
Həyata keçirdiyi alqışalayiq hər bir işindən xəbər tutanda: “Vətənə, dövlətə, xalqa, millətə bağlılıq budur!” — deyirdik
Doğma kəndim Qursalıda doğulub, boya-başa çatan, həm də mənimlə eyni məktəbdə oxuyan Elman Əhmədovun o vaxtlar Azərbaycanın tanınmışları sırasında olması, bir jurnalist olaraq, məni barəsində yazmağa sövq edirdi. Bilirəm, deyəcəksiniz ki, onda belə birisi haqqında yaxşı bir yazı qələmə almağa nə vardı?! Amma bilirdim ki, onun haqqında yazı dərc etmək mənə olduqca çətin başa gələcək. Çünki əsasən ciddiliyi, dürüstlüyü və alicənablığı özünün həyat və fəaliyyət amalına çevirdiyindən xəbərim vardı. Bütün bunlara görə barəsində başdansovdu nəsə yazmaqdan çəkinir, çox ehtiyatlı şəkildə, yəni, hər cümləni ölçüb-biçərək yazmağı planlaşdırırdım…
…27 yaşını qeyd edərkən nazir müavini vəzifəsinə təyinat alan Elman Əhmədovla görüşümüz olduqca maraqlı, geri dönüb, barəsində yazmağım isə, olduqca çətin alındı — Göstərdiyim xarakterdə olan bu vəzifə sahibinin haqqında xoşuna gəlməyən artıq-əskik nəsə yazmağın ağır yükünün altından çıxmağın çətinliyini yaxşı bilirdim deyə. Nəhayətdə, bu məsuliyyət hissi altında hazırladığım olduqca maraqlı həmin yazını dərc etdim və oxuyan hər kəsin alqışını qazandım.
O vaxtdan bəri Elman Əhmədov haqqında nəsə yazmamışam. Bu yaxınlarda isə, 60 illik yubileyinin yaxınlaşdığından xəbər tutduğuma görə, onunla ikinci dəfə görüşməyə qərar verdim. Görüş zamanı məlum oldu ki, iyulun 20-sində doğum gününü — ailəsi və digər doğma-yaxınları tərəfindən 60 illik yubileyini yüksək səviyyədə keçirməyə ciddi hazırlıq gedir. Bu səbəbdən, yazımı tamamlayıb, dərc etməyimin qərarını dünəndən verdim…
…Elman Əhmədov özünü hamıya daxilən təmiz, vicdanı saf, milli-mənəvi dəyərlərimizə sadiq, ətrafı ilə davranışda çox seçilən dəyərli Vətən oğlu kimi tanıdıb. İctimaiyyət arasında ona böyük hörmət-rəğbət qazandıran insanpərvərliyi, mərdliyi, işinə sonsuz sevgisi, peşəkarlığı, özünəməxsus alicənablığı və digər xüsusiyyətləri haqqında tam olaraq yazmaq üçün xeyli vaxt tələb olunur. Üstəlik, belə yaxşı çox əməllərinin şahidi olmuşam deyə. Daha dəqiq desəm, həmkəndlim olduğu üçün, etdikləri, bir jurnalist olaraq barəsində çox şeylər yazmağıma imkanlar yaradıb.
Harada olmasından, işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, yaxşı bilirəm ki, doğma kəndimizdə usta, dülgər və bənna kimi yaxşı tanınan Ziyadxan dayının zəhmətkeş ailəsində dünyaya göz açan Elman müəllim nümunəvi dövlət məmuru kimi dövlətçiliyimizin qorunması uğrunda çalışıb, Vətənə vicdanla qulluq edib. Ölkə başçısının müdrik siyasətini və tapşırıqlarını rəhbər tutaraq, dövlətimizə böyük sədaqətlə xidməti ilə, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməklə el-obamızın fəxrinə çevrilib. Bir sözlə, bütün addımlarında dövlətimiz adından aparılan siyasəti dəstəklədiyi, bütün vətəndaşlara qayğı və diqqət göstərdiyi, ədaləti, haqqı əlində bayraqtək tutduğu göz qabağında olub.
1965-ci ilin iyul ayının 20-sində Qərbi Azərbaycanın Hamamlı rayonundakı Qursalı kəndində, zəhmətkeş ailəsində gözünü dünyaya açan Elman Əhmədovun böyük bir el-obanın fəxri olacağını heç kim bilməzdi də. Bu bir səbəbdir ki, onun belə yüksəlməsində dədə-baba ocağında aldığı ailə tərbiyəsi böyük rol oynayıb. Gənc yaşlarından ailəsinin etimadını doğrultmağa çalışdığı və bunu yetərincə bacardığı isə, əsas arqumentlərdən biri olub.
Baba-atası Qursalı və ona qonşu Saral kəndlərində ziyalıları ilə yaxşı tanınan, ötən əsrlərdən Qazaxın 2-ci Şıxlı kəndindən üzübəri Quqark bölgəsində də məskunlaşan böyük bir Qarakişilər tayfasının nüfuzuna nüfuz qatan təəssübkeş tayfa nümayəndələri kimi xatirələrdə özlərinə əbədi yer tutublar. Anası Zərxanım bibi də nüfuzlu bir tayfanın övladı — Qocalıların tanınan ziyalılarından biri kimi daha çox seçilən Məmməd Daşdəmirovun qızıdır. Oğlanlarının hamısı ali təhsilli tanınmış ziyalılardır.
…1972-ci ildə Qursalı kənd orta məktəbinin birinci sinfinə gedən Elman Əhmədov, 1982-ci ildə 10-cu sinfi əla qiymətlərlə bitirib və seçilənlərdən olub. Adi bir misal:
10-cu sinifdə oxuyarkən Həsən Məhərrəmovun rəhbərliyi altında Hamamlı (Spitak) rayonunda keçirilən riyaziyyat fənni üzrə Olimpiadada birinci, respublika səviyyəsində keçirilən olimpiadada isə, ikinci yeri tutub. Hətta qızıl medal almağa belə real namizəd olub, lakin prinsipial mövqe sahibi olduğu üçün, özü buna etiraz edib.
Orta məktəbi bitirən ildə şansı gətirməyib deyə, tələbə olmaq istəyinə çata bilməyib. Bir il 2 nömrəli Yol — Tikinti İdarəsində fəhlə kimi çalışıb. İşləyə-işləyə sənədlərini təkrar olaraq Azərbaycan Neft və Kimya İnstitutuna verib və iki beşlə, o vaxtlar eksperimental deyilən yolla Qaz-mədən fakültəsinə daxil olub. Burada oxuyarkən də, seçilən tələbə kimi özünü tanıdıb.
Birinci kursu bitirdikdən sonra — 1984 — 1986-cı illərdə həqiqi hərbi xidmət keçib. Xidmətini uğurla başa çatdırıb və ali təhsillini davam etdirib. Gündüz şöbəsində seçilən tələbə olsa da, axşamlar işləməkdən çəkinməyib. 1990-cı ildə ali məktəbi uğurla bitirib və mühəndis ixtisasına yiyələnib.
Vətənə, dövlətə, milli ənənələrə bağlılıq, xidməti borcunu vicdanla yerinə yetirmək, işinə məsuliyyətlə yanaşmaq… Elman Əhmədovun amalı olduğuna görə, çalışdığı müxtəlif sahələrdə seçilənlərdən olub və bu ona ictimaiyyətdə böyük hörmət qazandırıb.
Elman Əhmədov Yol — Tikinti Nazirliyində idarə rəisi, 1992-ci ildə — 27 yaşında Nəqliyyat Nazirliyində nazir müavini vəzifələrini tutub. 1996-cı ildə isə, Ulu Öndər Heydər Əliyevin prezident fərmanı ilə, Dövlət Yol Fondunun sədri vəzifəsinə təyinat alıb. 2002 — 2005-i ilərdə Nazirlər Kabineti yanında Daxili Bazarın Tənzimlənməsi Departamentinin sədri vəzifəsində çalışıb. 2005-ci ildən hüquq-mühafizə orqanlarında, hərbi prokurorluqda, 2006-cı ildən isə, Ağır Cinayətlər üzrə Respublika Hərbi Məhkəməsində çalışıb. Kiçik ədliyyə müşaviri, müşavir kimi dövlət qulluqçusu dərəcələrinə layiq görülüb. Hətta bundan sonra da, daha məsul vəzifəyə irəli çəkilib. 2019-cu ilə qədər Dövlət Sərhəd Xidmətində idarə rəisi vəzifəsində çalışıb.
Elman Əhmədov hansı sahədə işləməsindən asılı olmayaraq, kollektivdə böyük nüfuza malik olub. Fəaliyyəti dövründə doğma yurd həsrəti onu daha çox narahat edib. Qərbi Azərbaycandan olan soydaşlarına həmişə diqqət və qayğı göstərməklə, Qərbi Azərbaycan İcmasının işinə əlindən gələn köməyi göstərməklə təsəlli tapıb.
Elman Əhmədov səhhətində yaranan problemlərə görə, 2019-cu ildən təqaüdə çıxıb. Övlad-nəvəli gözəl ailənin başçısı kimi də, nümunə olaraq göstərilib.
Belə gözəl bir insan üçün 60 yaş nədir ki, hələ 100 də azdır. Elə bu arzu ilə, Qərbi Azərbaycanın Hamamlı Rayon İcması, Qərbi Azərbaycanın Bakı Şəhər Nərimanov Rayon İcması və Qursalı Kənd İcması kollektivləri adından və şəxsən öz adımdan Elman müəllimi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik! Böyük Allahımızdan arzumuz budur ki, Tanrı verən ömrünün qalan hissəsini doğma və yaxınları ilə birgə sağlam, firavan və daha mənalı keçirsin!
Xoşbəxtlik bir daha nəsibi olsun
Elman müəllimin! Tanrı onu qorusun,
60 yaşı mübarək!
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun rəhbəri.
araz.az xəbər portalı.