“Şəhidlər Xiyabanı ulusumuzun könül vuruşu, milli qurtuluş tariximizin ruhu, gələcəyimizin irsidir. Bəli, bura bir qədirbilənlik, vəfa ocağıdır. Lakin nə yazıq ki, bu qutsal məkan bir anlıq səviyyəsizliyə, mədəniyyətsizliyə, yad mənəviyyatsızlığa tuş oldu. Bir-neçə ərəb turistin qeyri-etik davranışları və onların bu yaramazlığı videoya çəkməsi cəmiyyətimizin vicdanını silkələdi, haqlı qəzəb doğurdu”.

Arazpress.com bildirir ki, bu fikirləri araşdırmaçı-yazar Əkbər Qoşalı Olaylar.az-a açıqlamasında deyib.

O bildirib ki, bu hadisə Azərbaycanın xarici ölkələr ilə münasibətlərindəki mənəvi qat baxımından həssasdır. Çünki uluslar arasındakı bağ müqavilələrlə yanaşı, qarşılıqlı sayğı ilə möhkəmlənir. Bir-neçə məsuliyyətsiz turistin davranışı bütöv bir ulusu ittiham etmək üçün əsas sayılmaya bilər — bu, təmkinli yanaşmadır; ancaq onların vətəndaşı olduqları ölkələrin diplomatik nümayəndəliklərinin məsələni görməzlikdən gəlməməsi, sayğı və məsuliyyət örnəyi göstərməsi də önəmlidir. Azərbaycanın qutsal məkanına sayğısızlıq – bütün müsəlman dünyası üçün də dərs olmalıdır. Müsəlman dünyası və ümumən tərəqqipərvər bəşəriyyət nəinki Şəhidlər Xiyabanına, ümumən hər hansı məzarlığa sayğısızlıq etməmək kimi bir mənəvi duruşa sahibdir.

“Bəli, Azərbaycan qonaqpərvərliyi ilə dünyaya açıqdır. Amma qonaqpərvərlik hər şeyi bağışlamaq demək deyil. Bəlli olay göstərir ki, turizm siyasətində əlavə maarifləndirmə addımları vacibdir:

–Ziyarətgahlarımızda davranış qaydaları barədə aydın lövhələrin qoyulması;
–Turizm şirkətləri və bələdçilər üçün xüsusi təlimatların hazırlanması;
–Xarici qonaqlara milli-mənəvi kodlarımızın tanıdılması.

Qonaq anlamalıdır ki, Şəhidlər Xiyabanı əyləncə yeri deyil — ruhunun dirəyi, yaddaşının qutsal səhifəsidir,” — deyə, araşdırmaçı-yazar qeyd edib.

Ə. Qoşalı vurğulayıb ki, toplumun hiddəti, dövlətin qətiyyəti bir daha sübut etdi: Azərbaycan qutsalına toxunanı bağışlamır. Həmin şəxslərin dərhal saxlanılması göstərdi ki, qanun da, ulus vicdanı da qırmızı çizgidən qırağa çıxanı cəzasız buraxmayacaq. Burada məsələ təkcə hüquqi deyil – bu, həm də milli yaddaşa, şəhidlərin ruhuna sayğı məsələsidir.

Şəhidlər Xiyabanı ulusun şəhadət qibləsidir. Onun qutsallığı toxunulmazdır. Kim bunu qanmazsa, həm qanun, həm də vicdan qarşısında cavab verəcəkdir. Azərbaycanın dövlət orqanları və ictimai fikri bir daha göstərdi ki, qutsalına toxunan heç kim cəzasız qalmayacaq.

Sevda DƏNİZ.

araz.az xəbər portalı.