
Ötən yazımda Türkiyədə məktəblərin tədris proqramında edilən yeni dəyişiklikdən bəhs etmişdim. Xatırlatma üçün deyim ki, xüsusilə “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması diqqət çəkirdi. Türkiyə, aydın məsələdir ki, bu gün hər hansı ölkə ilə, xüsusən də Yunanıstanla müharibə istəmir. Amma Egey dənizindəki problemlərin həllində israr edir.
Bu mənada, rəsmi Ankaranın Türkiyə tarixinin ən böyük hərbi təlimlərini keçirməsi diqqət çəkir. Məlum olduğu kimi, 20 aprel tarixindən başlayan “EFES-2026” təlimləri həm miqyasına, həm də iştirakçı sayına görə bu günə qədər Türkiyənin keçirdiyi ən böyük hərbi təlimdir. Təlim bir çox baxımdan maraqlıdır.
Əvvəla onu deyim ki, EFES təlimləri, əslində, yeni deyil, Türkiyə uzun illərdir keçirir. İlk dəfə 1990-cı illərin ortalarından başlayıb və müəyyən fasilələrlə davam edib. Yəni formal olaraq “adi illik təlim” kimi görünə bilər. Amma EFES-i digər klassik NATO və ya milli təlimlərdən fərqləndirən əsas məsələ onun miqyası və ssenarisidir.
Diqqət çəkən tərəf isə Türkiyənin burada real müharibə modelini məşq etməsidir. Təlimlər əsasən İzmir-Seferihisar xəttində icra olunur və ssenarilər Egey coğrafiyasına uyğun hazırlanır. Bu detal mühümdür, çünki İstiqlaliyyət savaşı zamanı Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk və türk ordusu məhz bu xəttə qədər yunanlıları geri çəkilməyə məcbur etmişdi.
EFES həmişə amfibiya-desant, sahilə çıxarma və çoxkomponentli əməliyyatlar üzərində qurulur. Bu isə təsadüfi seçilmiş ssenari deyil. Məsələ ondadır ki, Türkiyənin ən həssas geosiyasi xətti Egey və Şərqi Aralıq dənizidir. Orada isə potensial qarşıdurmanın əsas forması məhz adalar, sahilə çıxarma və dəniz-hava koordinasiyası ola bilər.
Ankara bu təlimlərlə konkret mesaj verir. Yəni “Mavi Vətən” konsepsiyası real hərbi doktrinaya çevrilib və Ankara dəniz üzərində strateji hökmranlıq imkanlarını praktik şəkildə nümayiş etdirir. Bu, çox mühümdür. Türkiyə həm də deyir ki, o, yalnız quru dövləti deyil. Halbuki Osmanlının Birinci Dünya müharibəsində ən zəif tərəfi dəniz üstünlüyünün olmaması idi. Çanaqqala savaşında da Osmanlı ordusu müttəfiqləri donanma üstünlüyü ilə yox, quru əməliyyatları ilə geri çəkilməyə məcbur etmişdi. Buna görə də itki xeyli çox olmuşdu.
Türkiyə müstəqillik əldə etdiyi gündən bəri daha çox quru ordusu üzərində işləyib. Bu gün isə dünyanın ən güclü ordularından birinə sahibdir. Hətta bu ordu ilə quruda döyüşmək “intihar müharibəsi” sayılır. Digər tərəfdən isə Ankara Osmanlının zəif cəhətini aradan qaldıraraq özünün ən üstün tərəfinə çevirmək istəyir. Başqa cür desək, Türkiyə XVI əsrdə Aralıq dənizini özünün daxili dənizinə çevirən Osmanlının əzəmətli günlərindəki kimi bir donanma qurur.
Əslində, bu detal təlimin əsas diqqət çəkən tərəflərindəndir. Belə ki, təlimlərdə amfibiya əməliyyatları ön plana çıxır. Çünki Egey və Şərqi Aralıq dənizində mümkün böhran ssenarilərinin böyük hissəsi məhz adalar üzərində qurulur.
Türkiyə bilir ki, gələcəkdə Yunanıstanla hər hansı ciddi gərginlik yaranarsa, əsas məsələ hava zərbələrindən çox adalara nəzarət və dəniz kommunikasiyaları olacaq. “EFES-2026”da ZAHA-ların, dəniz piyadalarının və helikopter desantlarının birlikdə işləməsi Ankaranın konkret olaraq “ada əməliyyatı” ssenarilərini məşq etdiyini göstərir.
Bayraktar TB3-ün TCG Anadolu üzərində sınaqdan keçirilməsi isə təlimin ən strateji hissəsidir. Çünki Türkiyə burada klassik təyyarədaşıyan modelindən fərqli yeni hərbi konsepsiya qurur. Əslində, bu, ABŞ modelidir. Lakin bu modelin çox ciddi problemi var: bahalıdır.
Ankara daha mobil, ucuz və çoxfunksiyalı pilotsuz platformalar üzərindən dəniz gücü formalaşdırır. Bu isə xüsusilə Egey kimi dar, mürəkkəb və çox adalı coğrafiyada Türkiyəyə ciddi üstünlük verə bilər.
Burada vacib məqamlardan biri də zamanlamadır. Türkiyədə məktəb proqramlarında “Egey dənizi” əvəzinə “Adalar dənizi” ifadəsinin istifadəsi, ardınca EFES-2026 kimi genişmiqyaslı amfibiya təlimlərinin keçirilməsi göstərir ki, Ankara məsələni artıq təkcə diplomatik ritorika səviyyəsində saxlamır. Türkiyə cəmiyyətini, dövlət aparatını və hərbi sistemi uzunmüddətli strateji hazırlıq psixologiyasına keçirir. Bu, bir növ milli təhlükəsizlik narrativinin yenidən qurulmasıdır.
Ankara anlayır ki, hazırkı qlobal böhranlar ona əlavə manevr imkanları yaradır. ABŞ İranla qarşıdurma içindədir, Avropa Ukrayna müharibəsinin iqtisadi və təhlükəsizlik yükünü daşıyır, NATO daxilində isə vahid mövqe əvvəlki qədər sərt görünmür. Türkiyə məhz bu mərhələdə Egey və Şərqi Aralıq dənizində daha sərt mövqe tutmağa başlayır.
“EFES-2026” təliminin əsas məqsədi də məhz budur — Türkiyə göstərir ki, lazım gələrsə, Egey və Şərqi Aralıq dənizində sürətli amfibiya əməliyyatı aparmaq, adalara qüvvə çıxarmaq, pilotsuz sistemlərlə hava üstünlüyü yaratmaq və dəniz üzərində mobil komandanlıq qurmaq imkanına malikdir. Təlim bir tərəfdən NATO standartlarına uyğun güc nümayişidir, digər tərəfdən isə Yunanıstan başda olmaqla region ölkələrinə açıq strateji xəbərdarlıqdır.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.