
Bir müddət öncə redaksiyamız tərəfindən “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsində yayımlanan bir-neçə məqalə ilə bağlı açıqlama və təkzib vermək istəyirik.
Belə ki, “Araz” Media Qrupunun tərkibindəki Araz.az və Arazpress.com xəbər portallarında 14 yanvar 2024- cü il tarixində “Sabiq baş direktor hansı səbəblərdən həbsdə saxlanır?”, “SOCAR AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… neft şirkətlərinin uğur gətirən bizneslərinə maneə yaradanlar: Təsdiqni tapan dəhşət doğuran iddialar”, 04 mart 2024-cü il tarixində “Saxta iddialar təsdiqini tapmır deyə, ictimaiyyətin “SOCAR-AQŞ”-nin sabiq Baş direktoru Ramin İsayevin dövlətçiliyimizə vurulan zərbə kimi qəbul etdiyi həbs müddəti üçüncü dəfə uzadıldı”, 21 mart 2024-cü il tarixində, “Müəmmalı Ramin İsayev həbsi: Təəssübkeş və tərəfkeşlər ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləyirlər”, 31 mart 2024-cü il tarixində ““SOCAR AQŞ”-nin məhkum sabiq Baş direktorunun qaranlıq məqamlı müəmmalı həbsində işıq ucu görsəndi: Nəhayət, məhkəmə Ramin İsayevin etirazına müsbət reaksiya göstərdi”, 03 aprel 2024-cü il tarixində ““SOCAR AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… neft şirkətlərinin uğur gətirən bizneslərinə maneə yaradanlar: Dəhşət doğuran iddialar — Yenilənib”, 26 aprel 2024-cü il tarixində “Tərəqqi medalı ilə təltif edilən şəxsin həbsinin səbəbkarı kim olub? – Saxta ittiham”, 01 may 2024-cü il tarixində “Ramin İsayevin məhkəməsində insident yaşanıb: Prokuror işin gedişi zamanı prosedur qaydalarının pozulan çox məqamlarına etirazını bildirən məhkumun xanım vəkilinin üstünə qışqıraraq, onu təhqir edib”, 28 may 2024-cü il tarixində ““SOCAR AQŞ”-nin adı ətrafında gedən oyunların acı nəticələri”, 01 iyun 2024- cü il tarixində “Ramin İsayevə qarşı irəli sürülən saxta ittihamı ağırlaşdırmaq necə mümkün olub?!”, 04 iyun 2024-cü il tarixində “Həbsini sifariş edənlərin Ramin İsayevi islah etdirməkdə məqsəd, maraq və gizli planları — Cidanı çuvalda gizlətmək olmur”, 11 iyun 2024-cü il tarixində “Dayısından “SOCAR AQŞ”-nin qurucusu və sabiq Baş direktoru Ramin İsayevin qanunsuz və əsassız həbsinə kəskin etiraz —Şikayət”, 08 iyul 2024-cü il tarixində “Oliqarxların orbitində dövrə vuran Orxan Xudatlının kələk üstündə qurulan bəd əməlləri” başlıqları altında dərc edilən yazılarda Ramin İsayevin həbsdə saxlanmasının heç bir hüquqi əsası olmadığını və onun qərəzçi şəxslərin verdikləri sifarişlər əsasında həbs edildiyini və məhkəmə proseslərinin bəzi şəxslərin istəyinə uyğun olaraq, qərəzli formada davam etdiyini yazmışdıq.
Redaksiyamız tərəfindən aparılan jurnalist araşdırması nəticəsində müəyyən olmuşdur ki, yuxarıda qeyd olunan məqalələr bizə məhz Ramin İsayev və onun yaxınları tərəfindən məqsədyönlü şəkildə verilən yalnış məlumatlar əsasında yazılmışdır. Məqalələrdə səsləndirilən məlumatlar həqiqətə uyğun deyil və ictimayyətin diqqətini Ramin İsayevin törətdiyi cinayətlərdən yayındırmaq məqsədi daşıyır.
Bu məqalələrdə səsləndirilən və əsasını tapmayan iddialara görə adları çəkilən şəxslərdən, o cümlədən “NEQSOL Holding”in səhmdarlarından, holdinqin rəhbəri Yusif Cabbarovdan və digər rəhbər şəxslərdən üzr istəyir, onların işgüzar nüfuzuna xələl gətirdiyimizə görə təəssüf hissi keçiririk.
Araşdırma nəticəsində onu da müəyyən etmişik ki, Ramin İsayevə qarşı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində onun cinayətlərini təsdiqləyən və istintaq zamanı toplanan sübutların obyektiv araşdırması davam edir. O cümlədən, məhkəmə prosesində onu ifşa edən şahid ifadələri də səsləndirilmişdir.
Belə bir qənaətə gəlmişik ki, Ramin İsayevin mühakimə edilməsi kiminsə sifarişi deyil, məhz Azərbaycan Respublikasının ədalət sisteminin onun qanunsuz hərəkətlərinə tam qanuni cavabıdır.
araz.az xəbər portalı.