Əvvəlcə öz ağlı, savadı, çalışqanlığı sayəsində ali məktəb qazanan bütün abituriyentləri və onların valideynlərini səmimi qəlbdən təbrik edirəm!

Sosial şəbəkələrdə sizin “qəbul” sevinclərinizlə, həyəcan və kövrəkliklərinizlə qarşılaşdığımda mən də kövrəldim, sevindim, ötən günlərə döndüm!
O vaxt universitetə test üsulu ilə qəbul olanda da, əlimə tələbə bileti alanda da, “Fərqlənmə” diplomunu sevinclə bağrıma basanda da sizin kimi çığlıq atıb, atdanıb-düşüb, sevinc göz yaşlarımı saxlaya bilməmişdim…

Bəli, “Bu sevinc bir gəncin gələcək üçün ən böyük yatırımıdır!” — deyə, düşünürdüm, düşünürdük, düşünürük!

Əslində isə elə deyil!

Mənim kimi çox sonralar bütün bu hisslərin heç də sevindirici bir gələcək verməyəcəyini anlayacaqsınız:

“Sevindirici gələcək”heç də siz xəyalını qurduğunuz, düşündüyünüz kimi deyil!

“İxtisasımı əla qiymətlərlə bitirim, zəhmətimlə, alın tərimlə, vicadanla fəaliyyətimə başlayım: Savadım, ixtisasıma aid qazandığım bilgilər, zəhmətim məni ucaldacaq, üzümə yeni-yeni qapılar açacaq!”.

Boş söhbətlərdir!

Min dənə ali təhsil diplomun, ağlın, savadın, dünyagörüşün, işinin peşəkarı olmağındansa, bir dənə “arxalı”, nüfuzu qılınc kimi kəsən yaxının olsun!

Məncə, uğur qazanmaq üçün nə yüksək keyfiyyətli ali təhsilə ehtiyac yoxdur, nə də vicdanla, zəhmətlə çalışmağa! Əsası odur ki, işlədiyin yer yaxın bir adamının olsun — əminin, dayının, xalaoğlunun, dayıoğlunun… Ali təhsil diplomun olmasa da, savadın, vicdanın, zəhmətsevərliyin olmasa da, sən orda işə gir! “İşlə” yox haa, işə gir!

O yaxın qohuma aftafa daşı, iş yoldaşlarından çuğulluq elə, torba tik, “müdir”dən gileylənən olsa, evini yıx, çörəyinə bais ol! Əsası odur ki, onda, boş beyinlə, paxıl qəlblə, elmdən başqa nə desən bilməklə müdirinin gözünə girmək bacarığın olsa, “uzun illərin əməkdaşı” adını qazandın!

İxtisasının peşəkarı olsan, hər gördüyün iş bütün tanıyanların alqışına səbəb olsa belə , savadı, ali təhsili olmayan, məntiqsiz düşüncə və təfəkkürə, ürəyi çirkin xıltla dolu olan “Aftafa”nın sayəsində rəhbərliyin gözündə bir heç olacaqsan!

Təbii ki, müdir də “Aftafa” ağıldadırsa!

Müdir sənin əziyyətini, peşəkarlığını, zəhmətini yox, çuğulçunun, səndən əskik birinin fitfasına gedirsə, ona inanırsa, sən yandın tələbə bala!

Mənasız ittihamların, qəzəbin, tənqidin, təhqirin hədəfinə çevriləcəksən! Dağ boyda zəhmətin gözə görünməyəcək, nöqtə boyda səhvin gündəm olacaq, əsəbləşdirəcəklər, qəzəbləndirəcəklər, əzaların ağrıyacaq, ürəyin ağrıyacaq, haqsızlığa etiraz etsən adına “həyasız” deyiləcək və elə ondan sonra da “başın ağrıyacaq”!

Tələbə bala!

Vallah səni qorxutmaq istəmirəm, (əslində bu həqiqəti valideynlərin də bilir) işlədiyin sahədə “arxan-köməyin” bir zəhmətin, bir də Allahdırsa, sən çooox çətin baş çıxararsan…

Yaltaqlanmağı öyrən, iş yoldaşına necə torba tikmək, müdiriyyətə xəbər daşımaq, beyin yumaq, qarşındakını uydurduğun yalanlara inandırmaq, vicdansız olmaq, paxıllığın yaratdığı pisliklər diktəsi ilə oturub, qarşı-qarşıya çörək yediyin, bir alanda hava udduğun iş yoldaşlarına necə dəhşət yaşatmağın yollarını öyrən!

Tələbə bala!

Dürüstlüklə, namusla, qeyrətlə, vicdanla bu ölkədə yaşamaq zülümdür, çox çətindir! Adamı xəstə salırlar, adama “həyasız” adı qoyurlar, adamı yeri gəldi-gəlmədi, sıxırlar, “sənə çörək veririk” deyib, sındırırlar, sındıra bilməyəndə də, çörəklə imtahan edirlər!

Uğur olsun, tələbə bala!

Əntiqə RƏŞİD ASLAN. 

araz.az xəbər portalı.