İyunun 5-i və 6-da Gəncə şəhərində regional gənclərin böyük marağına səbəb olan “Avropa Şəhərciyi — 2026” festivalı baş tutub. Ölkə gənclərinin fərdi və peşəkar inkişafında müstəsna rol oynayan “Sağlam Düşüncə” Gənclər Təşkilatı, tədbirdə Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramlarının Azərbaycandakı rəsmi məlumat mərkəzi qismində xüsusi stendlə təmsil olunub.

Tədbir təşkilatçıları tərəfindən Arazpress.com-a daxil olan məlumata görə, iki gün davam edən regional festival çərçivəsində “Sağlam Düşüncə” Gənclər Təşkilatının nümayəndələri və rəsmi məlumat koordinatorları regional gənclərlə aktiv dialoq quraraq, onlara Avropa İttifaqının təqdim etdiyi geniş təhsil və inkişaf imkanlarını çatdırıblar. Stendi ziyarət edən yüzlərlə gəncə beynəlxalq mübadilə proqramları, Avropada qısamüddətli və uzunmüddətli təlim kursları, həmçinin tam maliyyələşdirilən könüllülük fəaliyyətləri barədə ətraflı və praktiki məlumatlar təqdim olunub.

Təşkilatın rəsmi nümayəndəsi Səadət Təhməzzadə mövzu ilə bağlı bildirib: “Bizim üçün regional gənclərlə birbaşa ünsiyyətdə olmaq, onların gələcək hədəflərini dinləmək və beynəlxalq layihələrə çıxışlarını asanlaşdırmaq olduqca qürurverici bir təcrübə idi. Gəncədə müşahidə etdiyimiz bu yüksək potensial və Avropa proqramlarına olan böyük maraq, gələcək fəaliyyətlərimiz üçün bizə əlavə motivasiya verir”.

Gənclərin beynəlxalq layihələrdə iştirak meyarları, müraciət qaydaları və bu proqramların onların fərdi karyera yollarındakı üstünlükləri barədə çoxsaylı sualları peşəkar komanda cavablandırılıb.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı ölkəmizdə sağlam gəncliyi, inklüzivliyi və gənclərin fəal vətəndaşlığı istiqamətində həyata keçirdiyi uğurlu layihələrlə regional səviyyədə nüfuz qazanıb. Təşkilat gələcəkdə də Azərbaycan gənclərinin qlobal miqyasda rəqabətədavamlı fərdlər kimi yetişməsi, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və regionlarda yaşayan gənclər üçün yeni inkişaf imkanlarının təşviqi istiqamətində fəaliyyətlərini artan dinamika ilə davam etdirəcək.

araz.az xəbər portalı.