Yəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlasalar da, proses qısa müddətdə husilərin xeyrinə dəyişib.

Husilər cəmi 12 saat ərzində eni təxminən 30 kilometr, uzunluğu isə 70 kilometr olan sahil zolağına nəzarəti ələ keçiriblər. Qruplaşma Əl-Muxa limanını da ələ keçirərək HamamKahbub dağları istiqamətində hücumlarını davam etdirir.

Yəməndə hərbi balansın PLC-dən husilərin xeyrinə dəyişməsinin konkret səbəbləri var.

Əvvəla, PLC Səudiyyə Ərəbistanından ciddi dəstək alsa da, Ər-Riyad Türkiyənin Suriyada etdiyi kimi, fərqli silahlı və siyasi qrupları vahid komandanlıq və vahid cəbhə ətrafında birləşdirə bilməyib. Məsələn, PLC müəyyən istiqamətlərdə hərbi əməliyyatlarda uğur qazansa da, daxili fikir ayrılıqları və Yəməndəki digər maraq qruplarının fərqli mövqeləri əldə olunan nəticələrin qısa müddətdə uğursuzluğa çevrilməsinə səbəb olub.

Husilərdə isə vəziyyət fərqlidir. Qruplaşma daxilində bu miqyasda ciddi fikir ayrılığı görünmür və İranın dəstəyi hesabına daha koordinasiyalı, peşəkar və effektiv hərbi fəaliyyət nümayiş etdirirlər. Məsələn, hərəkatın son əməliyyatları fonunda SEPAH-a məxsus üç yüksək rütbəli zabitin və bir neçə dron mütəxəssisinin hazırda Yəmənin paytaxtı Sənada olduğu barədə məlumatlar da mövcuddur.

Bununla belə, husilərin qələbə qazanacağını düşünmürəm. Belə ki, son əməliyyatlar fonunda Bab əl-Məndəb boğazındakı mühüm adalar da husilərin nəzarətinə keçib. Bu isə faktiki olaraq boğaz üzərində nəzarətin tam olaraq husilərə keçdiyi mənasına gəlir.

Hörmüzün İran tərəfindən, Bab əl-Məndəbin isə husilər tərəfindən bağlanması ehtimalının yaranması enerji məhsulları, əlvan metallar, taxıl, buğda ticarəti və birjalara kəskin şəkildə təsir edəcək.

İstisna deyil ki, vəziyyət belə davam edə bilməz. Səudiyyə Ərəbistanı mütləq şəkildə Yəmənə qarşı koalisiyanın müdaxiləsini təmin etməyə çalışacaq. Əslində, Bab əl-Məndəbin husilərin nəzarətinə keçməsi artıq müdaxiləni zəruri edir.

Pakistan belə bir müdaxilədə maraqlıdır. Lakin Türkiyənin maraqlı olub-olmaması hələlik bəlli deyil. Əgər Türkiyə də razılıq versə, Yəmənə koalisiya müdaxiləsi ola bilər. Beləliklə, Ankara Suriyadan sonra Yəməndə də sülhü bərpa etmiş olar. Lakin bu, Tehran ilə Ankara arasındakı münasibətləri poza bilər.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı

araz.az xəbər portalı.