Vahid TAĞIYEV,
peşəkar təhsil işçisi

Bu məsələ peşəkar təhsil ictimaiyyətinə nə qədər utanc gətirsə də, belə mövzuların hər zaman gündəmə gəlməsini istəməsək də, son günlər sosial şəbəkələrdə bu məsələ geniş yer almışdır. Əlbəttə, müəllim nüfuzuna xələl gətirən bu kimi məsələləri doğuran şərait, mühit və səbəblər var. İlk növbədə,
unutmayaq ki, bəzilərinin pedaqoji cərgəyə təsadüfən gəlib qoşulması probleminin qalıqları hələ də mövcuddur. Halbuki, son illər müəllimlərin işə qəbulu, bilik keyfiyyəti və akademik göstəriciləri heç vaxt olmadığı qədər yaxşılaşıb.

Bəs, müəllimlər arasında dərs saatı üstündə davalar və buna oxşar hadisələr niyə baş verir?

Neçə illərdir ki, dərs bölgüsü tam dəqiqləşməmiş, qeyri-müəyyən təlimati göstərişlərlə həyata keçirilir. Halbuki, bu vacib məsələdə mübahisələrə son qoyan aydın və konkret bölgü prinsipləri olmalı, dərs bölgüsü üçün dəqiq mexanizm yaradılmalıdır.

Yalnız şəffaf və obyektiv meyarlarla subyektiv, şəxsi münasibətlərə son qoymaq olar. Bu halda belə qarşıdurma və gərginliklərin yaranması üçün də şərait yaranmaz.

Təhsilin, tədrisin keyfiyyəti naminə ən idealı müəllimin bacarıq və fəaliyyət nəticələrinin nəzərə alınmasıdır. Bunun üçün isə prosesi il boyu izləməyi bacaran, faktlar, təhlillər əsasında, detallı fikir söyləyən məktəb rəhbərlərinə ehtiyac vardır. Burada məktəbi idarə edənlərin obyektiv mövqeyi, idarəetmə və liderlik bacarığı ilə bərabər, kifayət qədər sərbəstliyi də mühüm şərtdir.

Əlbəttə, bu zaman söhbət ədalətli və obyektiv məktəb rəhbərindən gedir. Bəzən dərs bölgüsünə ərzaq bölgüsü təfəkkürü ilə yanaşılması yolverilməzdir.

Yuxarı təşkilatların, bəzən regionların rəhbərinin, yaxud digər səlahiyyətli şəxslərin pedaqoji kollektivin üzvlərini tanımadan, onların tədris fəaliyyətinə bələd olmadan dərs bölgüsünü aparmağa çalışması doğru yanaşma deyil. Bu məsələdə isə real olaraq pedaqoji məsuliyyəti yaradıcılıqla öz üzərinə götürən, proqram materiallarını yüksək səviyyədə təhsilalanlara məktəbdə mənimsətməyi bacaran, uğurlu nəticələri olan müəllimlərə üstünlük verilməsi BİR QIRMIZI XƏTT KİMİ, paralel olaraq sertifikasiya, diaqnostika, monitorinq, dərs dinləmələr və digər göstəricilərlə birgə nəzərə alınmalıdır (Bu kimi meyarların zamanla yenilənməsi və dəyişməsi də gözləniləndir).

Müəllim öz tərbiyəsi və davranışı ilə nümunə olmalıdır. Davranışında qüsurlar olanlara vaxtında, lazım gəlsə, ciddi reaksiya verilməli, tələblər daxilində sərt ölçü götürməkdən çəkinilməməlidir.

Ən acınacaqlısı odur ki, mübahisələri bəzən bunu yaradanların özləri ictimailəşdirir, media vasitələrinə müsahibələr verir, sosial şəbəkə vasitəsi ilə bir-birlərini itdiham edirlər. Məktəbdə dalaşan müəllimlərin bu vəziyyət yaranana qədər hansı mübahisə mərhələlərindən keçməsi, pedaqoji prosesin pozulması, şagirdlərin bu müddətdə nələri müşahidə etməsi isə ayrıca sual doğurur…

araz.az xəbər portalı.