
Tural İRFAN,
Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı və siyasi şərhçi
Yəmən xalqı İran işğalına son vermək üçün səfərbər olub. Əsasən paytaxt Səna və ətraf məntəqələri fars kökənli separatçı Husilərdən azad etmək üçün Zeydi, Hənəfi, Şafii və İbadilər vəhdətdə suverenlik üçün qanuni hökumətin əmrinə tabe olaraq ayaqlanıblar. Qeyd edək ki, bu coğrafiyada dini təriqət və məzhəblər hələ də orta əsrlərdəki kimi hərbiləşdirilmiş siyasi partiya, təşkilat rolundadır.
Yəmən xalqı cəngavər xalqdır. Əksəriyyəti köklü ərəblərdir. Xalis ərəblər. Vaxtilə eradan əvvəl Səba, Himyər, Məin ərəb krallıqları, Qataban, Məzrəməvt, Ovsan dövlətləri mövcud olub. Həzrət Muhəmməd təbliğata başlayanda Yəmən fars Sasanilərin işğalında idi. Fars əsilli valilər qəbilələri ilə birgə köçüb ölkənin müxtəlif nahiyyələrində məskən salmışdılar.
Yəməndə ərəb qadınları ilə evlənərək, yerli əhali ilə qarışmış fars əsgərləri və onların nəsilləri tarixi mənbələrdə “Əbnə” (“oğullar, övladlar”) adlanırdı. VI əsrdə Sasanilər imperiyası tərəfindən Yəmənə göndərilən bu hərbçilər yerli ərəb tayfaları ilə qohumlaşmış və zamanla regionda mühüm siyasi-mədəni iz qoymuşdular. Bunlar əsasən VI əsrin ortalarında Sasani padşahı I Xosrov Anuşirvanın göndərdiyi hərbi qüvvələrin davamçıları dir. Daha çox paytaxt Səna və ətraf bölgələrdə məskunlaşaraq yerli ərəb qadınları ilə evlənmişdilər. İndiki Husilərin əsas qərargahı və zəbt etdiyi ərazilər həmin ərəbləşmiş farsların sıx yaşadığı yerlər idi.
Sasani şahının təhdid ismarışını da Peyğəmbərə elə onların Yəmən valisi, fars əsilli Bərzan gətirmişdi.
Xilafət parçalandıqdan sonra Yəməndə Zeydi İmamları hakimiyyəti ələ almışdılar. Mötədil şiə qanadı kimi təqdim olunsalar da əslində onlar nə şiə, nə sünni idilər. Etiqadda Mötəzilə, fiqhdə əvvəl Hənəfi, daha sonra özlərinin fiqh məktəbini qurmuşdular. Kufəlilər tərəfindən aldadılıb babası Hüseyn kimi şəhadətə yetirilən İmam Zeydin davamçıları idilər. Zeydilər müsəlman icmasının rəhbərini İmam adlandırırlar. Zeyddən sonra oğlu Yəhyanı növbəti İmam hesab edirdilər. Atasının qiyamından sonra indiki İran ərazilərinə qaçan Yəhyanın davamçıları sonralar Xəzərin şimalında, Təbəristanda Zeydi hakimliklərinin təməlinin qoyacaqdılar. İmamiyyə doktrinasından fərqli olaraq 12 İmam silsiləsini, məsumluğu və qaib İmam Mehdi inancını qəbul etmirlər. İmam Zeyd bin Əli Zeynəlabidinin öz tələbəsinə diqtə edib yazdırdığı “Əl Məcmu” yaxud “Əl Müsnədi İmam Zeyd” hədis kitabını Qurandan sonra əsas mənbə hesab edirlər. Sonralar Qasim əl Rəssi kimi öz məzhəb alimləri tərəfindən digər hədis və fiqh mənbələri də yazılmışdır.
Zeydi məzhəbi Səfəvilərə qədər İran və Azərbaycanda mövcud idi. Hətta Şah İsmayılın uşaqkən saxlandığı Biyapuş hakimləri də əvvəlcə Zeydi idilər. Səfəvilər hakimiyyəti bərkidib Livan, İraq və Suriyadan ekstremist fars mollaları dəvət etdikdən sonra (Sasanilər çökəndə pərən-pərən olmuşdular) Şəmsəddin Lahici, Müctəhid Kərəki, Əllamə Məclisi, Şeyx Bəhai kimi mühafizəkar fars ideoloqlar Zeydilik kimi mötədil Əhli Beyt məzhəblərini qadağan etdilər. Çünki Zeydilikdə baş yarmaq, zəncir vurmaq, siğə, qeybdən İmam gözləmək, imamları və şahları ilahlaşdırmaq, digər məzhəblərə qarşı dözümsüzlük, mövhumat yox idi.
Hətta eyni zamanda yer üzündə fərqli ərazilərdə bir neçə İmamın ola biləcəyini də mümkün hesab edirdilər. Çünki imam vəzifəsi Zeydilikdə Allah tərəfindən təyin olunmuş ilahi missiya daşıyan yarıtanrı obrazında yox, öz qabiliyyəti və xalqın dəstəyi ilə seçilmiş adi siyasi və ruhani lider, icma başçısı timsalında idi. Qeybdəki İmam Mehdi və onun dünyadakı naibləri konsepsiyası da, digər müsəlman təriqətlərindəki kimi Zeydilikdə də yox idi. Belə olduqda şahı, gizli İmamın naibi elan etmək, ona ilahi status vermək və nəticədə xalqı ona bir növ sitayişə gətirmək olmayacaqdı. Ən əsası isə digər məzhəblərə tolerant yanaşan, xəlifələri söyməyi, Peyğəmbərin arvadlarına lənət oxumağı haram hesab edən bir məzhəbin dövlət ideologiyası seçilməsi qarşıda qanını tökəcəkləri müsəlmanların qanını, namusunu, mülkünü halal etdirə bilməyəcəkdi. Ona görə daha mühafizəkar, daha barışmaz, daha qatı bir xətt lazım idi ki, onun şəriət hesab olunan hüquqi tələbləri əsasında hədəf seçdikləri müsəlman xalqların kəllə sümüyündən çaxır qədəhi düzəldə bilsinlər. Hətta bu ehtirasa, öz dədə-baba mənəvi – ruhani sufi təriqətləri olan Səfəviyyə təriqətini də qurban verdilər. Çünki o, yalnız əxlaqi, mənəvi, ruhani mahiyyəti özündə cəm edən, zikri, şükrü tərənnüm edən təsəvvüf yolu idi. Siyasi hakimiyyət üçün isə baş kəsmək, adam şaqqalamaq, qan tökmək kimi məsələlərə hüquqi şəriət donu geydirmək lazım olduğu üçün türk ruhuna və digər müsəlmanların etiqad etdiyi cərəyanlara ən uzaq olanını seçdilər.
Təbii ki, bunu Livan üləması tərtib edirdi. Saz çalıb şeir oxuyan, zikr həlqələri qurub münacatlar edən sufi Səfəviyyə təriqətinin izi-tozu da qalmadı. Lazım olan yeni mühafizəkar, məzhəbçi teokratik ideoloji sistemin proqramını da Livanda, İraqda bişirib Mühəqqiq Kərəkilər (indi Ərdəbilin baş mollası Həsən Amulinin babaları) Amulilər Cəbəl Amul dağlarından gətirmişdilər. Onlar da bu coğrafiyaya artıq yad adamlar olduqları üçün tərtib etdikləri proqram yerli müsəlmanların, türklərin ruhuna, mədəniyyətinə, adətlərinə tamamilə yad idi. Məsələn, siğə, zəncir vurub baş yarmaq, mərsiyyəçilik, Peyğəmbər ailəsinə, arvadına, qayınatasına lənət demək (bu “təbərra” adlanırdı) kimi ənənələr bu insanlara yad idi. Ona görə də məhz zor yolunu seçdilər.
Odur ki, beləcə müəyyən qədər bu coğrafiyanın xalqları üçün mötədil yol olan Zeydiliyi də digər mötədil və siyasiləşməsi mümkün olmayan məzhəbləri qadağan və rədd etdilər. Səfəvilər öz ideologiyalarını Cəfəri, İmamiyyə şiəliyi adı altında yaysalar da bu, şübhəsiz ki, həqiqi Cəfəri məzhəbi deyildi. İmam Sadiq siyasətdən uzaq, elmlə məşğul olan şəxs idi. Hətta o, əmisi İmam Zeydin Əməvilərə qarşı qiyamına da qatılmamış, onu çəkindirmək istəmişdi. Yəni onun məzhəbi hakimiyyətə can atan siyasiləşmiş məzhəb deyildi və onun belə bir iddiası da olmamışdı.
Odur ki, Səfəvilərin Livan üləmasının ortaya qoyduğu siyasi — ideoloji sistemin İmam Cəfər Sadiqlə, onun yolu ilə əsla əlaqəsi yox idi. Həqiqi Cəfəri məzhəbini bu coğrafiyada 2-ci Şah İsmayıl və Nadir şah dirçəltmək istəyirdi. 2-ci İsmayıl və Nadir şah hətta Peyğəmbərimizin arvadlarına, qayınatasına, ilk müsəlmanlara, səhabələrə lənət yazılmış yazıları məscidlərdən sökdürüb pozdurmuşdu. (O. Əfəndiyev “Səfəvilər”). Nadir şah xəlifələrin lənətlənməsi ayinlərini rəsmən qadağan edib Osmanlıya məktub yazmışdı ki, Səfəvilərin pozduğu (farslaşdırdığı) formasıyla yox, həqiqi, mötədil Cəfəri məzhəbini də İslamın beşinci haq məzhəbi kimi qəbul edib Kəbədə bu məzhəb üçün də minbər ayırsınlar.
Bu coğrafiyada Elxanlılar, Qaraqoyunlular, Ağqoyunlular zamanından rişəsi olan mötədil Əhli Beyt məzhəbini bərpa etmək və digər türk, müsəlmanlarla vəhdəti, tolerantlığı qaytarmaq istəyirdi. Ancaq problem 2-ci İsmayıl və Nadir şah düşündüyü qədər sadə deyildi. Təkcə söyüşü qadağan etməklə iş düzəlmirdi. Livanlı və iraqlı şüubiyyə ideoloqları tərəfindən cildlərlə əsərlər yazılıb dövlətin ideologiyası, məzhəbçi teokratik sistemi, əsas qanunları formalaşdırılıb oturuşmuşdu. İmamların adına minlərlə hədis uydurulub xalqın inancına yeridilmişdi. Bunun üçün on minlərlə müsəlmanın, türkün qanı su yerinə axmış, kəllələrdən piramidalar qurulmuşdu. Beləcə gizli şüubiyyəçilər islahatlar aparmaq istəyən 2-ci İsmayılı, daha sonra Afşarlar zamanında da Nadir Xanı müxtəlif bəhanələrlə terror etdilər.
Zeydi məzhəbinə görə İmam ilahi təyinatla deyil, fəzilətinə, savadına və cəngavərliyinə görə müsəlman icması tərəfindən təyin olunur. Onlar ilk xəlifələr, Əbu Bəkr və Ömərin də imamlığını, yəni liderliyini qəbul edirlər. Lakin Əlini daha fəzilətli sayırlar. Zeydiliyin Süleymaniyyə qoluna görə İmam Quranın “Şura” surəsində deyildiyi kimi məşvərətlə təyin edilir, iki adil və təmiz insanın təsdiqi ilə qəbul edilir. (Mənbə: Əbu Məhəmməd Həsən bin Musa Novbəxti “Firaquşşiə” kitabı, Abdulbaqi Gülpınarlı “İslamda təriqətlər və məzhəblər…” kitabı, səhifə 33-35)
Zeydiliyin Naimilik qolu da imamlıq məsələsində Süleymaniyyənin fikrini qəbul edir. Naimilər və Carudilər Osmana və Əliyə qarşı gələnlərin kafir olduğunu iddia edirlər. Yaqubilik qoluna görə ölümdən sonra dünyaya gəliş (İmamiyyə və Keysaniyyə təriqətinə görə “Rəcət” vəya “Ricət”) inkar olunur, insanların Qiyamətdən öncə dirilib yenidən dünyaya gəlməsi inancını Qurana zidd sayırlar. (Eyni mənbə, səhifə 35) Haşiyə: Mirzə Cəlilin “Ölülər” əsərindəki Şeyx Nəsrullahın ölülərin dirilişi “konsepsiyası” da bu təmələ əsaslanırdı.
Yəməndə Zeydi İmamlar 1962-ci ilədək dövlətin başında idi. 1979-cu ildən İran rejimi “inqilabın ixracı” siyasi kursuna uyğun olaraq Yəməndə fars kökənli qrupları ələ aldı və Zeydiliyin Carudilər qolundan bir tayfanı, Husiləri ayırdı. Həm dini əqidələrində həm də siyasi baxışlarında nifaq toxumu səpərək nəticə etibarı ilə radikallaşdırdı və bu günkü parçalanmış Yəmən ortaya çıxdı. Səudiyyə Ərəbistanı ilə savaşaraq ölkəni viran etdilər, xalqı səfil duruma saldılar. İsrailə müqavimət isə Yəməni tam işğal etməyə leqallıq qazandırmaq üçün qalxandır. Halbuki Yəməni parçalamağın, İsrailin, ABŞ-nin, Səudiyyə Ərəbistanın hədəfinə çevirib viran etdirməyin özü elə İsrailə Husilərin ən böyük xidmətidir. Hazırda Zeydilərin başçılığı ilə hökumət qüvvələri İran işğalına qarşı səfərbər olub. Müsəlman qanını hədər bilənlər ola bilsin Husiləri mərkəzi hökumətə qarşı savaşa təhrik edəcəklər. Lakin Zeydi və digər müsəlman əhali ölkələrini Sasani işğalından azad etməyə qətiyyətli görünür. Xüsusən hazırda Türkiyə, Pakistan və Ərəbistanın birgə saziş imzalaması regionda müəyyən nizamlama prosesinin başlanması deməkdir ki, bu mərhələdə Yəmən, gələcəkdə də Livan xilas edilər və beləcə Fələstin probleminin də diplomatik yolla həllinə doğru yeni üfüqlər açılmış olar.
Bu mənada İranın ali dini liderinin müşaviri və hərbi komandan Yəhya Rəhim Səfəvinin bir neçə gün öncə “Türkiyə etibarlı müttəfiq deyil”, “Biz Səfəvilərin varisiyik, onların ideyalarını davam etdiririk” fikri heç də bizdə bir çoxunun düşündüyü kimi, Səfəvilərin “Bütöv Azərbaycan qurduqlarına”, “türk dilini dövlət dili etdiklərinə”, Güneyli – Quzeyli bütöv Azərbaycan sevdasına görə deyildi, molla rejimi üçün artıq “etibarsız müttəfiq” sayılan Türkiyə ilə aramıza nifaq salmaq üçün tarixin ziddiyyətli səhifələrini, orbazı ətrafında nifaq salına biləcək tarixi şəxsiyyətləri qabartmaq və əlaltılarına mesaj ötürmək idi.
Təəssüf ki, hələ də bu mübahisələr, “Təbərra” ayinləri təəssüf ki, İran təəsübkeşləri tərəfindən qızışdırılır. Savaş tarixləri savaşa – savaşa, söyüşə – söyüşə araşdırılıb aydınlığa çıxarılmır. Sakit, obyektiv, ədəb-ərkan çərçivəsində müzakirə olunur. Lakin hazırkı söyüş, təhqir, hətta təhdid içərən, iki zümrə arasında ədavət yaradan mübahisə üsulunun isə bizə yad olan ənənə olduğunu müşahidə etdikdə yaranın hardan qaşındığı bir daha təsdiqini tapır.
araz.az xəbər portalı.