Rəsmi sənədlər mövcud olduğu halda, sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılır, süni intellektlə hazırlanmış görüntülər vasitəsilə vəzifəli şəxslərə təzyiq göstərildiyi iddia olunur.

Jurnalistika adı altında fəaliyyət göstərərək, sosial şəbəkələr vasitəsilə insanlara və şirkətlərə təzyiq göstərmək, onların nüfuzuna xələl gətirmək və dövlət qurumlarının qərarlarına təsir etməyə çalışmaq isə yolverilməzdir. Təəssüf ki, “Abşeron — A1” MTK ətrafında baş verənlər bu cür fəaliyyətin nə qədər təhlükəli nəticələr doğura biləcəyini gündəmə gətirir.

Məsələnin mahiyyəti aydındır: “Abşeron — A1” MTK dam örtüyünün quraşdırılması və texniki mərtəbə ilə bağlı fəaliyyətinin aidiyyatı qurumlarla razılaşdırıldığını bildirir. Şirkətin təqdim etdiyi sənədlər mövcud olduğu halda, bəzi “TikTok” və “Instagram” səhifələrində MTK-nın fəaliyyətinə qarşı kampaniya aparıldığı, müxtəlif iddiaların tirajlandığı bildirilir.

“Abşeron A1” MTK-nın bu məsələ ilə bağlı rəsmi sənədləri olduğu halda, bəs, sosial şəbəkələrdə qarayaxma və təzyiq üsullarına niyə əl atılır?Sənədlər varsa, sosial şəbəkə şantajının məqsədi nədir?

“Abşeron A1” MTK-nın mövqeyinə görə, bəli, dam örtüyünün quraşdırılması ilə bağlı aidiyyatı dövlət qurumlarının yazılı sənədləri mövcuddur.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 29 iyul 2025-ci il tarixli, EXO-3427/2025 nömrəli məktubu, eləcə də, Abşeron Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2026-cı il tarixli, 5-29/2-3222/2026 nömrəli cavab məktubu şirkətin istinad etdiyi sənədlər sırasındadır. MTK bildirir ki, həmin yazışmalarda dam örtüyünün quraşdırılmasına etiraz edilmədiyi ifadə olunub.

Bundan başqa, şirkətin məlumatına görə, binanın bir sıra sakinləri texniki mərtəbə ilə bağlı razılıqlarını aidiyyatı quruma yazılı şəkildə bildiriblər və bu müraciətlərin surətləri də mövcuddur.

Təbii ki, sənədlərin hüquqi qüvvəsi və layihənin tikinti normalarına uyğunluğu səlahiyyətli qurumlar tərəfindən qiymətləndirilə bilər. Ancaq bir məqam mübahisəsizdir: Məsələni araşdırmadan, sənədləri yoxlamadan və qarşı tərəfin mövqeyini öyrənmədən MTK-nı ictimai müzakirələrdə hədəfə çevirmək obyektiv jurnalistika prinsiplərinə uyğun deyil.

Arzuman NƏBİYEV 

araz.az xəbər portalı.