Onurğa əyriliyinin müxtəlif növləri və dərəcələri olan şəxslərin hərbi xidmətə yararlılığı, eləcə də əvvəllər sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilən şəxslərin yenidən müayinəyə cəlb olunması məsələsi gündəmdədir.

Arazpress.com bildirir ki, bu barədə hərbi ekspert Elxan Şıxəliyev Referans Media-ya açıqlamasında bəzi nüansları diqqətə çatdırıb. O, qeyd edib ki, bu mövzuda əsas məsələ onurğa əyriliyinin yalnız dərəcəsinin deyil, həm də onurğanın funksional vəziyyətinin, xəstəliyin ağırlığının və şəxsin gündəlik fiziki fəaliyyətinə təsirinin nəzərə alınmasıdır. Hərbi xidmətə yararlılıq məsələsində rentgen müayinəsinin nəticələri, tibbi sənədlər və hərbi-həkim komissiyasının rəyi mühüm əhəmiyyət daşıyır.

Ekspertin sözlərinə görə, hərbi-həkim komissiyası rentgenoqramı, əyriliyin struktur və ya qeyri-struktur olmasını, fəqərələrin rotasiyasını, onurğanın funksional vəziyyətini və yanaşı pozuntuları qiymətləndirməlidir. Ağır deformasiya, hərəkət məhdudluğu, döş qəfəsinin deformasiyası və tənəffüs funksiyasının pozulması da qərara təsir edə bilər.

Xüsusilə, əvvəllər sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmiş şəxslərlə bağlı yeni qaydaların tətbiqi ayrıca hüquqi aydınlaşdırma tələb edir. Burada əsas məsələ yeni meyarların qüvvəyə minib-minməməsi və onların əvvəlki qərarlara necə təsir etməsidir.

Əvvəllər hərbi xidmətə yararsız hesab edilən şəxslər yenidən çağırıla bilərmi?

Elxan Şıxəliyevin sözlərinə görə, müəyyən hallarda bu mümkündür, lakin avtomatik deyil.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi sual-cavab materiallarında bildirilir ki, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata keçirilən şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada təkrar tibbi müayinədən keçirilirlər. Təkrar müayinə nəticəsində dinc dövrdə hərbi xidmətə yararlı hesab edilən şəxslər ümumi əsaslarla çağırıla bilərlər.

Burada iki məqamı fərqləndirmək lazımdır. Təkrar müayinə əvvəlki diaqnozun və sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsini nəzərdə tutur. Hərbi xidmətə çağırılma isə yalnız təkrar müayinənin nəticəsi və qüvvədə olan qanunvericiliyə uyğun qərar əsasında mümkündür.

Bu məsələdə əsas sual yalnız skolioz və ya kifozun hansı dərəcəsinin hərbi xidmətə mane olması deyil. Eyni zamanda, yeni açıqlamanın mövcud normativ qaydalara münasibəti, əvvəlki tibbi qərarların hüquqi qüvvəsi və təkrar müayinənin hansı hallarda aparılacağı da aydınlaşdırılmalıdır.

Hər bir vətəndaşın hərbi xidmətə yararlılığı fərdi tibbi nəticələr və qüvvədə olan qaydalar əsasında müəyyən edilməli, əvvəlki qərarlar isə yeni açıqlamaya əsasən avtomatik ləğv edilmiş hesab olunmamalıdır.

araz.az xəbər portalı.