
“Uzun müddətdir Rusiyada yaşayan və Azərbaycan diasporunun lideri kimi tanınan iş adamı Yusif Xəlilovun həbsinin sifarişli olduğu bizə məlumdur və başqa səbəbi yoxdur. Rüşvətin əsas səbəb kimi ortaya atılması boş şeydir. Onun bazarında gözü olanlar vardı və Putinin Azərbaycana qarşı getdikcə artan soyuq münasibəti onların əlinə böyük bir fürsət verdi. Ona uzunmüddətli cəza verdirməklə sifarişçilər çoxdankı istəklərini reallaşdırmaq istəyirlər ki, sonra arzuları gözlərində qalmasın. Özünüz də yaxşı bilirsiniz ki, rüşvətxorluq ağır cinayətdir və bu maddə ilə ittiham olunanları 7 ildən 12 ilə qədər həbs gözləyir”.
Bu fikirləri Rusiyadakı həmkarı və dostu Arazpress.com-un əməkdaşına söyləyib. Mənbə xüsusi olaraq onu da vurğulayıb ki, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilova hətta buradakı dostları və yaxınları da bir müddətdir yalvarış xarakterli müraciətlərini çatdırırmışlar ki, təcili bu ölkəni tərk etsin.
“Yoxsa, digər həmyerli həmkarlarının başlarına gətirilənlər ondan da uzaq olmayacaq. Mübariz xarakterli olması onun bu aqibəti yaşamasına rəvac verdi. Allaha yalvarırıq, o, Böyükdür, günahkarı yaxşı görür və geci-tezi özü cəzalandırır. Bu hadisə diqqətimdədir və gedişat barədə daim redaksiyanızı məlumatlandıracağam” — həmkarımız sözlərinə əlavə edib.
Xatırladaq ki, təhlükəsizlik qüvvələri Yusif Xəlilovu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir. İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, 100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb.
Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq, ifadə verməkdən imtina edib. Doğrudan da, həbs olunan diaspor liderini rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir. Onun deportasiya edilməsi də ittiham aktına əlavə olunub.
Əli HÜSEYN.
araz.az xəbər portalı.