
Nəbi RAMAZANLI,
Texnika elmləri namizədi, dosent —————-
Bəzən düşünürəm ki, bizdə hər hansı bir problemi göstərmək, onu həll etməkdən daha böyük günah sayılır. Təhsildə, elmdə, iqtisadiyyatda və ya cəmiyyət həyatının istənilən sahəsində mövcud nöqsanlar barədə fikir bildirən kimi, dərhal səni hansısa düşərgəyə aid etməyə çalışırlar. Sanki problem haqqında danışmaq yox, göz qabağındakı problemə susmaq vətənpərvərlik meyarıdır.
Halbuki təhsildə buraxılan səhvlərin nəticəsi onilliklər sonra ortaya çıxır. Bu gün məktəbdə, universitetdə edilən yanlışlıq bəzən 20-30 ildən sonra ölkənin inkişafına təsir göstərir. İqtisadiyyatda isə proseslər daha sürətlidir; səhv qərarların nəticəsini bir-neçə ay və ya bir-neçə il ərzində görmək mümkündür. Bunları demək nə dövlətə qarşı çıxmaqdır, nə də kiminsə əməyini inkar etmək deyil. Bu, sadəcə, reallığı etirafdır.
Təəssüf ki, bəzi insanlar üçün arqumentdən daha vacib olanı damğadır. Dediyin fikrin doğru və ya yanlış olmasını araşdırmaq əvəzinə, səni hansısa şəxslə, hansısa qrupla və ya hansısa keçmiş hadisə ilə əlaqələndirməyə çalışırlar. Bir vaxtlar müəyyən məmurların ətrafında fırlananlar bu gün başqalarını həmin insanlarla bağlamağa cəhd edirlər. Halbuki həyatında həmin adamları nə görmüsən, nə də onlarla hər hansı münasibətin olub.
Yaxın keçmişdə müxalif mövqedə olmuş, sonradan isə hakimiyyəti “dırnaqarası sevən” bir jurnalistin yazısının savadsız və qeyri-peşəkar şəkildə qələmə alındığını qeyd etmişdim. Bunun cavabında isə məni yox, hətta 1937-ci ilin repressiyalarında gecə saat 3-də NKVD tərəfindən aparılmış babamı belə sovet hakimiyyətini quranlarla əlaqələndirməyə çalışmışdı. Məsələyə baxın: Arqument tapmayanda insanın fikrinə yox, nəslinə, keçmişinə, hətta taleyinə hücum etməyə başlayırlar.
Bu mənzərə mənə futbolu xatırladır. Hamı hücumçu olmaq istəyir, amma heç kim düşünmür ki, komanda yalnız hücumçulardan ibarət deyil. Qapıçının da, müdafiəçinin də, yarımmüdafiəçinin də öz rolu var. Komandanın uğuru hər kəsin öz funksiyasını düzgün yerinə yetirməsindən asılıdır. Cəmiyyət də belədir. Kimisi problemi görür, kimisi həll yollarını axtarır, kimisi qərarlar verir. Tənqid edən insanı düşmən kimi təqdim etmək isə oyunun qaydalarını pozmaqdan başqa bir şey deyil.
İdarəetmə elmi də bunu təsdiq edir. Sadə strukturlarda düzxətli idarəetmə modeli işləyə bilər. Bu modeldə hər kəs yalnız bir rəhbərə tabedir, qərarlar yuxarıdan aşağıya ötürülür və məsuliyyət zənciri aydın olur. Lakin təhsil, elm və müasir iqtisadiyyat kimi mürəkkəb sistemlər artıq yalnız bu prinsiplə idarə oluna bilməz. Burada müxtəlif istiqamətlər, peşəkar biliklər və maraqlar bir-biri ilə kəsişir.
Məhz buna görə inkişaf etmiş ölkələrin universitetlərində, elmi mərkəzlərində və iri şirkətlərində matris idarəetmə prinsiplərindən geniş istifadə olunur. Bu modeldə qərarların hazırlanmasına müxtəlif sahələrin mütəxəssisləri cəlb edilir, məsuliyyət və səlahiyyət paylaşılır, fərqli baxışlar nəzərə alınır. Məqsəd hakimiyyəti parçalamaq deyil, biliyi birləşdirməkdir. Təhsil sistemində bir rektorun, iqtisadiyyatda bir rəhbərin və ya dövlət idarəçiliyində bir məmurun hər şeyi bilməsi mümkün deyil. Mürəkkəb problemlər yalnız müxtəlif təcrübələrin və fərqli baxışların sintezi ilə həll edilə bilər.
Təəssüf ki, çox vaxt idarəetmə modelinin müzakirəsi dövlətə və ya dövlətçiliyə qarşı çıxmaq kimi təqdim olunur. Halbuki idarəetmənin daha səmərəli üsullarını müzakirə etmək dövlətə qarşı çıxmaq deyil, dövlətin daha güclü olması naminə aparılan müzakirədir. Problemə işarə etmək, problemi yaratmaq demək deyil. Əksinə, problemi vaxtında görmək və göstərmək gələcəkdə daha ağır nəticələrin qarşısını almağa xidmət edir.
İqtisadi sektorun idarə edilməsində qəbul olunan hər bir qərar yalnız bu günün deyil, gələcəyin də məsuliyyətini daşıyır. Xüsusilə iri həcmli layihələrin maliyyələşdirilməsi ilə bağlı qərarlar verilərkən onların iqtisadi, sosial və strateji nəticələri dərindən təhlil edilməlidir. Dövlət vəsaiti xalqın vəsaitidir və onun səmərəli istifadəsi hər bir idarəçinin əsas vəzifəsidir.
Düşünürəm ki, dövlət idarəetmə sisteminin optimallaşdırılması istiqamətində daha cəsarətli addımlar atılmalıdır. Say etibarı ilə çox olan nazirliklərin, komitələrin, agentliklərin və digər qurumların fəaliyyət istiqamətləri yenidən təhlil edilməli, funksional təkrarçılıq aradan qaldırılmalıdır. Eyni və ya oxşar funksiyaları yerinə yetirən strukturların birləşdirilməsi həm idarəetmənin səmərəliliyini artırar, həm də dövlət büdcəsinə düşən əlavə yükü əhəmiyyətli dərəcədə azaldar.
Təbii ki, hər bir islahat müəyyən narazılıqlar doğurur. Ancaq dövlət idarəçiliyində əsas meyar ayrı-ayrı qrupların maraqları deyil, ölkənin uzunmüddətli inkişafı və əldə edilən nəticələr olmalıdır.
Bu gün Azərbaycanın xarici siyasətdə qazandığı uğurları inkar etmək obyektivlikdən uzaq olardı. Lakin eyni zamanda etiraf etməliyik ki, daxili siyasətdə, xüsusilə əmək bazarının tələblərinə cavab verən kadr hazırlığında, təhsilin keyfiyyətinin yüksəldilməsində, məhsuldarlığın artırılmasında və qiymət sabitliyinin təmin olunmasında hələ də həllini gözləyən problemlər mövcuddur. Bu problemlərin böyük hissəsi isə birbaşa təhsil və iqtisadiyyatın vəziyyəti ilə bağlıdır.
Bu məqamda bir məsələyə də aydınlıq gətirmək istəyirəm. İqtisadi geriləməni aradan qaldırmaq üçün hər hansı mafioz qrupun əlindən iqtisadi resursları alıb, onları idarə etmək qabiliyyəti olmayan naşı şəxslərə təqdim etmək düzgün addım deyil. Əvvəlki yazıda müxtəlif ölkələrin, o cümlədən, Argentinanın iqtisadi təcrübəsinə istinad etmişəmsə də, bununla Azərbaycanın mütləq şəkildə Argentina modelini seçməli olduğunu iddia etməmişəm.
Hər bir ölkənin inkişaf yolu onun tarixi təcrübəsi, milli-mənəvi dəyərləri, ictimai ənənələri, iqtisadi potensialı və idarəçilik xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməlidir. Hazır reseptlər yoxdur. Bir ölkədə uğur qazanan model başqa ölkədə eyni nəticəni verməyə bilər. Buna görə də Azərbaycanın iqtisadi institutları milli maraqlara və reallıqlara uyğun inkişaf modelini formalaşdırmalıdırlar.
Məsələn, şəhərsalma və tikinti sektorunda tətbiq olunan bəzi həddindən artıq sərt məhdudiyyətlər yenidən nəzərdən keçirilməlidir. Tikinti sektoru iqtisadiyyatın onlarla sahəsini hərəkətə gətirən əsas lokomotivlərdən biridir. Bu sahənin inkişafı sement, metal, tikinti materialları, nəqliyyat, logistika, xidmət sektoru və digər istiqamətlərdə iqtisadi fəallığı artırır, minlərlə insanın məşğulluğunu təmin edir və daxili bazarın canlanmasına ciddi təsir göstərir. Əks halda, iqtisadi fəallığın zəifləməsi yaxın illərdə inflyasiya təzyiqlərinin artmasına, işsizliyin yüksəlməsinə və ümumi iqtisadi durğunluğa səbəb ola bilər. Beynəlxalq təcrübə də göstərir ki, tikinti və mənzil sektorunda uzunmüddətli geriləmələr iqtisadi aktivliyə və məşğulluğa mənfi təsir göstərir.
İqtisadi geriləmənin əlamətləri adətən qısa müddətdə hiss olunur. Təhsil və elm sahəsindəki geriləmələrin nəticələri isə daha gec üzə çıxır. Təəssüf ki, bu sahələrdə buraxılan səhvlərin və ya yanlış qərarların mənfi təsiri bəzən 20-30 ildən sonra özünü göstərir. Buna görə də, iqtisadiyyatın inkişafı ilə yanaşı, elmə və təhsilə münasibət də strateji dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Çünki gələcəyin iqtisadi gücü yalnız təbii sərvətlərlə deyil, ilk növbədə, insan kapitalı, elm və biliklə müəyyən olunur.
Bu gün dünya iqtisadiyyatının aparıcı istiqamətlərindən biri süni intellekt və onun yaratdığı robotlaşdırma sənayesidir. Məhz bu sahə yaxın onilliklərdə qlobal iqtisadiyyatın inkişaf tempini müəyyən edəcək əsas amillərdən biri hesab olunur. Təəssüf ki, bu istiqamətdə hələ arzu olunan səviyyədə deyilik.
Bəzən ictimaiyyətə təqdim olunan nümunələr də mövcud geriliyi açıq şəkildə göstərir. Bu yaxınlarda Milli Elmlər Akademiyasında hazırlanan robotun akademiya prezidentini tanımaması sosial şəbəkədə xeyli müzakirə obyekti oldu. Məsələ ayrı-ayrı şəxslərdə deyil, ümumi yanaşmadadır. Əgər elm və texnologiyanın inkişafı prioritetə çevrilməsə, gələcəyin iqtisadiyyatında rəqabət aparmaq getdikcə çətinləşəcək.
Bəzi insanlar bu fikirləri müxalif düşüncə kimi təqdim etməyə çalışa bilərlər. Əslində isə, burada söhbət siyasi mövqedən deyil, vətəndaş mövqeyindən gedir. Dövlətin güclənməsini istəyən hər bir insan iqtisadiyyat, təhsil və elm sahəsindəki problemlər barədə danışmalı, onların həlli yollarını axtarmalıdır.
Nadir hallarda ictimai məsələlərə münasibət bildirirəm. Çünki yaxşı bilirəm ki, bir yazı ilə nə iqtisadiyyat dəyişəcək, nə də təhsil sistemi yenidən qurulacaq. Amma bu o demək deyil ki, gördüyümüz nöqsanları deməməliyik. Susmaq bəzən rahatdır, lakin faydalı deyil.
Sədi Şirazi yazırdı ki, “danışmalı yerdə susmaq da, susmalı yerdə danışmaq da ağlın zəifliyidir”. Nizami Gəncəvi isə xəbərdarlıq edirdi ki, “haqq çeynənirkən susan dilsiz şeytandır”. Bu fikirlərin hər ikisində böyük həqiqət var. Müdriklik hər zaman danışmaqda da deyil, hər zaman susmaqda da deyil. Müdriklik harada danışmağın, harada isə susmağın vaxtını bilməkdir.
Fikirlə mübarizə aparmağın ən doğru yolu fikirdir. Arqumentə arqumentlə cavab vermək mümkündür. Şəxsi hücumlar, damğalar, keçmişdə yaşamış insanların taleyini mübahisəyə gətirmək isə yalnız bir şeyi göstərir: Ortada cavab verəcək arqument yoxdur.
Məhz buna görə, təhsil və iqtisadiyyat haqqında danışmaq, bu sahələrdəki nöqsanları göstərmək dövlətə qarşı çıxmaq deyil. Əksinə, dövlətin daha güclü, cəmiyyətin isə daha rifahlı olması üçün məsuliyyət hissindən doğan vətəndaş mövqeyidir.
Bir də ki, cəmiyyətin inkişafı təriflərlə deyil, həqiqətlə mümkündür. Həqiqət isə hər zaman xoş səslənmir. Lakin inkişafın yolu həqiqəti gizlətməkdən deyil, onu görməkdən, deməkdən və ondan nəticə çıxarmaqdan keçir.
araz.az xəbər portalı.