
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda dünyada yalnız iki supergüc var — ABŞ və Çin.
“Biz iki supergücük. Hərbi güc baxımından Yer üzündə ən güclü ölkə ABŞ-dır. Çin isə ikinci hesab olunur. Heç kim bizə yaxınlaşa bilməz”, —Tramp deyib.
Bu, nə nəzakət, nə də diplomatik etiket üçün deyilmiş sadə bir ifadədir. Bu, ABŞ-ın SSRİ-nin süqutundan sonra verdiyi tarixi etirafdır. Hesab edirəm ki, Trampı bu etirafa məcbur qoyan Çinin nələr etdiyə baxmaq lazımdır.
Pekin tələsmədən, olduqca ağıllı iqtisadi-siyasi plan üzrə hərəkət edir. Çin hazırda dünyanın ən böyük kreditor ölkələrindən biridir. 2000-ci ildən 2020-ci ilə qədər bu ölkənin bankları, xüsusilə də Çin İxrac-İdxal Bankı və Çin İnkişaf Bankı Pekinin Afrika, Şərqi Avropa, Latın Amerikası və Asiya ölkələrinə 500 milyard dollar kredit verməsini təmin edib. Bu göstərici Dünya Bankının ümumi kreditləşməsinin 83 faizinə bərabərdir.
Bu kreditlərin əsas məqsədi həmin ölkələrin infrastrukturunun inkişafı, limanların tikintisi və mövcud limanların genişləndirilməsi idi. Zaman keçdikcə Çin kreditləri yalnız infrastruktur layihələri ilə məhdudlaşmadı. Pekin borc verdiyi ölkələrin bank sisteminin maliyyə ehtiyaclarını da dəstəkləməyə başladı.
Çinin kredit vermə modeli isə olduqca diqqət çəkir. Belə ki, inkişaf etməkdə olan ölkələrlə bağlanan kredit müqavilələrinin şərtləri “qeyri-adi dərəcədə məxfi” saxlanılır. Əslində, Pekinin bunu niyə etdiyi 2018-ci ildən sonra daha aydın görünməyə başladı. Xüsusilə 2020-ci ildən – COVID-19 pandemiyasından sonrakı dövrdə qlobal iqtisadi geriləmə müşahidə edildi. Çinin kredit verdiyi bir çox ölkə iqtisadi daralma və ixrac gəlirlərinin azalması səbəbindən ciddi dövlət borcu böhranı ilə üzləşdi. Şri-Lanka, Zambiya, Qana, Surinam və Ekvador da daxil olmaqla bir sıra ölkələr dövlət borcları üzrə defolt elan etdi. Hazırda isə 50-dən çox ölkənin ciddi borc böhranı içində olduğuna dair məlumatlar var.
Bu defolt dalğası fonunda Çinin yuxarıda adı çəkilən iki əsas bankı borcların ödənilməsini tələb etdi. Defolt vəziyyətinə düşən ölkələrin əksəriyyəti borcları ödəməkdə çətinlik çəkdi. Bundan sonra Çin həmin ölkələrlə dövlət səviyyəsində ayrıca danışıqlara başladı. Pekin pandemiyanın nəticələrinin aradan qaldırılması və borcların ödənilməsi qarşılığında bir çox ölkədə limanlar əldə etməyə başladı. Tema (Qana), Kribi (Kamerun) və ya Bruneydəki Muara kimi limanları Çin maliyyələşdirir.
Pekin ümumilikdə 90 ölkədə 168 limanı və 363 layihəni əhatə edən yüzlərlə layihəni maliyyələşdirib. Bu investisiyalara infrastrukturun maliyyələşdirilməsi, əməliyyat hüquqları və logistika inteqrasiyası daxildir.
Çin bununlada kifayətlənməyib. Son illərdə ölkənin iqtisadi artım modelində uğurla işləyən “liman-park-şəhər” modeli artıq “liman-dəmir yolu-mədən” modelinə çevrilib. Məsələn, Çin, Tanzaniya və Zambiya hökumətləri ilə 2025-ci ilin sentyabrında Tanzaniya-Zambiya Dəmir Yolu layihəsinin bərpası və istismarı, həmçinin avadanlıqla təmin edilməsi üçün 1,4 milyard dollarlıq müqavilə imzalayıb. Nəqliyyat dəhlizi Tanzaniyanın Dar əs-Salam limanından minerallarla zəngin Zambiyaya qədər uzanacaq. Beləliklə Çin tərəfindən maliyyələşdirilən limanlar artıq dənizə çıxışı olmayan bölgələri sahil şəhərləri ilə birləşdirən daxili təchizat xətlərinin başlanğıc nöqtələrinə çevrilir.
Pekinin liman investisiyalarında təkcə fiziki infrastruktur deyil, rəqəmsal sistemlər də ön plandadır. Limanlarda istifadə olunan proqram təminatı, məlumat platformaları və avtomatlaşdırma sistemləri əsasən Çində yerləşir. Bu vəziyyət qlobal ticarət məlumatlarının mərkəzləşdirilməsinə, rəqib sistemlərin sıradan çıxmasına və rəqəmsal asılılığın artmasına səbəb ola bilər.
Göründüyü kimi, Çin əvvəlcə ölkələrə kredit verir, borclar ödənilmədikdə isə həmin ölkələrin strateji əhəmiyyət daşıyan limanlarını uzunmüddətli şəkildə nəzarətə götürür. Limanı olmayan ölkələrdə isə mineral ehtiyatların çıxarılması üçün imtiyazlar əldə edir. Beləliklə, həm verdiyi borcu geri qaytarır, həm də həmin ölkələrin inkişaf prosesinə birbaşa təsir imkanları qazanır.
Çinin ən diqqət çəkən tərəfi isə budur ki, o, bu genişlənməni hərbi bazalar vasitəsilə deyil, kommersiya investisiyaları üzərindən həyata keçirir. Bu strategiya həm də daha az tənqid doğurur, iqtisadi əməkdaşlıq görüntüsü yaradır və uzunmüddətli asılılıq formalaşdırır. Bir çox layihədə liman əməliyyatları Çin şirkətlərinə verilir, yük axını Pekin tərəfindən idarə olunur və ondan asılı logistika şəbəkələri qurulur.
Çin bu gün həm böyük ixracını idarə edə bilən, həm də strateji minerallar, mayeləşdirilmiş təbii qaz və neft kimi vacib məhsulların idxalını asanlaşdıran limanları maliyyələşdirməyə davam edir. Bu limanlar Çinin xarici ticarət maraqlarını qorumaq və kreditor kimi gəlirlərini artırmaq məqsədi daşıyır.
Lakin məsələ yalnız maliyyə gəlirləri ilə məhdudlaşmır. Çin bununla yanaşı təsir gücü, nüfuz və məlumat bazası əldə edir. İqtisadi və kommersiya məqsədlərinə yönəlmiş bu strategiya Çin donanmasının həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətlə böyüdüyü dövrə təsadüf edir.
ABŞ vəziyyəti yalnız indi tam şəkildə anlamağa başlayır. Trampın Çinə səfəri də bu baxımdan zəruri idi. Vaşinqton prosesdən kənarda qalmaq yox, əksinə, onun bir hissəsinə çevrilmək istəyir. Daha dəqiq desək, həmin masada yer almağa çalışır. Lakin gecikir. Pekin artıq növbəti mərhələyə start verib.
Təcrübə göstərir ki, bu cür sistemli planlar bir məqsədə hesablanır — qütbləşməyə.
Pekin bu gün olmasa belə, yaxın onillikdə öz qütbünü formalaşdıracaq. Üstəlik, bu qütb SSRİ-də olduğu kimi ideoloji bağlılıq üzərində deyil, iqtisadi, logistika, texnologiya və maliyyə əlaqələri üzərində qurulacaq. Necə ki, Birinci və İkinci Dünya müharibələrindən sonra Vaşinqton bunu etmişdi.
ABŞ Çinlə mübarizədə yeni və orijinal variantlar tapmalıdır. Əks təqdirdə, Pekin təkcə qlobal ticarətdə deyil, dolların hegemonluğunun zəifləməsində də əsas gücə çevriləcək.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.