
11 mart 2019-cu ildə Elçin Babayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edildi. Bu təyinatdan sonra BDU-da baş verənlərə, universitetin idarəolunma formasına və bir sıra şəxslərin rəhbərlik ətrafında qazandığı mövqeyə nəzər salanda istər-istəməz sual yaranır: Elçin Babayev həqiqətən universitetə rəhbərlik edirdi, yoxsa onun arxasında dayanmış başqa qüvvələr BDU-nun idarəçiliyinə təsir göstərirdi?
Rektorun təqdimat mərasimi də müəyyən suallar doğururdu. Tədbirə o vaxtkı təhsil naziri Ceyhun Bayramov rəhbərlik edirdi. Onun bir tərəfində rektor təyin olunmuş Elçin Babayev, digər tərəfində isə həmin dövrdə rektor vəzifəsini icra edən Firudin Qurbanov əyləşmişdi. Lakin diqqət çəkən təkcə bu mənzərə deyildi. Universitetin ənənələrinə, elmi və inzibati iyerarxiyasına uyğun olaraq ön sıralarda yer almalı olan şəxslərin əvəzinə, Qalina Mehdiyeva və Mehriban İmranovanın xüsusi şəkildə önə çıxarılması təsadüfi görünmürdü.
Xüsusilə Mehriban İmranovanın həmin vaxt BDU-nun Elmi Şurasının üzvü olmadığı halda bu qədər önəmli mövqedə görünməsi suallar doğururdu. Sonradan Elmi Şuranın iclasında ona ilk sözün verilməsi və çıxışına “Xoş gəlmisiniz, nazir müəllim” ifadəsi ilə başlaması da yadda qalan məqamlardan biri oldu. Bu sözlər auditoriyada təbəssümlə qarşılandı.
Ancaq həmin təbəssümün arxasında daha ciddi bir sual dayanırdı: universitetdə kim hansı səlahiyyətə malik idi və bu səlahiyyətləri kim müəyyənləşdirirdi?
Zaman keçdikcə Qalina Mehdiyevanın BDU rəhbərliyinin ətrafında xüsusi mövqeyə malik olduğu barədə təsəvvür daha da güclənirdi. Onun universitetin idarəçiliyinə təsiri, rektorla əməkdaşların münasibətlərində oynadığı rol və rəhbərliyə çıxış imkanlarına nə dərəcədə nəzarət etdiyi barədə çoxsaylı suallar yaranırdı.
Belə təəssürat formalaşmışdı ki, rektorun qəbuluna düşmək, onunla görüşmək və müəyyən məsələləri müzakirə etmək üçün əvvəlcə başqa bir qapıdan keçmək lazım gəlir.
Universitet kollektivində də narahatlıq və inamsızlıq mühiti yaranmışdı. Əməkdaşlar arasında kimin kim haqqında məlumat ötürdüyü, kimin rəhbərliyə yaxın olduğu, kimin isə nəzarətdə saxlanıldığı barədə söhbətlər dolaşırdı. Elmi fəaliyyət və tədris mühiti ilə seçilməli olan universitetdə belə bir atmosferin formalaşması BDU-nun nüfuzuna ciddi zərbə vururdu.
Elçin Babayevin astronom olması ilə bağlı zarafatlar da həmin dövrdə təsadüfən yaranmamışdı. Guya ona məlumatlar ulduzlardan gəlirdi. Əslində isə bu zarafatın arxasında rektorun ətrafında baş verənlərdən nə dərəcədə xəbərdar olduğu və universitetin gündəlik idarəçiliyində kimlərin söz sahibi olduğu barədə narazılıq dayanırdı.
ELMİN İNKİŞAF FONDU: EYNİ ƏLAQƏLƏR ŞƏBƏKƏSİ?
Məsələnin diqqətçəkən digər istiqaməti Elmin İnkişaf Fondu ilə bağlıdır. Elçin Babayevin BDU-ya rektor təyin olunmasından əvvəl Fondun icraçı direktorunun fəaliyyət göstərdiyi ofisin Bakının Yusif Səfərov küçəsi, 29 ünvanında yerləşən BTB Bank binasının 9-cu mərtəbəsində kirayələnməsi də araşdırılmalı məqamlardandır. Həmin binanın Mehdiyevlər ailəsi ilə əlaqələndirilməsi barədə məlumatlar da bu məsələyə əlavə suallar yaradır.
20 sentyabr 2019-cu ildə Mehriban İmranovanın Elmin İnkişaf Fondunun icraçı direktoru vəzifəsinə təyin edilməsi isə ayrıca araşdırma mövzusudur.
Ölkədə elmi ictimaiyyətin tanıdığı, elmi və idarəçilik təcrübəsi olan kifayət qədər mütəxəssis olduğu halda, bu vəzifəyə məhz onun gətirilməsinin səbəbi nə idi?
Bu seçim hansı meyarlar əsasında aparılmışdı? Onun elmi və idarəçilik potensialı, əvvəlki fəaliyyəti bu vəzifəyə uyğun gəlirdimi?
Bu sualların cavabı yalnız şəxsi münasibətlərə dair ehtimallarla deyil, sənədlərlə, qərarlarla, maliyyə hesabatları və müstəqil auditin nəticələri ilə ortaya qoyulmalıdır.
Elmin İnkişaf Fondu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına fəaliyyət göstərən qurum idi. Deməli, burada söhbət kiminsə şəxsi maliyyəsindən deyil, dövlətin vəsaitindən — Azərbaycan elminin inkişafı üçün ayrılmış puldan gedirdi. Fondun maliyyələşdirdiyi layihələr, keçirilən tenderlər, satınalmalar, ayrılmış qrantlar, layihələrin icra vəziyyəti və maliyyə hesabatları tam şəffaf şəkildə araşdırılmalıdır.
Mətbuatda və ictimai müzakirələrdə səsləndirilən 4,5 milyon, 12 milyon manatdan artıq və 24 milyon manatlıq xərclərlə bağlı rəqəmlər də aydınlaşdırılmalıdır.
Bu məbləğlər hansı qərarlar əsasında ayrılıb? Vəsaitlər hansı layihələrə yönəldilib? Tenderlər necə keçirilib? Layihələrin real nəticələri nədən ibarətdir? Ayrılan pulların təyinatı üzrə xərclənməsinə kim nəzarət edib?
Bunlar adi maliyyə sualları deyil — dövlət vəsaitinin idarə olunması ilə bağlı ictimai maraq doğuran, sənədlərlə cavablandırılmalı məsələlərdir.
BDU-DA BAŞ VERƏNLƏR VƏ MƏSULİYYƏT MƏSƏLƏSİ
Elçin Babayevin rektorluğu dövründə BDU-nun adı müxtəlif qalmaqallarla, narahatedici hadisələrlə və universitetin nüfuzuna xələl gətirən məlumatlarla hallandı. Tələbə yataqxanalarında baş verən hadisələr, ölüm halları, müəllim-tələbə münasibətləri ətrafında yaranan qalmaqallar və universitet daxilindəki idarəçilik problemləri cəmiyyətin diqqətindən kənarda qalmamalıdır.
Xüsusilə müəllim Nəriman Süleymanovun faciəli ölümü ilə bağlı ortaya çıxan suallar hərtərəfli araşdırılmalıdır. Müəllimin hansı şəraitdə təzyiqə məruz qaldığı, tələbə ilə bağlı hadisənin necə baş verdiyi, həmin hadisənin sonradan ona qarşı şantaj vasitəsinə çevrilib-çevrilmədiyi, bu prosesdə kimlərin iştirak etdiyi və kimlərin buna şərait yaratdığı aydınlaşdırılmalıdır.
Əgər ortada müəllimin şəxsi həyatına aid hər hansı hadisə olubsa, bu hadisə sonradan hansı məqsədlə istifadə edilib? Müəllimə qarşı təzyiq və şantaj mexanizmi qurulubsa, bunu kim təşkil edib, kim həyata keçirib, kimlər bundan xəbərdar olub? Universitet rəhbərliyinin bu məsələdə məsuliyyəti nədən ibarətdir?
Bu sualların səsləndirilməsi kimisə əvvəlcədən günahkar elan etmək deyil. Əksinə, faciənin bütün tərəflərinin araşdırılmasını və həqiqətin üzə çıxarılmasını tələb etməkdir. Müəllimin nüfuzunun ləkələnməsi, onun təzyiq altında qalması və nəticədə faciəvi sonluğa aparan hadisələrin üstündən sükutla keçmək olmaz.
BDU-da baş vermiş digər hadisələr də ayrı-ayrılıqda deyil, bütöv bir idarəçilik dövrünün nəticələri kimi araşdırılmalıdır. Universitetin nüfuzuna dəyən zərərin miqyası, qəbul edilən qərarlar, kadr təyinatları və rəhbərliyin məsuliyyəti obyektiv qiymətləndirilməlidir.
BU ƏLAQƏLƏRİN ARXASINDA KİM DAYANIRDI?
Elçin Babayevin rektor təyin olunması ilə bağlı ilk gündən Ramiz Mehdiyevin adı və təsir imkanları barədə müxtəlif müzakirələr aparılırdı. Sonrakı hadisələr, universitetdə ayrı-ayrı şəxslərin mövqeyi və Elmin İnkişaf Fondu ətrafında yaranan suallar bu məsələnin daha dərindən araşdırılmasını zəruri edir.
Qalina Mehdiyevanın, Mehriban İmranovanın və digər şəxslərin BDU və Fondla bağlı mövqeləri, onların təyinatlarda və qərarların qəbulunda hansı rol oynadıqları, Ramiz Mehdiyevlə əlaqələrə dair iddiaların hansı faktlara söykəndiyi araşdırılmalıdır.
Vyana və Brno görüşləri, həmin görüşlərdə iştirak edən şəxslər, onların sonrakı təyinat və qərarlarla mümkün əlaqələri də diqqətdən kənarda qalmamalıdır.
Vyanaya ezamiyyə olunan Elçin Babayevin, bu dövlət adamının ezamiyyə dövründə kollektivdən ayrılaraq Çexiyanın Brno görüşündə o zaman Rumıniyada səfir olan və hazırda həbsdə olan Eldar Həsənovla məxfi görüşündə daha kimlər bu görüşə qatılmışdı?
Kim deyirsə Babayev sadə biridir, demək ki, yanılır. Bakı Dövlət Universitetinin mühasibatlığındakı hesabat sənədlərində Brno görüşü öz əksini tapıbmı? Təbii ki, xeyr.
Fikrət Heydərov və Pərvaz Əsgərovun adlarının çəkildiyi məsələlər də sənədlər əsasında aydınlaşdırılmalıdır. Burada əsas məqsəd kiminsə adını hallandırmaq deyil, qərarların hansı əlaqələr və münasibətlər sistemi daxilində qəbul edildiyini müəyyən etməkdir.
Eyni zamanda, BDU-da ikinci ali təhsil və Hüquq fakültəsinə qəbul məsələləri də şəffaflıq baxımından araşdırılmalıdır. Qəbul prosesində hansı qaydalar tətbiq olunub, qərarlar hansı meyarlarla verilib, qanunvericiliyin tələblərinə əməl edilibmi? Bu sualların cavabı ictimaiyyətə açıqlanmalıdır.
Bir universitetin, xüsusilə də Azərbaycanın ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən birinin idarəçiliyi şəxsi münasibətlər, qeyri-rəsmi təsir mexanizmləri və qapalı qərarlarla müəyyən edilə bilməz. BDU heç kimin şəxsi mülkü deyil. Elmin İnkişaf Fondu da heç kimin şəxsi maliyyə mənbəyi ola bilməz!
REKTOR DƏYİŞDİ, BƏS MƏSULİYYƏT?
Elçin Babayevin rektor vəzifəsindən azad edilməsi onun rəhbərlik etdiyi dövrə aid sualları avtomatik olaraq aradan qaldırmır. Əksinə, indi həmin dövrün bütün fəaliyyətinə obyektiv qiymət verilməsinin, qəbul edilmiş qərarların, kadr təyinatlarının, maliyyə əməliyyatlarının və universitetdə baş vermiş hadisələrin hərtərəfli araşdırılmasının vaxtıdır.
Araşdırma yalnız bir şəxsin fəaliyyəti ilə məhdudlaşmamalıdır. BDU-da və Elmin İnkişaf Fondunda qərarların qəbuluna təsir göstərmiş bütün şəxslərin rolu, dövlət vəsaitinin idarə olunması, tenderlərin keçirilməsi, layihələrin maliyyələşdirilməsi və mümkün qanun pozuntuları hüquqi qiymət almalıdır.
Rektor dəyişə bilər, amma məsuliyyət aradan qalxmır! Elmin İnkişaf Fondunda başlanan qaranlıq tender əməliyyatlarının, dövlət vəsaitləri ətrafında formalaşmış şübhəli münasibətlərin və bu əlaqələrin BDU-ya qədər uzanan izlərinin açılmasına az qalıb. Görünür, hələ çox mətləblər üzə çıxacaq!
Məhi ELSEVƏR,
“Araz” Media Qrupu MMC-nin Araşdırma Qrupunun rəhbəri
araz.az xəbər portalı.