Yeddi illik rektorluğun arxasında qalan dağıntılar, cavabsız suallar və universitetin itirilmiş nüfuzu

Bu gün Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkə Prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edildi.

Belə bir məqamda soruşmaq yerinə düşərdi: Elçin Babayevmi vəzifəsindən azad olundu, yoxsa 2019-cu ildən etibarən Azərbaycan elm və təhsil məkanının flaqmanı, ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti, nəhayət, yeddi illik uğursuz idarəçilikdən azad edildi?

Məncə, ikinci sual daha məntiqli səslənir.

Çünki söhbət bir şəxsin vəzifəsini itirməsindən getmir. Söhbət Azərbaycanın elm və təhsil tarixində xüsusi yeri olan, neçə-neçə görkəmli alimin, ziyalının, dövlət xadiminin yetişdiyi Bakı Dövlət Universitetinin yeddi il ərzində hansı vəziyyətə salınmasından gedir. Söhbət universitetin elmi nüfuzuna, akademik ənənələrinə, professor-müəllim heyətinin mənəvi mühitinə və cəmiyyətdəki mövqeyinə vurulmuş zərərdən gedir.

Ən vacib sual isə budur:

Bu zərəri kim bərpa edəcək və itirilmiş universitet nüfuzunun məsuliyyətini kim daşıyacaq?

Əlbəttə, yeni rektor Məleykə Abbaszadə Azərbaycan cəmiyyətində kifayət qədər tanınan, uzun illər dövlət idarəçiliyində çalışmış, özünə müəyyən ictimai nüfuz qazanmış şəxsiyyətdir. Onun BDU-da hansı idarəçilik modelini tətbiq edəcəyini, universitetin elmi mühitini necə canlandıracağını, ən başlıcası isə onun özünəməxsus akademik ənənələrini necə bərpa edəcəyini zaman göstərəcək. Bu barədə indidən hökm vermək düzgün olmazdı.

Lakin bir məsələni indidən qəti şəkildə demək olar: Yeni rektorun qarşısında təkcə universiteti idarə etmək vəzifəsi dayanmır. Onun qarşısında əvvəlki rəhbərliyin fəaliyyətindən qalan ciddi suallara cavab tapmaq, maliyyə-təsərrüfat fəaliyyətini yoxlatmaq, universitetdə pozulmuş idarəçilik mühitini bərpa etmək və BDU-nun adını yenidən ucaldacaq akademik mühiti formalaşdırmaq vəzifəsi dayanır.

Ancaq bu gün əsas söhbət Məleykə Abbaszadənin gələcək fəaliyyətindən deyil. Əsas söhbət Elçin Babayevin 2019-cu ildə bu universitetə hansı şəraitdə gətirilməsindən, yeddi il ərzində hansı idarəçilik siyasəti yürütməsindən və BDU-nun hansı problemlərlə üz-üzə qalmasından gedir.

Elmin İnkişaf Fondundan BDU-ya uzanan qaranlıq yol

Elçin Babayevin fəaliyyətini yalnız 2019-cu ildən — Bakı Dövlət Universitetinə rektor təyin olunduğu tarixdən araşdırmağa başlamaq olmaz. Onun bundan əvvəl Elmin İnkişaf Fonduna rəhbərlik etdiyi dövr də ciddi araşdırılmalıdır.

Həmin illərdə elmi avadanlıqların alınması, onların müxtəlif təhsil və elmi müəssisələrə ötürülməsi, satınalma qiymətləri, müqavilələrin şərtləri və ayrılmış dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi suallar mövcuddur.

Elmi avadanlıqların real bazar qiymətləri ilə satınalma sənədlərində göstərilən rəqəmlər arasında nə qədər fərq olub? Müəssisələrə verilən avadanlıqların faktiki dəyəri nə qədər təşkil edib? Dövlət vəsaitləri hansı mexanizmlərlə xərclənib? Bu əməliyyatların arxasında hansı şirkətlər dayanıb?

Bir sözlə, Elçin Babayevin Elmin İnkişaf Fonduna rəhbərlik etdiyi dövrün maliyyə fəaliyyəti müstəqil audit və hüquqi araşdırma predmetinə çevrilməlidir.

Əgər həmin dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi, süni qiymət artımları və ya digər maliyyə pozuntuları baş veribsə, bunlara hüquqi qiymət verilməlidir.

Bütün bunların fonunda daha bir mühüm sual ortaya çıxır:

Elmin İnkişaf Fonduna rəhbərlik etdiyi dövrdə fəaliyyəti ilə bağlı bu qədər araşdırılmalı məqam olan bir şəxsin Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən birinə rektor təyin edilməsi hansı maraqlardan irəli gəlirdi?

Kimlər onun arxasında dayanmışdı? Kimlərin təqdimatı və himayəsi ilə bu təyinat reallaşmışdı? Elçin Babayevin universitetə gətirilməsində hansı siyasi və şəxsi əlaqələr rol oynamışdı?

Bu sualların cavabı tapılmadan 2019-cu ildə baş vermiş rektor təyinatını anlamaq mümkün deyil.

Tələbələrin sevimlisi obrazı və yataqxanada baş verən faciə

2019-cu ildə rektor təyin olunan Elçin Babayevin ilk addımlarından biri özünü tələbələrin qayğısına qalan, onların problemləri ilə maraqlanan rəhbər kimi təqdim etmək oldu.

Yəqin ki, çoxlarının yadındadır: rektor təyin olunduqdan sonra qızlar yataqxanasına tort apararaq tələbələrlə görüşməsi, özünü onların dostu və qayğıkeşi kimi göstərməsi geniş nümayiş etdirilmişdi.

Ancaq universitet rəhbərliyi tort aparmaqla, şəkil çəkdirməklə və tələbələr qarşısında xoş təəssürat yaratmaqla ölçülmür. Rektorun əsas vəzifəsi tələbələrin həyat və sağlamlığının təhlükəsizliyini təmin etməkdir.

Təəssüf ki, qızlar yataqxanasında qazla işləyən kombi sisteminin quraşdırılması və sonradan baş vermiş faciəli hadisə Elçin Babayevin bu sahədəki idarəçilik məsuliyyəti ilə bağlı çoxsaylı suallar doğurdu.

Əldə etdiyimiz məlumatlara görə, kombi sisteminin quraşdırılması məsələsində rektorun özü və onun yeznəsi, təsərrüfat məsələləri üzrə müşaviri Fikrət Heydərov iştirak ediblər. İddialara görə, bu işlər müvafiq texniki təhlükəsizlik normaları lazımi səviyyədə təmin edilmədən həyata keçirilib.

Nəticədə gənc tələbə qız faciəli şəkildə həyatını itirdi.

Bu hadisənin məsuliyyəti kimlərin üzərinə düşürdü? Quraşdırma barədə göstərişi kim vermişdi? İşləri kim təşkil etmişdi? Texniki təhlükəsizlik normalarına kim nəzarət etməli idi? Niyə bu sualların hamısına aydın və ictimaiyyətin qəbul edə biləcəyi cavab verilməyib?

Daha bir ciddi məqam isə məsuliyyətin kimlərin üzərinə qoyulması ilə bağlıdır.

Mövcud məlumatlara görə, rektor öz nüfuzundan istifadə edərək məsuliyyəti kənarda saxlamağa çalışmış, əsas yükü isə universitetin komendantı Pərvaz Əsgərovun üzərinə yönəltmişdi. Halbuki, Elçin Babayev qızlar yataqxanasında olarkən yeznəsi Fikrət Heydərova bir gün ərzində kombinin quraşdırılması işlərini başa çatdırmaq tapşırığını yataqxada yaşayan tələbələrin önündə vermişdi.

Bir gəncin həyatına son qoyulması ilə başa çatan hadisədə rəhbərliyin məsuliyyətini aşağı vəzifəli əməkdaşın üzərinə qoymaqla və yeznəsinin adı hallanmasın deyə onu işdən uzaqlaşdırmaqla hadisənin reallığı cəmiyyətdən gizlədildi.

Burada söhbət adi təsərrüfat nöqsanından deyil, tələbələrin yaşadığı binada təhlükəsizlik qaydalarının təmin edilməsindən, verilmiş göstərişlərdən və həmin göstərişlərin nəticələrindən gedir.

Bir-neçə ay sonra universitet ərazisində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisəyə də ayrıca qiymət verilməlidir. Bu hadisənin universitetin təsərrüfat işlərindəki münasibətlər, fəhlələrə qarşı davranış və rəhbərlik tərəfindən yaradılmış gərgin idarəçilik mühiti ilə əlaqəsi olub-olmadığı müəyyən edilməlidir.

Universitetdə çalışan fəhlənin, texniki işçinin, komendantın və ya müəllimin hüquqları rektorun şəxsi münasibətlərindən asılı ola bilməz. Universitet rəhbərliyi öz əməkdaşlarına münasibətdə də məsuliyyət daşımalıdır.

Məhz Elçin Babayevin «tələbələrin sevimlisi» obrazının arxasında belə bir idarəçilik mənzərəsi dayanırdı.

4,5 milyon manatlıq «Tələbə evi»: Açılış 2019-cu ildə, sənədləşmə 2020-ci ildə!

Elçin Babayevin rektorluğu dövründə araşdırılmalı ən ciddi məsələlərdən biri də universitetin yataqxana ərazisində yerləşən «Tələbə evi» adlandırılan binanın tikinti və ya təmir işləri ilə bağlıdır.

2019-cu ilin avqustunda bir sıra televiziya kanallarının iştirakı ilə həmin obyektin təntənəli açılışı keçirildi. Məlumatlara görə, bu işlərə təxminən 4,5 milyon manat vəsait xərclənmişdi.

Amma burada diqqəti cəlb edən və ciddi şübhələr doğuran məqam obyektin açılış tarixi ilə maliyyə sənədlərinin rəsmiləşdirilməsi arasındakı uyğunsuzluqdur.

Açılışı 2019-cu ilin avqustunda keçirilən obyektin müqavilə və maliyyə sənədlərinin 2020-ci ildə rəsmiləşdirilməsi, xərclərin də həmin ildə uçotdan silinməsi barədə məlumatlar var.

El arasında belə bir deyim var: «Qız evində toydur, oğlan evi bundan xəbərsizdir».

Bəs, 2019-cu ildə açılışı keçirilən obyektin müqavilə və maliyyə sənədləri niyə 2020-ci ildə rəsmiləşdirilirdi? İşlərin faktiki görülmə tarixi ilə sənədləşmə tarixi niyə üst-üstə düşmürdü? Dövlət satınalmaları prosedurları bu halda hansı qaydada həyata keçirilmişdi?

Daha açıq desək, obyekt əvvəlcə təmir edilib, bir il sonra müqavilə bağlanıb, yoxsa sənədlər sonradan hazırlanaraq artıq başa çatmış işlərə görə vəsait uçotdan silinib?

Bu sualların cavabı müqavilələrdə, ödəniş tapşırıqlarında, qəbul aktlarında və maliyyə hesabatlarındadır. Həmin sənədlər yoxlanılmadan 4,5 milyon manatın necə və hansı əsaslarla xərcləndiyini müəyyən etmək mümkün deyil.

Lakin bir məsələ aydındır: belə böyük məbləğlər barədə ictimaiyyətin sual vermək hüququ var. Universitet rəhbərliyinin isə bu suallara cavab vermək öhdəliyi!

12 milyon, 24 milyon manat və təmir adı altında xərclənən vəsaitlər

Bakı Dövlət Universitetinin tədris korpuslarının təmiri ilə bağlı maliyyə əməliyyatları da Elçin Babayev dövrünün ən ciddi araşdırılmalı istiqamətlərindəndir.

2023-cü ildə 2 saylı tədris korpusunun əsaslı təmiri adı ilə 12 milyon manatdan artıq vəsaitin xərclənməsi barədə məlumatlar mövcuddur.

2026-cı ildə isə 1 saylı tədris korpusunun əsaslı təmirinə təxminən 24 milyon manat vəsait xərclənməsi məsələsi gündəmə gəlib.

İndi sual edirəm: Bu məbləğlər hansı layihə-smeta sənədləri əsasında müəyyənləşdirilib? Podratçı şirkətlər kimlər olub? Satınalma prosedurları necə həyata keçirilib? İşlərin faktiki həcmi və keyfiyyəti hansı müstəqil ekspertiza ilə təsdiqlənib?

Mütəxəssislərin ilkin rəylərinə görə, universitetin doqquzmərtəbəli 1 saylı korpusunun əsaslı təmiri təxminən 4-5 milyon manat civarında başa gələ bilərdi.

Əgər bu qiymətləndirmələr texniki ekspertiza ilə təsdiqlənərsə, onda 24 milyon manatla təxminən 4-5 milyon manat arasında yaranan fərqin izahı kimdən tələb olunmalıdır?

Burada söhbət bir neçə min manatdan getmir. Söhbət milyonlarla manat dövlət vəsaitindən gedir!

12 milyon, 24 milyon və digər iri məbləğlər üzrə satınalma və təmir layihələri tam yoxlanılmalı, müqavilələr, smetalar, faktiki iş həcmləri və ödənişlər üz-üzə qoyulmalıdır.

Əgər bu layihələrdə süni qiymət artımı, saxta sənədləşmə, mənimsəmə və ya digər qanun pozuntuları aşkar edilərsə, məsul şəxslər müəyyən olunmalı və qanun qarşısında cavab verməlidirlər.

Elçin Babayevin rektor kimi fəaliyyəti ilə bağlı bu sualların hamısı onun vəzifədən azad edilməsi ilə gündəmdən çıxmır. Əksinə, indi onların araşdırılması üçün daha ciddi ictimai və institusional tələb yaranıb.

Ramiz Mehdiyev amili, Brno görüşü və rektor təyinatının arxasındakı qüvvələr

Məsələnin ən maraqlı və eyni zamanda ən ciddi araşdırılmalı tərəflərindən biri Elçin Babayevin rektor təyin edilməsinin arxasında dayanan mümkün siyasi əlaqələrdir.

Ramiz Mehdiyev ətrafında formalaşmış siyasi çevrələrin dövlət idarəçiliyindəki mümkün təsirləri barədə cəmiyyətdə uzun müddətdir ciddi suallar səsləndirilir.

Bu baxımdan Elçin Babayevin həmin çevrələrlə əlaqələrinin olub-olmaması, rektor təyin edilməsində kimlərin rol oynaması və bu təyinatın arxasında hansı maraqların dayanması xüsusi araşdırma tələb edir.

2019-cu ildə baş vermiş bir hadisə də bu baxımdan diqqətdən kənarda qalmamalıdır.

Elçin Babayevin Avstriyanın paytaxtı Vyanaya səfəri zamanı Çexiyanın Brno şəhərində Eldar Həsənov, «Quska» və daha bir-neçə şəxslə görüşdüyü barədə məlumatlar mövcuddur.

Həmin görüşün məqsədi nə idi? Orada kimlər iştirak edirdi? Görüş üçün Ramiz Mehdiyevdən öhdəlik tapşırığı alan Elçin Babayevin bu görüşdə rolu nədən ibarət olub?

Ən başlıcası, həmin görüşdə Elçin Babayevə hansısa vədlər verilmişdimi? Əgər verilmişdisə, bu vədlərin mahiyyəti nə idi?

Əgər Elçin Babayevin rektor təyin edilməsində hansısa siyasi qruplaşmanın, «kölgə kabineti»nin və ya şəxsi maraqların rolu olubsa, bu məsələ açıq şəkildə araşdırılmalı və ictimaiyyət məlumatlandırılmalıdır.

Universitet rektorluğu kimlərinsə siyasi və şəxsi münasibətlərinin mükafatı ola bilməz!

Hüquq fakültəsinə ikinci ali təhsil adı ilə qəbul məsələləri də araşdırılmalıdır

Elçin Babayevin rektorluğu dövründə diqqətdən kənarda qalmamalı çoxsaylı istiqamətlər var ki, bunların sırasında ikinci ali təhsil adı ilə Hüquq fakültəsinə qəbul və imtahan prosesi xüsusi yer tutur.

Bu sahədə baş verən neqativ hallarla bağlı da ciddi suallar mövcuddur.

İkinci ali təhsil almaq istəyən şəxslərin qəbul mexanizmi necə müəyyənləşdirilirdi? İmtahanlar hansı prinsiplərlə keçirilirdi? Namizədlərə münasibətdə bərabər imkanlar təmin olunurdumu?

Qəbul və qiymətləndirmə prosesində şəffaflıq qorunurdumu?

Uzun illər kafedralarda müəllim və baş müəllim vəzifəsinə keçmək üçün növbə gözləyənlərin başı üstündən Elçin Babayevə yaxın və elmi dərəcəsi olmayan laborantların müəllim vəzifələrini necə tutduqları barədə çoxsaylı narazılıq doğuran suallar var.

Bu prosesdəki qeyri-obyektiv yanaşmalar, şəxsi münasibətlər və Elçin Babayevin ətrafındakı maraqların rolu da aydınlaşdırılmalıdır.

Hüquq fakültəsi qanunçuluğun, ədalətin və hüquqi düşüncənin tədris olunduğu yerdir. Belə bir fakültəyə qəbul prosesində şəffaflığın pozulması iddiaları xüsusilə ciddi yanaşma tələb edir.

Bir universitetin rəhbəri öz fəaliyyətində şəffaflığı və ədaləti təmin edə bilmirsə, həmin universitetin hansı hüquqi dəyərləri tələbələrə öyrədəcəyi ciddi suallar doğurur.

BDU-nun nüfuzunu kim və necə bərpa edəcək?

Bakı Dövlət Universiteti heç vaxt sıradan bir təhsil müəssisəsi olmayıb. Bu universitet Azərbaycan ziyalılığının, elmi düşüncəsinin və akademik ənənələrinin formalaşmasında müstəsna rol oynayıb.

Burada yetişən alimlər, müəllimlər, dövlət xadimləri və ictimaiyyət nümayəndələri ölkəmizin inkişafına böyük töhfələr veriblər.

BDU-nun nüfuzu onun binalarının təmirinə xərclənən milyonlarla manatla, təntənəli açılışlarla, tort aparılan tələbə görüşləri ilə və reklam xarakterli tədbirlərlə ölçülmür.

Universitetin nüfuzu elmi nailiyyətləri, professor-müəllim heyətinin səviyyəsi, akademik azadlığı, tələbələrin bilik və bacarıqları, obyektiv idarəçilik və sağlam elmi mühitlə müəyyən olunur.

Elçin Babayevin yeddi illik rəhbərliyi dövründə bu dəyərlərin nə dərəcədə qorunması ayrıca müzakirə mövzusudur.

Yeni rektor Məleykə Abbaszadənin qarşısında isə böyük məsuliyyət dayanır. O, ilk növbədə universitetin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil auditini təşkil etməli, əvvəlki dövrün satınalma və təmir layihələrinə yenidən baxılmasına şərait yaratmalı, müəllim və tələbələrin səsini eşitməli, universitetdə qorxu və şəxsi himayədarlıq üzərində deyil, akademik ləyaqət və peşəkarlıq üzərində qurulan idarəçilik sistemi formalaşdırmalıdır.

Amma bir həqiqət unudulmamalıdır: Yeni rektorun təyin olunması əvvəlki rəhbərin fəaliyyətinə dair məsuliyyəti aradan qaldırmır.

Elçin Babayevin vəzifədən getməsi onun rəhbərliyi dövründə baş vermiş hadisələrin, maliyyə əməliyyatlarının və mümkün qanun pozuntularının araşdırılmasına maneə olmamalıdır.

Bu yazı son deyil, başlanğıcdır!

Yuxarıda sadaladığımız məsələlər Elçin Babayevin yeddi illik rektorluğu dövründə araşdırılmalı olan problemlərin yalnız bir hissəsidir.

Elmin İnkişaf Fonduna rəhbərlik etdiyi dövrdən başlayaraq, BDU-ya təyinatının arxasında dayanan mümkün əlaqələrə, tələbə yataqxanasında baş vermiş faciəyə, Fikrət Heydərov və Pərvaz Əsgərovun roluna, 4,5 milyon manatlıq «Tələbə evi» layihəsinə, 12 milyon və 24 milyon manatlıq təmir işlərinə, ikinci ali təhsil adı ilə Hüquq fakültəsinə qəbul məsələlərinə qədər çoxsaylı suallar cavab gözləyir.

Bunların hər biri ayrıca araşdırma mövzusudur. Biz də həmin istiqamətlər üzrə araşdırmalarımızı davam etdirəcəyik.

Əlimizdə olan məlumatları, əldə ediləcək sənədləri, müqavilələri, maliyyə hesabatlarını və digər materialları ardıcıllıqla ictimaiyyətə təqdim etmək niyyətindəyik.

Bir daha vurğulayıram: söhbət kiminsə vəzifədən getməsinə sevinməkdən ibarət deyil. Söhbət dövlətin və xalqın etibar etdiyi bir universitetin yeddi il ərzində necə idarə olunmasından və bu idarəçiliyin nəticələrinə görə kimin məsuliyyət daşımasından gedir.

Elçin Babayevin vəzifədən azad olunması bir idarəçilik dövrünün başa çatmasıdır. Ancaq həmin dövrün hesabatı hələ verilməyib!

Ramiz Mehdiyev ətrafında formalaşmış çevrələrlə mümkün əlaqələr, Eldar Həsənovun sədrliyi ilə baş tutan 2019-cu ildəki Brno görüşü, universitetin maliyyə-təsərrüfat fəaliyyəti və rektorluq dövründə baş vermiş digər hadisələr üzrə cavablar tələb olunur.

Bakı Dövlət Universiteti heç kimin şəxsi ambisiyalarının, siyasi himayədarlıq münasibətlərinin və maliyyə maraqlarının sınaq meydanı deyil. Bu universitet Azərbaycan xalqının milli sərvətidir!

Və nəhayət, yazının əvvəlində qoyduğumuz suala qayıdaq:

Elçin Babayev vəzifəsindənmi azad olundu, yoxsa Bakı Dövlət Universiteti?

Bəlkə də universitet bu gün bir şəxsin rəhbərliyindən azad oldu. Amma onun yeddi illik idarəçiliyinin nəticələrindən azad olması üçün hələ çox iş görülməlidir. Çünki rektor vəzifədən gedə bilər, amma dövlət vəsaitlərinin taleyi, itirilmiş nüfuz, baş vermiş faciələr və cavabsız qalmış suallar onunla birlikdə yoxa çıxmır!

Bu məsələlər araşdırılmalı, sənədlər açılmalı, məsul şəxslər müəyyən edilməli və qanun qarşısında cavab verməlidirlər — Bakı Dövlət Universiteti bunu haqq, Azərbaycan elmi bunu tələb edir. Cəmiyyətin isə cavab almaq hüququ var!

Məhi ELSEVƏR,
“Araz” Media Qrupu MMC-nin Araşdırma Qrupunun rəhbəri

araz.az xəbər portalı.