
Vahid TAĞIYEV,
təcrübəli təhsil işçisi
Hazırda 2026–2027-ci tədris ilinin birinci yarımilində respublika üzrə imtahan və müsahibə mərhələlərindən uğurla keçərək məktəb direktoru seçilən namizədlərin təyinatı və kollektivlərə təqdimatı aparılır. Seçilənlər sırasında perspektivli kadrların adlarını eşitmək, əlbəttə, sevinc və gələcəyə inam yaradır. Bu xoş təəssüratla bağlı bəzi fikirlərimi ictimaiyyətlə bölüşmək istəyirəm.
Ömrünü təhsilə həsr etmiş bir şəxs kimi respublikanın təhsil ictimaiyyətini yaxından tanımaq imkanım olub. Ölkəmizin bütün şəhər və bölgələrində çalışan çoxsaylı qabaqcıl təhsil işçilərini, məktəb rəhbərlərini həm real həyatda, həm də sosial şəbəkələr vasitəsilə tanımışam. Çoxillik fəaliyyət yolum da buna geniş şərait yaradıb: Respublika səviyyəli konfranslarda və müxtəlif tədbirlərdə iştirakım, metodik kabinet müdiri işlədiyim dövrdə müəllimlərlə sıx əlaqələrim,
Bakı şəhərində Müəllimlər İnstitutunda təkmilləşmə kurslarına cəlb olunan müəllimlərlə metodist kimi fəaliyyətim, Respublika Təhsil Şurası yarandığı gündən onun xətti ilə apardığım işlər, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsahibələrdə bir-neçə il komissiya sədri olmağım, yaradıcı təhsil işçiləri ilə davamlı ünsiyyətim və sosial şəbəkələrdəki fəallığım bu əhatə dairəsini daha da genişləndirib.
Əminliklə deyə bilərik ki, Azərbaycan müəllimləri bu gün yüksək akademik bilik və çoxşaxəli yaradıcı fəaliyyət baxımından əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlara malikdirlər. Son illər müəllimlərin peşə hazırlığına verilən tələblər artıb; artıq ixtisasını bilməyən, hazırlıqsız müəllimə rast gəlmək çətindir. Bundan sonra onların peşəkar bacarıqlarının keyfiyyətini daim artırmaq qayğısına qalınmalıdır. Kiminsə fərdi narazılığından və ya prosesdəki müəyyən çatışmazlıqlardan asılı olmayaraq, bütövlükdə müəllimlərin indiki hazırlıq səviyyəsi son on ildə aparılan məqsədyönlü islahatların uğurlu nəticəsidir.
Aydındır ki, təhsilin keyfiyyətini yüksəltmək üçün bacarıqlı müəllimlərlə yanaşı, idarəetməni daim yenilənən tələblər əsasında düzgün quran, məsuliyyəti üzərinə götürməyi bacaran məktəb direktorlarının olması zəruridir. Məktəbin çoxşaxəli fəaliyyəti dərindən təhlil edilərək obyektiv qiymətləndirilməli, inkişafetdirici hədəflər müəyyən olunmalıdır.
Məktəb direktorunun idarəetmə bacarığı təhsilin keyfiyyətini yüksəldən, təhsil ocağını inkişafa aparan əsas strateji qüvvədir. Xüsusilə təlim-tərbiyə prosesində müəllimlərin peşəkar inkişaf ehtiyaclarına uyğun istiqamətləndirilməsi təmin edilməlidir. Eyni zamanda, məktəb direktorları vaxtlarını alan artıq kargüzarlıq işlərindən, çox vaxt lüzumsuz olan yazışma və hesabat yükündən azad edilməlidirlər.
Təxminən son on ildə məktəb direktorlarının şəffaf və obyektiv seçilməsi istiqamətində ciddi axtarışların aparıldığını görmüşük. Bəzən müəyyən maneələr və qarşıya qoyulan hədəflərə tam çatmayan yeniliklər olsa da, məktəb rəhbərlərinin seçilməsi və təyinatı ilə bağlı uğurlu mexanizmlərin tətbiqinin də şahidi olmuşuq. Bacarıqlı və layiqli kadrların obyektiv seçim əsasında direktor təyin olunmasında əməyi keçən hər bir şəxs dərin hörmətə layiqdir.
Hazırda məktəb rəhbərlərinin təyinatı sahəsində müsbət nəticələr yetərincədir. Öz biliyi, bacarığı və zəhməti ilə, heç bir təmənna güdmədən məktəb direktoru vəzifəsinə yüksəlmiş yüzlərlə gənc təhsil işçisi var və onların bir çoxunu şəxsən tanıyıram.
Bu günlərdə də çox sevindirici xəbərlər eşidirik. Respublikamızın müxtəlif bölgələrində bəzilərini əvvəldən tanıdığım, pedaqoji fəaliyyətinə, şəxsiyyətinə və davranışına böyük dəyər verdiyim insanlar məktəb direktoru təyin edilirlər. Həyatının mənasını illərlə təhsildə görən bir ziyalı kimi bu təyinatlar məni hədsiz sevindirir. Burada xeyli sayda ad çəkə bilərəm, lakin etik baxımdan bunun bəlkə də yerinə düşməyəcəyini düşünürəm. Çünki onların bəziləri bu böyük uğurun sevincini mənimlə bölüşürlər. Bu qeydləri də məhz həmin məmnunluq hissi ilə qələmə alıram.
Təhsildə yeniliklər, uğurlar və qarşıya çıxan çətinliklər həmişə olub və olacaq. Təhsil elə bir strateji sahədir ki, burada kosmetik yanaşmalar deyil, sistemli və ardıcıl fəaliyyət tələb olunur. Təhsil işçisi yalnız bütün varlığı və qəlbi ilə bu peşəyə bağlanmaqla uğur qazana bilər.
Yeni təyin olunan bütün məktəb rəhbərlərini səmimi-qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara əzmkarlıq, bol şans və uğurlar arzulayıram!
REDAKSİYADAN:
Ömrünü Azərbaycan təhsilinin inkişafına həsr etmiş, pedaqoji proseslərin həm nəzəri, həm də praktiki tərəflərinə dərindən bələd olan dəyərli ziyalımız Vahid Tağıyevin bu səmimi və analitik qeydlərini oxucularımızla bölüşməkdən məmnunluq duyuruq. Təhsil sahəsində zəngin təcrübəyə malik bir mütəxəssisin mövcud islahatlara və yeni kadr təyinatlarına verdiyi qiymət təkcə bir fərdin müşahidəsi deyil, həm də təhsil ictimaiyyətinin ümumi rəyini ifadə edən mühüm göstəricidir.
Müəllifin toxunduğu məqamlar çağdaş məktəb idarəçiliyinin qarşısında duran əsas strateji hədəfləri dəqiqliklə ümumiləşdirir. Redaksiya olaraq hesab edirik ki, yazıda yer alan bu dörd əsas tezis xüsusilə diqqətəlayiqdir:
— Şəffaf seçim və yeni nəsil liderlik: Son illərdə həm müəllimlərin işə qəbulu (MİQ), həm də direktorların seçimi prosesində obyektivliyin və meritokratiya prinsiplərinin güclənməsi təhsil müəssisələrinə yeni nəfəs, müasir düşüncəli və enerjili liderlər qazandırır;
— İnzibatçılıqdan strateji idarəetməyə keçid: Müasir məktəb direktoru sadəcə təsərrüfat və inzibati işləri icra edən şəxs deyil, tədris mühitini formalaşdıran, müəllimlərin peşəkar inkişafına yol açan əsas strateji qüvvədir. Təhsilin keyfiyyəti məhz bu baxış bucağından başlayır;
— Bürokratik yükün azaldılması zərurəti: Məktəb rəhbərlərinin lüzumsuz kargüzarlıq və hesabatlardan azad edilməsi ilə bağlı səsləndirilən fikir günümüzün ən aktual çağırışlarından biridir. Direktorun əsas enerjisi kağız üzərindəki rəqəmlərə deyil, canlı tədris prosesinə və şagirdlərin inkişafına yönəlməlidir;
— Davamlı və sistemli yanaşma: Təhsil kimi taleyüklü bir sahədə müvəqqəti və “kosmetik” dəyişikliklər deyil, yalnız sistemli, ardıcıl və ürəkdən gələn fədakar əmək davamlı uğur gətirə bilər.
İnanırıq ki, Vahid müəllimin bu dəyərli tövsiyə və müşahidələri həm yeni təyinat alan məktəb direktorları, həm də bütövlükdə təhsil ictimaiyyəti üçün faydalı yol xəritəsi olacaq. Redaksiyamız adından yeni təyin olunan bütün məktəb rəhbərlərini təbrik edir, gələcək nəsillərin yetişdirilməsi kimi şərəfli missiyalarında onlara uğurlar arzulayırıq!
araz.az xəbər portalı.