
Ümummilli Lider Heydər Əliyevin nəvəsi, ölkə başçısının qızı Leyla xanım Əliyevanı ölkənin geniş ictimaiyyəti Azərbaycan dövlətinin ən fəal gənc təbliğatçısı kimi yaxşı tanıyır. Gəncliyin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən Leyla xanımın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətinin möhkəm bünövrəsi İDEA-da qoyulub.
Yəni, Azərbaycan dövlətinin dünya miqyasında təbliği sahəsində gənclər üçün ən mükəmməl örnəyə çevrilən fəaliyyətinə ilkin olaraq, öz təşəbbüsü ilə 12 iyul 2011-ci ildə əsasını qoyub, yaratdığı İDEA İctimai Birliyinin xətti ilə başlayıb. Təsisçisi və Baş direktoru olaraq, bu önəmli qurumun adı altında Azərbaycanın unikal təbiətinin mühafizəsi, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşması işinə mühüm töhfələr verib. Ölkənin yaşıllaşdırılması üzrə aktiv fəaliyyət göstərən İDEA və Leyla xanımın sayəsində ölkənin ekologiyası etibarlı şəkildə müdafiə olunub.
Ən əsası odur ki, Leyla xanım bununla kifayətlənməyib və milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin təbliğinə, eləcə də diaspor hərəkatının genişləndirilməsinə ciddi fikir ayırıb. Azərbaycanın qədim ənənələrini və zəngin mədəniyyətini dünya çapında ən mükəmməl formada təbliğ etməsi də, çoxşaxəli fəaliyyətinin başlıca prinsipi kimi öz dəyərini qazanıb.
Hərtərəfli istedada malik Leyla xanım Əliyeva həm də fəal yaradıcı insan kimi tanınıb. Gözəl gələcəyə ümid verən sevgi dolu şeirləri, çəkdiyi mistik janrlı rəsm əsərləri, çəkilişi gedən filmin icraçı prodüseri və kinolayihə rəhbəri kimi uğurlu işləri də bir nümunəyə çevrilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, Leyla xanım Əliyevanın uşaq və yeniyetmələrin, daha çox kimsəsizlərin sağlamlığı, təhsili və hərtərəfli inkişafı naminə böyük layihələr həyata keçirməsi daim göz önündə olub. Müntəzəm olaraq, qayğıya ehtiyac duyanlarla görüşə tələsib, onların sağalmaları, fəal həyata qovuşmaları üçün əlindən gələni əsirgəməyib. Bu səbəbdəndir ki, bu gün Azərbaycanda xeyriyyəçiliklə, təhsil, səhiyyə və digər məsələlərlə bağlı böyük layihələrin həyata keçirilməsi, ilk növbədə, anasının — ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun özünün adlarıyla bağlıdır. Böyüyən nəslə qayğı kimi xarakterizə olunan, babasına və nənəsinə, atasına və anasına xas olan özəl keyfiyyətlər Leyla xanımın xarakterinə də dərindən sirayət edib və ona böyük rəğbət qazandırıb, hörmət-izzət sahibinə çevirib. Bir sözlə, tez bir zamanda ictimai-siyasi arenadakı seçilən və humanistliyə köklənən fəaliyyəti ilə ictimaiyyətin diqqətini cəlb edib.
Məhz buna görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, bu Fondun Rusiya filialının rəhbəri, təşəbbüsü ilə işıq üzü görən “Bakı” jurnalının Baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü kimi önəmli işlərə rəhbərlik də ona həvalə edilib.
Azərbaycan ictimaiyyəti fəaliyyəti müxtəlif sahələri əhatə edən, ölkənin gələcəyinin çiçəklənməsi naminə çalışan Leyla xanım Əliyevanın bu sahələrdə də, öz təşəbbüsüylə gerçəkləşdirib, həyata keçirdiyi bir çox mühüm layihələrə şahidlik edib. Bir də ki, rəhbəri olduğu bu layihələrin reallaşıb, uğur qazanmasında fərdi liderlik keyfiyyətləri, nəciblik və həmrəylik kimi digər insani xüsusiyyətləri, iradəsi və zəhmətsevərliyi xüsusi rol oynayıb. Daha doğrusu, öz təşəbbüsü ilə reallaşan bu kimi tədbirləriylə, ilk növbədə, daha çox sülhə, insanlığa və əməkdaşlığa xidmətdə seçilib. Bununla da, cəmiyyətin istəyi və Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti sanki bir uyğunluq təşkil edib. Gördüyü böyük işlər və reallaşdırdığı bütün layihələr cəmiyyətin fikrini hərtərəfli ifadə edib deyə, hər kəsi özünün və ideyalarının ətrafında getdikcə daha sıx birləşdirib…
Arazpress.com bildirir ki, bu fikirlər ictimai-siyasi publisistik əsərlər müəllifi kimi tanınan siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Leyla xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə bağlı yazdığı “IDEA-dan başladı” kitabının Azərbaycan Atatürk Mərkəzində dünən keçirilən geniş təqdimat mərasimində səsləndirilib. Özü də, insana qürur verən sözlərlə dolu bu fikirləri öz çıxışında təkcə müəllif yox, həm də kitab barəsində təəssüratlarını bölüşən digər natiqlər xüsusi olaraq vurğulayıblar.
Tədbirin açılışını edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bu kitabın ərsəyə gəlməsi ideyası, məqsədi və müəllifin onun üzərində apardığı ciddi yaradıcılıq işi barədə geniş fikirlərini tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Vaqif Abdullayev Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsinin öyərənilməsi məqsədi ilə bir sıra fundamental əsərlər qələmə alıb. Həmin kitablarında ölkə başçısı İlham Əliyev cənablarının bu istiqamətdə yürütdüyü uğurlu siyasətin dərin təhlilini də oxucuların diqqətinə çatdıra bilib.
Filoloq-dilçi alim ictimaiyyət arasında böyük rəğbət və ehtiram qazanan Vaqif Abdullayevin uzun müddət dövlət strukturlarında çalışan rəhbər və ölkə parlamentinə seçilən millət vəkili kimi müstəsna keyfiyyətləri barəsində də geniş danışıb.
Akademikin moderatorluğu ilə davam edən təqdimat mərasimində söz alan bir sıra tanınmış ziyalılar və media təmsilçiləri, elm və mədəniyyət xadimləri, ictimai fəallar və siyasət adamları da Vaqif Abdullayevin ərsəyə gətirdiyi nəfis tərtibatlı bu kitab barəsində xoş təəssüratlarını bölüşüblər. Şahin Əliyev, Sərdar Şəngül, Səkinə Bayramova, Musa Musayev, Rauf Qurbanov, Maisey Behtiyev, Yeganə Bayramova, Vidadi Rzayev, Asif Mərzili, Tofiq Abdullayev və digər natiqlər kitab haqqında xoş təəssüratlarını bölüşüb və əsərin əhəmiyyətindən ətraflı danışıblar. Deyiblər ki, Vaqif Abdullayevin bu kitabı Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətini, həyat missiyasını dəqiqliklə ifadə edir.
Açılış mərasiminin sonunda söz müəllifin özünə verilib. Vaqif Abdullayev Leyla Əliyevanın gördüyü möhtəşəm işlərdən və yaradıcılığından bəhs edərək, təqdim olunan kitabı haqqında ətraflı danışıb.
“Leyla xanımın həyata keçirdiyi humanitar təşəbbüslər və Azərbaycanın beynəlxalq tədbirlərdə layiqincə təmsil olunmasında göstərdiyi fəaliyyət qürur verir. Oxucular bu kitabımın vasitəsi ilə onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi ola, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərlər”, — professor çıxışını belə tamamlayıb.
Sonda qeyd edək ki, Vaqif Abdullayev qələmə aldığı belə kitablarıyla vətəndaşlıq borcunu ödəməyə çalışır və Ulu Öndərə dərin sədaqətini ifadə etmək üçün əlindən gələni əsirgəmir. Göründüyü kimi, müəllif Leyla Əliyevanın həyat yoluna həsr etdiyi “İDEA-dan başladı” əsərinin giriş sözündən tutmuş, onun ictimai-humanitar portretinin əsas cizgiləri, Ulu Öndərə layiqli xidmət nümunəsi, Azərbaycan ictimai diplomatiyasında yeni dalğa, milli-bəşəri ideyaların manifesti adlı 4 fəslinə də çox həssaslıqla yanaşıb.
“Araz” Media Qrupunun kollektivi də inanır və tam əmin olduğunu bildirir ki, Vaqif Abdullayevin digər əsərləri kimi, bu kitabı da ictimaiyyət arasında böyük marağa səbəb olacaq və rəğbətlə qarşılanacaq, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsinin öyərənilməsi baxımından zəngin elmi-siyasi mənbəyə çevriləcək.
Yeri gəlmişkən, diqqətinizə onu da çatdırırıq ki, yüksək tərtibatına görə seçilən “İDEA-dan başladı” kitabı “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC tərəfindən nəfis şəkildə çap olunub. Kitabın naşiri Tural Axundov, redaktoru Mustafa Çəmənli, bədii tərtibatçısı Aqil Əmrahov, buraxılışına məsul Elşən Məmmədov, koordinatoru Ruslan Ələkbərov, dizaynerləri Səbinə Məmmədova və Əmiraslan Zaliyev, korrektoru Mətanət Kərimova, texniki redaktoru Sədaqət Ələkbərovadır.
Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalı.