiz üçün çox qısa bir vaxt verdilər. Heç əşyalarımızı çıxarmağa imkan belə tapmamış, gəlib evimizi söküb-tökdülər. İndi 7 nəfərlik ailə ilə çöldə qalmışıq”.

1995-ci il təvəllüdlü Abbasova Aysel Elçin qızı:

“8 il öncə əzab-əziyyətlə ev tikdirmişdim. Qəpik-qəpik yığıb, pis-yaxşı şərait yaratmışdım. Altını üstünə çevirdilər”.

Əliyev Tofiq Əsmət oğlu:

“2006-cı ildə Türkmənistandan doğma Vətənə qayıtdım. 2007-ci ildə buradan torpaq aldım. Dəmiryol polisi gəlib, məndən xeyli miqdarda pul aldı. Əmin etdilər ki, rahat yaşaya biləcəyik.

2011-ci ildə 2500 manat pul ödəyib işıq, 2500 manat verib qaz çəkdirmişəm. Daha sonra kanalizasiya çəkdilər. Nə biləydim ki, belə olacaq? Belə idisə, niyə əvvəlcədən bizə bu evləri tikməyə icazə verirdilər? Axı, biz illərlə qazandığımızı bu evlərin inşasına, şəraitinə sərf etmişik.

Heç sökmə məsələsi yox idi, axı. Birdən-birə bu qərara gəldilər. Hətta sakinlərin rahatlığı və təhlükəsizliyi üçün dəmir yolunun üzərindən körpü də salmışdılar. Relsləri də hasarla əhatələmişdilər ki, uşaqlarımızı qorxmadan məktəbə, yaxud oynamağa buraxa bilək. İndi 67 yaşında özüm və mənimlə yaşayan qızım 3 uşağı ilə birgə küçədə qalmışıq”…

…Cənab Prezident, göstərilən tarixçəli bu epizodlardan görünür ki, biz, məhz kasıbçılığımız ucbatından belə uyğunsuz yerlərdə məskunlaşıb, özümüzə yurd-yuva sala bilmişik. Həmin evlər bizim yeganə sığınacaqlarımız idi, əlavə heç yerdə evimiz yoxdur ki, ora köçə bilək. Onilliklər öncə bizi arxayın salan məmurlar hazırda vəzifədə deyillər ki, onlardan hesab soraq. Odur ki, ümidimiz yalnız Sizədir. Xahiş edirik, bizə heç olmasa ehtiyacımızı qismən qarşılayacaq məbləğdə kompensasiya verilsin ki, özümüzə bir daxma qaralayıb, içinə girə bilək. Görə bilək ki, biz valideynlər evimizdəki gələcəyin əsgərlərini sağlam böyüdüb, ərsəyə çatdıra bilirik.

Axı, Vətən doğma evin divarlarından başlayır. O divarlar uçurulursa, demək ki, öz Vətənimizdə vətənsiz qalmışıq! Dəhşətdir, vallah!..

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.