Adam var bütöv ömrü cəmi bir cümlə ilə və hətta yarımçıq cümlədə bitir.

Adam var ömründən səhərdən axşama yazırlar – kopolunun ömründən yazılan o boyda kitablardan bir cümlə də tapılmır ki, götürüb onu oğul-uşağa nəsihət əvəzi deyəsən!

Adam var küçə(sində alababat) adamdır, kəndi(ndə salam verilmək) boyda adamdır, uzağı-uzağı, şəhər icra hakimiyyətində “bəli, baş üstə” demək qədərincə böyüyür!
Elə adam da var ki, məsələn, Müəllimlər Müəllimi, Böyük Pedaqoq Əfruz Məmmədov kimi, ölümündən iyirmi il sonra da “necə insan olub” soruşsalar, oturub 40 min işarəlik yazı yazaram.

Söhbət Ali Hakimiyyət, Qanunverici və İcraedici ierarxiya təmsilçilərindən yox, XALQIN İÇİNDƏ yaşayan insanlardan gedir – tam əksəriyyəti “adamlar”dan ibarət kontingentin içində xalqdan olmaq və xalqın olmaq səadəti hər kəsə nəsib olan şərəf deyil! Taleyin və Tarixin qismətindən ay adamlar tanımışam ha!

İlqar Musa oğlu Həsənov barmaq sayı qədər olan nümunələrdəndir. Azərbaycanın harasında olsan, kiminlə otursan, söhbətin iştirakçılarından biri ya həmkar kimi, ya da vəzifə-status rakursundan böyük bir əxlaq sahibi olan insan kimi “tanıyırsanmı?” deyə soruşacaq! Gizlətmirəm, mənə ləzzət edib məclislərdə və məkanlarda məqamına və məramına görə məndən soruşulanda hacı Mehman Fərzullayevi və ya da… İlqar Həsənovu tanımağım.

BELƏ insanlar çox azdır: sadəcə, varlıqları, tanımağın yetir ki… ətrafa işıq düşsün, enerji artsın orbitdə.

İlqar Həsənovu (eləcə də əzizim hacı Mehman Fərzullayevi) çox vaxt don Karleoneyə oxşadıram: bircə kəlmə “mən onun dostuyam” demək bəs edir!

Əgər sən “mən onun dostuyam (həmkarıyam, tanışıyam)” sözünü vaxtında demisənsə… deməli, Azərbaycanın hər yerində İlqar Həsənovun işığından və enerjisindən bir pay da sənə düşəcək! “Sim-sim, qapını aç” paroludur İlqar Həsənov!
Bilmirəm, başqalarının uşaqlığı necə keçib, mənim uşaqlığım çox gözəl bir mənzərəyə şahid: qardaşım güllərlə-çiçəklərlə, quşlarla çox rahat danışırdı! Sevgiylə, ərklə, qarşılıqlı anlayışla: “söhbət etdiyi” güllər-çiçəklər, ağaclar-budaqlar-yarpaqlar, quşlar qəribə bir orbit yaradırdı. Görürdün ki, “müsahib”lər bir-birini başa düşür!

Zaman məni həyatın bütün dolanbaclarında ayaqyalın, başaçıq elədən eləyə, belədən beləyə sürüyəndə, hamıdan küsüb inzivaya çəkiləndə mənə həmdərd, müsahib hətta kitablar da ola bilməyəndə, Tanrı mənə Vahid MÜƏLLİMi ərməğan etmişdi. Məhz mən Vahid MÜƏLLİMin sayəsində gördüm ki, nə boyda sərvətim var!

Elə o ərəfələrdə ağlıma gəldi, zaman qənaətimi təsdiqlədi: görürsən ki, adam danışır, ölkədən, hakimiyyətdən, xalqdan, narazılığı, gileyi, eyni zamanda, pafoslu tərənnüm təqdimatı o qədər bəsit və gülüncdür ki, anlamır onun Azərbaycan kimi tükənməz bir sərvəti var! Eləcə də… İlqar Musa oğlu Həsənovu tanıyanlar, dost və iş yoldaşı olanlar fərqində deyil… nə boyda sərvətə sahibdirlər!

Deyirəm də… özümütəcrid dönəmlərimdə özüm üçün kəşf etdim. Bu, artıq mənim yaşam tərzimdir… Tanrıının sərvət olaraq mənə verdiyi SEÇKİN İNSANLARla həsbi-hal edirəm.

Bir də görürsən ki, Leyla xanım təəccüblə mənim seyrimi vurur həyət-baca işləri görəndə:

— Kiminlə danışırsan elə?
— İlqar Musayeviçlə.

Leyla xanım İlqar Musayeviçi də tanıyır, Hacı Mehmanı da. Gülağa Ağazadəni də.
Hər dəfə “kiminlə danışırsan elə” sualını verəndə adlarını çəkdiklərimlə nə söhbət edə biləcəyimi də təxmin edir!
Bu adamlarla, ilk növbədə, İlqar Musayeviçlə “söhbətləşəndə” artıq hiss olunur ki, müsahib bu dəfə kimdir və nədən danışırıq!

İlqar Musayeviç… İşığın və Enerjinin paylaşdırılması və bölüşdürülməsi yönündə ən əvəzsiz həmsöhbətdir, dostdur, həmkardır, xilaskardır!

Fizikanın işıq və enerji haqqında qanunları neçə ədəddir, necədir, öz yerində, amma İnsanlıqda İlqar Həsənovun ruhundakı-cismindəki İşığı və Enerjini bölüşdürməsi və paylaşması bir dənədir: hamıya bərabər miqdarda və… harada olmasından asılı olmayaraq: istər Gəncədə, istər Lənkəranda, istər Zaqatalada, istər Tovuzda ya Beyləqanda, ya da Qaxda-Qazaxda ol, fərq eləməz, İlqar Musayeviçin hamıya bərabər miqdarda paylaşdığı İşıq öz qədərində və Enerjisi yolda-rizdə miqdarını itirmədən gəlib çatacaq!

İlqar Həsənov bir az da birləşmiş qablar qanunudur, bil!
İlqar Həsənov bir az da insanlıq aksiomudur, bil!

İlqar Həsənov çoxlu aforizmləri, özünəməxsus deyimləri, saysız-hesabsız hədisləri (sizlər ona anekdot deyirsiniz) ilə yaddaşlarda həm də siyahısı tamamlanmaq bilməyən xeyirxahlıqlar qalereyasıdır!

Maraqlı və təqdirəlayiq bir tendensiya var həmkarların-dostların: hər ad günündə İlqar Musayeviçin statistik yaşını qeyd edirlər – adamlar ildə bir dəfə ad günü təbriklərində bütün özəlliklərini vurğyulayırlar. Bilirsiniz niyə?

Çünki İlqar Musayeviç ömrünün allah verən hər günündə yaxşılıqla nəfəs alır, İşıq və Enerji Payını bölüşdürür və paylaşır! Ad günləri bəhanədir! Yalnız Allahın xəzinəsi belə tükənməzdir – İlqar Musayeviçdə Allahın bu mərhəməti var: hər gün xeyirxahlıq!

Ən “zəif” xeyirxahlığı kiminsə uşağına ən yaxşı adı qoymaqdır! YƏNİ: İlqar Musayeviç hər evdə hansısa formada var!

Düzdür, mən dəqiq deyə bilmərəm digər yaxşılıq və xeyirxahlıqları ilə birgə İlqar Musayeviç neçə iş yoldaşının, dostunun, qohumunun uşağına ad qoyub, dəqiq deyə biləcəyim bircə ad var ki, İlqar Musayeviçin qoyduğu ad yanlışdır: adam da götürüb dədəsindən bir kişi olmadığı halda, balasına xan oğlunun adını qoyar? Adam öz səxavətinə, mərhəmətinə bu qədər də səhlənkar olmamalıdır axı!

Bəli, İlqar Musayeviç “səhlənkardır” – ağına-bozuna baxmadan HAMIYA yaxşılıq edir!

Bəli, İlqar Musayeviçin “səhvləri” var – əli nə qədər uzundursa, üzünü-özünü görmədiyinin də yoluna qaranlıqda İşıq salır!

Bəli, İlqar Musayeviç öləsi kopayoğlu olsa da, qapısına gəlibsə (eləsi var heç qapıya da gəlmir e, eləcənə əl atır telefona, bildiyi bütün nömrələrinə dalbadal yığır), ENERJİSİndən bir pay da ona ayağa qalxmağa ayırır!

İndi diqqətli oxucu olsa, İlqar Musayeviç haqqında yazılan bütün ad günü təbriklərini oxusa, durub deyə bilər:

— Nədir e düşmüsünüz əl-ayağa ki, İlqar Musayeviç xeyirxah insandır, işıqlı insandır, enerjili insandır, mərhəmətlidir, xeyirxahdır və s…

Hə-ə, əzizim, cəmiyyətdə kəm olanın pərsəngini düzəltməkdir insanlıq!
Bəli, əzizim, normal ölkədə, normal əxlaqla yaşayan xalq olsaydıq, biz İlqar Musayeviçin ali cəmiyyət üçün var olan üstün digər keyfiyyətlərindən yazardıq: təəssüf ki, bu gün yaşadığımız cəmiyyətdə biz İlqar Musayeviç kimi sərvətimizi… tamam fərqli təyinatda xərcləyirik!

Çünki bu ölkədə səlahiyyət yiyəsi öz qanuni mükəlləfiyyətini hətta adamın atası, teleşirkət rəhbəri, üstəlik də bunlar azmış kimi, MM deputatı da ondan iki dəfə xahiş edəndən sonra, qarnı ağrıya-ağrıya yerinə yetirir!

Əgər qanunun aliliyi təmin olunmuş ölkədə, rüşvət və korrupsiya olmayan idarəetmə sistemi olan cəmiyyətdə yaşasaydıq, biz İlqar Musayeviçdən çox gözəl bir yazıçı kimi danışardıq: 1500 işarəlik roman müəllifi olaraq!

Ensiklopedik bilgilərə, statistikası dəqiq informasiya bazasına malik olan, ən gənc müxbir olaraq, 55 il stajlı jurnalistdən söz açardıq!

Mənim ömrümdən cəmi üçcə il az olan jurnalistlik fəaliyyəti böyük bir pleyada formalaşdırmış ola bilərdi – İlqar Musayeviçin varlığı həm də ona görə dəyərlidir ki…

Nə qədər ki, rəhmətlik Şakir Yaqubov sağ idi, yazırdım ki, Şakir Yaqubova “əməkdar jurnalist” adı vetilməyən ölkədə mən nəyə iddia edə bilərəm?

Şakir Yaqubov dünyasını dəyişdi! Şakir Yaqubov ömründə söyüş söyməyən insan idi! Şakir Yaqubov nəinki toyda içən, heç oynamayan adam idi!

İlqar Musayeviç gəlib 66 yaşa çatıb – bir kimsə deyə bilməz ki, söyüş eşitmişəm dilindən – nəinki yazmağı ola!
İlqar Musayeviçə allah sağlıqlı uzun ömür versin, hələ də kimsə deyə bilməz ki, içib şuluq salıb: əvvəla, səhhəti imkan vermir, ikincisi də…

Zalım balası, bəs sən onda hansı prinsiplərlə… ƏMƏYİ VƏ PEŞƏKARLIĞI… mükafatlandırırsan, dəyər verirsən?

Yaxşı, Aydın Canın adı gələn kimi deyirsən ki, söyüş söyür, içir, bazlıq edir, zalım, bəs axı Şakir Yaqubov içmirdi də, söymürdü də, bütün şüurlu həyatını da Azərbaycan Dövlətinin təbliğinə, tərənnümünə həsr etdi, üç kitabı çıxıb, biri Heydər Əliyevdən, biri Banişevskidən, biri də 20 yanvar faciəsindən…

Şakir Yaqubovu başa düşdük… axı, İlqar Musayeviç də araq içmir, söyüş söymür, bazlıq eləmir, “Azadlıq” qəzetində köşə yazmayıb, “Yeni Müsavat”a informasiya ötürməyib, bütün şüurlu həyatını Azərbaycan Dövlətinin uğurlu daxili və xarici siyasətinin yerlərdə təbliğinə həsr edib!

YAZININ YARIZARAFAT-YARIGERÇƏK SONLUĞU:

Bir dəfə Heydər Əliyevə Ramiz Mehdiyev bir kadrı təqdim edir: savadlıdır, bacarıqlıdır, zirəkdir, işgüzardır, alıb-verməıyi bacarır, pulda dəqiqdir…

Heydər Əliyev sözünü kəsir Ramiz Mehdiyevin, deyir ki, bunları saxla görüm, de görək, etibarlıdır, sədaqətlidir, ya yox? Ramiz Ənvəroviç də kişi kimi boynuna alır ki, onu deyə bilmərəm!

İndi deməyim bu ki, İlqar Musayeviç həm savadlıdır, həm işin qaydasını, siyasi etiketləri, subordinasiyanı bilir, siyasi yetkinliyi yüksək səviyyədədir, üstəlik də etibarlıdır, sədaqətlidir, hələ bir həm də əxlaqlıdır, sizə day nə lazımdır ki?

66 – rəqəmə fikir verin: Dümdüz yaşanan ömür yarıbayarı burulub-əyilib-əydirilib e! Amma və lakin… mən əminəm ki, İlqar Musayeviçin Vətən, Dövlət, Xalq qarşısında xidmətləri öz yerində, Tanrı qarşısında Xeyirxahlıq İbadəti o qədər alidir ki, biz onu yenidən dik görəcəyik: o, bu ömrü – 6-ların altında əyilən dönəmi tərsinə çevirib, 77-yə qaldıracaq, dikəldəcək! Öz qəddini də, Söz qəddini də düzəldəcək!

Ona qədər isə yadda saxlayın dediyimi: arada zarafata dostlara deyirəm ki, a bala, mən talış ola-ola, saat 12-cən bu qədər dərin düşünə, qərar verə bilirəmsə, sizə nə olub 24 saata yaralı barmağı dezinfeksiya edə bilmirsiniz?

O ad-mükafat yazan hər kimdisə, saat 12-cən imkanı olan talışdan da o yanadır: 24 saat da bəs eləmir… doğru qərar verməyə!
Bəhanə araq içmək, söyüş söyməkdirsə, bazlıq və s neqativlikdirsə, atam balası, bu meydan, bu şeytan, bax da qaddan alım, gəncəlilər demiş…

Axı İlqar Musayeviç də, İlham İsmayıl da, Fəxri Uğurlu da ayrı leveldədirlər!

NB: Mən İlqar Musayeviçin 55, 60, 65 yaşında çox gözlədim! Elə İlham İsmayılın da, Fəxri Uğurlunun da!
Fəqət… mətbuatın 150 illik yubiley dönəmində Yaftıməli ilə Tükəzbanı meydana çıxartdılar toy toğlusu kimi!
Şərtlər, prinsiplər nə idi, bilmədim!

Əzizim İlqar Musayeviç, səni 77 yaşında “polnıy komplekt” titullarınla təbrik etmək diləyiylə,

Möhtərəm və möhtəşəm Aydın CAN!

P.S. Başqası olsaydı, o məşhur lətifədə olduğu kimi (başqasının dədəsini mənim dədəmin dalına qoşma), deyərdi, ay Aydın, məndən yazmısan, məni təbrik elə də, başqalarını niyə əzizləyirsən məndən olan yazıda? Bax, İlqar Musayeviç həm də belə İşıq və Enerji Generatorudur – qısqanclıq deyilən bir hissi yoxdur! İlqar Musayeviç yaxşıya və yaxşılara sevinən unikal imzadır!

araz.az xəbər portalı.