Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) samitində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri mühüm geosiyasi hadisə kimi dəyərləndirilə bilər. Əvvəla onu qeyd edim ki, 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malik ölkə kimi iştirak edən Azərbaycan bu qurumda həmrəylik platformasının üzvü kimi hörmətlə qarşılanır.

Son illərdə dünyada baş verən sürətli siyasi proseslər və yeni iqtisadi-ticari tələbatlar isə Azərbaycanın ŞƏT-ə inteqrasiyasını dərinləşdirir. Bu baxımdan ŞƏT-Azərbaycan əlaqələri yeni məzmun kəsb etməkdədir. Ələləxüsus da, qlobal iqtisadi fəallığın daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin artdığı bir mühitdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır.

Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Çinlə strateji tərəfdaş olması, Mərkəzi Asiyanın Dövlət Başçılarının Məşvərəq Görüçünün tamhüquqlu üzvü olması bu təşkilata üzv olması üçün əsil zəmin yaradır. Ərazi bütövlüyünü təmin edərək, regional və qlobal proseslərdə fəal oyunçuya çevrilən ölkəmizin ŞƏT ailəsinə inteqrasiyası təşkilatın da xüsusi maraq dairəsindədir.

10 tamhüquqlu üzvü , 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı olan ŞƏT-in lider dövləti və güc sütunu hesab edilən Çinlə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu yaxınlaşmanı daha da gücləndirir.

Əlbəttə, təşkilatda bəzi maraqlı güclər rəsmi Bakının möhkəmlənən geosiyasi və geoiqtisadi gücündən qısqanaraq ŞƏT-ə üzvlüyünə mane olmağa çalışır, Hindistan və Rusiya da bu prosesdə əsas rol oynayıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Azərbaycan-Çin müttəfiqliyinin rəsmiləşməsi və digər proseslər regionda vəziyyəti dəyişməkdədir.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib və proseslər ölkəmizin xeyrinə sürətlə dəyişməkdədir.

Hazırda çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarını genişləndirərək Asiya və Avropa arasında körpüyə çevrilir. Bu baxımından yeni reallıqlar Azərbaycanın ŞƏT-də təmsil olunmasını labüdləşdirir.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor

araz.az xəbər portalı.